Xəbər verdiyimiz kimi, türkiyəli mafiya başçısı Sedat Peker Dubaya getdikdən sonra “Youtube” vasitəsilə qalmaqallı məlumatların olduğu videolar yayımlamağa başladı. Bu hadisə Türkiyədə gündəmə çevrildi. Ana müxalifət lideri, digər partiya başçıları, keçmiş dövlət adamları, ölkənin Daxili İşlər Nazirliyi belə, bir anda prosesin ortasında yer aldı. Müxtəlif açıqlamalar verildi, Türkiyədə yüksək vəzifəli şəxslərin, deputatların cinayətlərdə əli olduğu iddia edildi. İstefalar istəndi.
Yeniavaz.com xəbər verir ki, Sedat Peker yayımladığı görüntülərdə iki azərbaycanlı barədə xüsusilə danışdı. Onlardan biri Mübariz Mənsimov, digəri isə İstanbulda öldürülən kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovdur. Bu məlumatlar yayılanda ağıla ilk gələn sual, “Sedat Pekerin Türkiyədən qovulması, haqqında qırmızı bülleten çıxarılması ilə iki azərbaycanlının nə əlaqəsi var?” sualıdır. Peker yayımladığı 3-cü videoda “Lotu Quli” ləqəbli Nadir Səlifovdan danışır. O, “dərin dövlət” başçısı adlandırdığı Mehmet Ağar adlı şəxsin “Lotu Quli”ni Türkiyəyə Mübariz Mənsimovu öldürtmək üçün çağırdığını bildirir. Mövzuya davam etməzdən əvvəl Mehmet Ağarın kim olduğuna nəzər salaq.
Mehmet Ağar Türkiyə polis sistemində müxətlif illərdə yüksək vəzifələrdə çalışıb. 1996-cı ildə Türkiyənin daxili işlər naziri təyin edilir. Nazir işlədiyi müddətdə Türkiyədə böyük səs-küyə səbəb olan “Susurluk hadisəsi” baş verir. 3 noyabr 1996-cı ildə axşam saatlarında Susurluk ilçəsinin Çatalceviz bölgəsində “Mersedes” markalı avtomobilin yük maşınına çırpılması nəticəsində ağır yol-nəqliyyat hadisəsi olur. Həmin “Mersedes”də Türkiyə Cümhuriyətinin Polis Rəisinin keçmiş müavini Hüseyin Kocadağ, DYP (Doğru Yol Partiyası) Şanlıurfa millət vəkili Sedat Edip Bucak və "Mehmet Özbay" adına saxta şəxsiyyət vəsiqəsilə İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan Abdullah Çatlı adlı cinayətkarın birlikdə olduğu ortaya çıxır. Qəzada Abdullah Çatlı ilə Hüseyin Kocadağ dünyasını dəyişir.
Abdullah Çatlının adı Türkiyədə bir çox cinayətlərdə, sui-qəsdlərdə hallanıb. Bu hadisədən sonra Türkiyə hökuməti böyük araşdırlamalar başlatdı. Dövlətlə mafiyanın əlaqəli olduğu iddia edildi, hadisə tarixə “Susurluk skandalı” deyə düşdü. İki dövlət adamı ilə bir məşhur cinayətkarın nə üçün bir yerdə olması bir çox şayiələrə gətirib çıxardı. Araşdıramalar nəticəsində Türkiyənin daxili işlər naziri Mehmet Ağarın məsələ ilə birbaşa əlaqəsi olduğu bildirildi. Mehmet Ağar 1996-cı ilin noyabrında nazir vəzifəsindən istefa verir.
