Unun hər tonuna görə 35 manatlıq subsidiya dayandırılır. Tarif Şurası çörəyin və səbətə daxil olan digər zəruri məhsulların qiymətini tənzimləyir. Subsidiya isə sahibkarlara, xüsusilə də taxıl, un, buğda istehsalı ilə məşğul olan sahibkarlara dəstək vermək üçündür. Sözügedən 35 manatlıq subsidiya məhz ona görə idi.
Və un məmulatlarının qiymətində artım olarsa, bu, zidiyyət təşkil etmiş olacaq. Əgər subsidiya götürülsə, çörək və digər un məmulatlarının qiymətlərində artım istisna edilmir. Hazırda bu məsələ ilə bağlı ictimaiyyət arasında çoxsayılı müzakirələr aparılır.
O ki qaldı bu fəaliyyətlə məşğul olan sahibkarların özlərinin vəziyyətinə, düzdür, 35 manat çox şeyi dəyişmir, amma həmin subsidiyanın dəyişdiyi, dəstək verdiyi meyarlar var.
Bundan sonra vəziyyət necə olacaq? Bu hal un və un məmulatlarının qiymətlərinə nə kimi təsir göstərə bilər? Rusiyadan idxal olunan un və un məmulatlarının qiymətində ciddi bir dəyişiklik yoxdur. Digər tərəfdən subsidiya dayandırılıb.
Taxıl mövsümünün başlamasına da bir müddət var. Buna görə də indiki vəziyyətdə un və un məmulatlarının qiymətinin hansı istiqamətdə dəyişəcəyi maraqlı məsələdir. Ən əsası odur ki, süni qiymət artımı olmasın.
Rusiyadan buğda ixracı ilə bağlı azalan kvotada da dəyişiklik yoxdur. Belə olan halda, subsidiyanın yalnız iki aylıq tətbiqinin səbəbi nədən ibarətdir?
İqtisadçı ekspert, sabiq deputat Nazim Bəydəmirlinin AYNA-ya şərhində un və un məmulatlarının qiymətində hər hansı artımın olacağını gözləmədiyini deyib: “Çünki un və un məmulatlarının qiyməti ildən-ilə hökumət üçün həssas mövzuya çevrilir. Onların obyektiv səbəbləri olaraq qiymətin artmasına şərait yaransa belə, hökumət sahibkarları bu və ya digər formada qiymətləri artırmamağa məcbur edir. Yəni inzibati yollarla tənzimləməyə cəh edir”.
“Biz bunun yanlış olduğunu dəfələrlə dilə gətirmişik. Eyni zamanda il ərzində bir neçə dəfə həmin məhsullara davamlı olaraq ƏDV-nin, gömrük rüsumunun idxaldan götürülməsi və ya tətbiq olunması yaxşı hal deyil. Ona görə də bu, bir daha sübut edir ki, gömrük və vergi siyasəti vahid mərkəzdən idarə olunmalıdır. O zaman davamlı ola bilər”, - deyə həmsöhbətimiz bildirib.
İqtisadçı hesab edir ki, bu addım Dövlət Taxıl Fondunda keçən ildən alınmış, toplanan taxılın, buğdanın satışa çıxarılması ilə bağlı olacaq: “Onlar yerli istehsalçılara təqdim olunacaq. Ona görə də qiymət stabil olaraq qalacaq. Rusiyanın da tətbiq etdiyi aksiz vergiləri taxıl biçini mövsümündə, təqribən ay yarımdan sonra elan etdikləri kimi aradan qalxacaq. Ona görə də unun qiymətində artım olacağını düşünmürəm. Əvvəldə də qeyd etdiyim kimi, bu, hökumət üçün həssas mövzudur. Yanlış olaraq bu, inzibati yollarla tənzimlənir”.
Baydəmirlinin fikrincə, Azərbaycanın gömrük siyasəti daxili istehsalı qorumaq adı ilə, əslində yerli monopolist şirkətlərin marağına xidmət edir: “Ona görə də unun qiymətinin artmaması üçün idxaldan olan ƏDV-ni götürmək lazım idi. Hökumət bu addımı atmadı. Və hökumət bu addımı ilə vətəndaşların mövqeyini üstün tutmaqdansa, yerli monopolist şirkətlərin tərəfini tutdu. Bu isə çox təəssüf doğuran addımdır”.