Axtarış...

Hökumət Qarabağ qazilərini sosial müdafiədən məhrum edib - Qanunun ləğv edilən 19-cu maddəsi qazilərə niyə tətbiq edilməyib?

Hökumət Qarabağ qazilərini sosial müdafiədən məhrum edib - Qanunun ləğv edilən 19-cu maddəsi qazilərə niyə tətbiq edilməyib?

Qarabağ qazilərinə qarşı ögeylik , ayrı-seçkilik pensiya təminatında da tam çılpaqlığı ilə üzə çıxır. “Əmək pensiyaları haqqında” 07.02.2006 tarixli 54-lllQ saylı Azərbaycan Respublikası Qanununun 19-cu (“Əmək pensiyasının sığorta hissəsinə əlavələr”) maddəsi 29.12.2020-ci il tarixli qanunla ləğv edilib. Sözügedən maddə qüvvədə olduğu 15 il ərzində Qarabağ qazilərinə tətbiq edilməyib. Öncə “Əmək pensiyasının baza hissəsinə əlavələr” adlandırılan 19-cu maddənin 1.7 bəndinə əsasən, müharibə ilə əlaqədar 1-ci dərəcə əlilliyi olan şəxslərə 110, 2-ci dərəcə əlilliyi olanlara 77 , 3-cü dərəcə əlilliyi olanlara 55 manat pensiyalarına əlavə hesablanmayıb. Eyni zamanda , Qarabağ müharibəsi veteranı olan pensiyaçılara da 19.1.6 bəndinə əsasən , cəmi-cümlətanı 11 manatlıq əlavə də hesablanmayıb. Halbuki , 19.1.8 bəndi əsasında Böyük Vətən müharibəsi ( bu ifadənin özü belə düzgün seçilməyib ) ilə əlaqədar 1-ci dərəcə əlilliyi olan olanlara 154, 2-ci dərəcəlilərə 121, 3-cü dərəcəlilərə və iştirakçılara 99 manat əlavə hesablanıb. Qarabağ Vətən savaşı qazilərinin “Böyük Vətən” veteranlarından 10 dəfə az təminatla “qayğılandığı” ortadadır. Hələ üstəlik qanunla nəzərdə tutulan onqat az məbləğin özü də Qarabağ qazilərinə, veteranlarına verilməyib! (?) Məhkəmə hakimiyyəti də bu məsələyə “ikili standart” sərgiləyərək bir çox hallarda həmin maddəni Qarabağ qazilərinə tətbiq etməyib. Əsas kimi qanunun 20-ci və 29-cu maddələrini önə çəkən məhkəmələr, nədənsə, 20-ci maddənin “Qulluq stajına görə əmək pensiyasına əlavələr” adlandırılmasını unudurlar. Bir də, axı, 19-cu maddə qazilərə tətbiq olunmayacaqdısa, niyə qanuna salınıb? Məhkəmə hakimiyyətini bir qırağa qoyaq, bəs Konstitusiyanın 133-cü maddəsi ilə qanunların icrasına və tətbiqinə nəzarət etməyə görəvləndirilən (baş) prokurorluq orqanları, maliyyə nəzarətini həyata keçirən Maliyyə Nazirliyi, Hesablama Palatası, Ombudsman, Ədliyyə Nazirliyi, Nazirlər Kabinetinin özü niyə və nəyə görə susub? Belə çıxır, hərə öz payını alıb özünü lal-karlığa qoyub ? Özbaşınalığa baxın, 15 il qüvvədə olan maddə ilə pensiyalarına əlavə haqq edən Qarabağ qaziləri sosial pensiya təminatından qıraqda qalıb , amma ən azı Konstitusiya Məhkəməsinə belə müraciət edilməyib! Halbuki, bu NK-nın, Ombudsmanın birbaşa səlahiyyətlərinə aiddir.

Son çağlar, əvvəllər olduğu kimi, başlıca suç yiyəsi olaraq ƏƏSMN hədəfə alınıb. Bu qurumu müdafiə etməkdən uzağıq, açıq -aşkar görünür ki, sözügedən nazirlik və tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Qarabağ qazilərinə qanunla ayrılan pensiyaya əlavəni təkbaşına yeyə bilməz. Bu qurum, uzaqbaşı, məhkəmə ilə qeyri-prosessual münasibətə girib, ayrı-ayrı iddialar üzrə qanunsuzluq edə bilər, bu yekəlikdə özbaşınalıq mütəşəkkil dəstənin “sosial müdafiə” işinə bənzəyir! Məhkəmədən söz düşmüşkən, Qarabağ qazilərinin iddialarının mümkün sayılmaması pensiya ödəyən qurumun özbaşınalığına haqq qazandırmaq amacı güdür. Təsəvvür edin, (inzibati ) məhkəmə iddiaçı Qarabağ qazisinin iddiasını mümkün saymır ki, qazi vaxtında cavabdeh ƏƏSMN yanında DSMF-in pensiya ödəyən idarəsinə müraciət etməyib! (?) Qəribə məntiqdir, hüquqi təhsili olmayan qazi hardan bilsin ki, onun pensiyası düzgün hesablanmır? Qarabağ qazisi heç pensiyası yarıqat ediləndə xəbər verilmir ki, niyə və nəyə görə sosial təminatı yarımçıqdır, onda qala gizlədilən normativ -hüquqi aktdan xəbəri olsun. Əslində, vurğuladığımız kimi, prokurorluq və digər bağlantılı orqanlar qanunun icra və tətbiq edilməsini tələb etməyə və qanuna uyğun tədbirlər görməyə borcludurlar. Bunu etmirlərsə, deməli, “torbada pişik var”.

Qarabağ qaziləri Prezidentin 26.12.2001 tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında “ Fərmanının 1-ci bəndinə əsasən müəyyən edilmiş 26 manatlıq aylıq müavinətdən və 29.12.2000 tarixli 597 saylı “Əlil olmuş və digər kateqoriyadan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” Sərəncamının 1-ci bəndi ilə doğrulanan 1-ci, 2-ci və 3-cü dərəcə müharibə əlilliyinə müvafiq olaraq 14, 12 və 10 manatlıq aylıq müavinətdən də 20 ildir məhrum ediliblər. Maraqlıdır ki, prezident

sözügedən fərmana 05.01.2021 tarixli 1244 saylı fərmanla dəyişiklik edərək, “köhnə pulla” göstərilən 130 min manatı 26 manatla əvəz edib, amma sərəncamdakı 70, 60 və 40 min manatlıq müavinətləri ƏƏSMN rəhbərliyi “yadına salmayıb”. Hər iki akt qüvvədədir və icrası məcburidir. Lakin hələ də qazilər dövlətin bu sosial qayğısından da qıraqda qalıblar.

Bu günlərdə ƏƏSMN 13 minə yaxın pensiyaçının vaxtında almadıqları, az hesablanan pensiyalarının bərpa edildiyini bildirib. Hələ ki, bu 13 minin içində qazilər yoxdur. Görəsən , Qarabağ qazilərinə qarşı ayrı-seçkiliyə, ögeyliyə haçan son qoyulacaq?

Məğrur Bədəlsoy
DİA.AZ
Text-to-Speech

DİNLƏ






Şərh yaz