Peker bildirir ki, “Lotu Quli” haqqında Türkiyədə cinayət işi açılıb. Ancaq, bütün bunlara baxmayaraq müəmmalı şəkildə onun barəsində heç bir tədbir görülməyib:
“Lotu Quli” barəsində türk polisini öldürməsi ilə bağlı cinayət işi açılır və saxlanılır. "Quli" otaqda ikən Mehmet Ağar polis rəisinə zəng edib onu buraxdırır. Belə bir cinayətdə adı hallanan şəxs necə azadlığa çıxa bilir? Daha sonra deportasiya edilir. Ancaq Mehmet Ağar onu Mübariz Mənsimovu öldürməsi üçün yenidən Türkiyəyə gətirir. Haqqında deportasiya qərarı verilən "Quli" Türkiyəyə gəlir. Bunu prezidentlər belə edə bilməz. "Quli" mənə zəng edib bu barədə danışdı, dedim ki, qardaşım, gəlmə, mən də orada yoxam, başına iş gələr. O isə Mehmet Ağarla yaxşı münasibətlərinin olduğunu bildirdi və Türkiyəyə gəldi”.
Peker bildirir ki, Nadir Səlifov Mehmet Ağarın çağırışı ilə Mübariz Mənsimovu öldürmək üçün Türkiyəyə gəlir. Bəs bu qətl nə üçün törədiləcəkdi?
Bu mövzuya keçməzdən əvvəl “Palmali” şirkətlər qrupunu başçısı Mübariz Mənsimov haqqında qısa məlumatlara baxaq.
Mübariz Mənsimov 1998-ci ildə Türkiyəyə gəlib. Sürətli bir şəkildə işləri yaxşılaşır. 2006-2007-ci illərdə çox vacib razılaşmalara imza atır. “Lukoil” və SOCAR-la razılaşma əldə edir. Onların neftini iri tankerlərlə daşımaq barədə qərara gəlinir. Bu səbəblə Mənsimov 270 tanker alır və dünyanın ən böyük dəniz yolu ilə yük daşıyan şirkətlərindən birinə çevrilir. 2007-ci ildə böyük iş adamı olur və Ərdoğanın istəyi ilə Türkiyə vətəndaşlığı verilir. 2014-cü ildə Türkiyənin ən varlı 10 iş adamından birinə çevrilir. “Forbes” jurnalında dünyada ən varlı 500 biznesmen sırasına daxil olur. Bodrumda 2011-ci ildə liman satın alır, 100 milyon dollar pul qoyur və milyard dollarlıq bir obyektə çevirir. Bu vaxtlarda Ərdoğan ailəsi ilə yaxınlaşır. Bilal Ərdoğanla birlikdə işləməyə başlayır. Türkiyədəki siyasətçilərlə arası yaxşılaşır. Mehmet Ağarla əlaqələrini genişləndirir. Ancaq 2018-ci ildə işlər dəyişir. Neftin qiyməti düşür, beləcə indiki hadisələrin əsası qoyulur.
Türkiyəli araşdırmaçı jurnalist Cevheri Güvən iddia edir ki, neftin qiymətinin düşməsilə "Lukoil" və SOCAR M. Mənsimovla imzalanan razılaşmaya xitam vermək istəyir. O isə bildirir ki, həmin razılaşmalar səbəbilə çox sayda gəmi alıb, dünya banklarından bu iş üçün yüksək məbləğdə kredit götürüb. Əgər sazişə xitam verilsə işində ciddi problemlər ortaya çıxacaq. M. Mənsimov əlində tutarlı sənədlər olduğu üçün, beynəlxalq məhkəmələrə şikayət edəcəyini deyir. Çünki, həmin şirkətlər razılaşmaya əsasən müqaviləyə xitam verə bilməzdilər. Ancaq "Lukoil" razılaşmaya xitam verdiyini açıqlayır. SOCAR da Mənsimovun gəmilərinin limanlarına yaxınlaşmasını qadağan edir. Bu səbəblə Mənsimovun işləri bir anda kilidlənir. Buna görə, Mübariz Mənsimov İngiltərəyə gedir, beynəlxalq məhkəməyə şikayət edir və 2 milyard dollar dəyərində böyük cinayət işi açılır. İşlər bundan sonra qarışır. Mənsimova qarşı təzyiqlər artır. Beləcə 2019-cu ildə o, Fəthullah Gülənlə əlaqəli məhkəmə işində günahkar bilinərək haqqında cinayət işi açılır. Ancaq bir müddət sonra iş bağlanır. Həmin vaxtlarda maraqlı hadisə baş verir. Mehmet Ağar Bodrumdakı limanın idarə heyətinin sədri olan oğlunun yerinə keçmək istəyir. Nəticədə 1 illiyinə həmin limanın direktoru olur. 2020-ci ilin əvvəllərində yenidən Mübariz Mənsimov barəsində cinayət işi açılır. Mehmet Ağar da rəhbəri olduğu limandan heç bir səbəb göstərmədən Mənsimova təzyiqlər göstərməyə başlayır. Mənsimov bunu anlamır və mətbuat açıqlamaları verməyə başlayır. O bildirir ki, Mehmet Ağar onun var-dövlətini əlindən almaq üçün tələ qurub. Mübariz Mənsimov bu prosedura qarşı çıxa bilmək üçün Sedat Pekerə müraciət edir və onu qorumasını istəyir. Sedat Peker də beləcə özü də bilmədən böyük bir hilə ilə qurulan işə qarışmış olur. Sedat Peker də həmin vaxtlar, Ərdoğana yaxınlığı ilə bilinir, siyasətçilərlə birlikdə hərəkət edir, mitinqlər keçirirdi. Mehmet Ağarın necə bir gücə sahib olduğunu anlamadan işə daxil olur və Mübarizi qorumağa başlayır. Çünki, Sedat Pekerin ona gələn bir şəxsi qoruya bilməməsi onun nüfuzdan düşməsinə və başçılıq etdiyi qruplaşmanın dağılmasına gətirib çıxara bilərdi. Ona görə, Peker Mənsimovu var qüvvəsilə qorumağa başlayır.
Pekerin iddialara görə, Mehmet Ağar bütün bu işləri naməlum qüvvələrin istəyi ilə həyata keçirir. Nadir Səlifov Mehmet Ağarın istəyi ilə Mübarizi öldürmək üçün Türkiyəyə gəlir. Sedat Peker bunu öyrənir. Ancaq, onunla arası yaxşı olduğu üçün "Quli" Pekerin istəyi ilə Mübarizi qətlə yetirmir. Nəticədə bir neçə gün sonra Nadir Səlifov öz yaxın adamı tərəfindən müəmmalı şəkildə qətlə yetirilir. “Dərin dövlət” başçısı Mehmet Ağar və əlaqədə olduğu şəxslər Sedat Pekeri zəiflətmədən Mübarizlə bağlı işə son verə bilməyəcəklərini anlayırlar. Nəticədə Sedat Pekerə qarşı tədbirlər başlayır.
Mehmet Ağar istəyi ilə İstanbulun polis rəisi rəsmi şəkildə dəyişdirildiyi deyilir və Sedat Peker barəsində cinayət araşdırmaları başladılır. Peker bu barədə polisdəki əlaqələrindən məlumat alır və ölkədən qaçır. Beləcə Mübariz Mənsimov mühafizəsiz qalır. Artıq onun öldürülməsi üçün də heç bir səbəb qalmır. Mənsimov həbsə atılır. O həbsdə həmişəlik qalacağını bildiyi üçün geri addım atır, SOCAR və “Lukoil”la bağlı məhkəmə şikayətini geri çəkir.
Peker isə çətin vəziyyətə salındığını, haqqında günahsız yerə cinayət işi açıldığını, ailəsinə qarşı hörmətsizlik edildiyini və Mübarizə söz verdiyini bildirirək Mehmet Ağara qarşı “müharibə” başladır. Bu günə qədər 5 video yayıb, milyonlarla insan tərəfindən izlənilib. Peker intiqam alacağını bildirərək bir çox cinayətlərin və qalmaqallı hadisələrin üstünü açacağını söyləyib. Pekerin daha 10 video yayımlayacağı gözlənilir.(Yeniavaz.com)