Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilə qədərki dövr üçün formalaşdırdığı Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesinə ali məktəblərin təsirinin qiymətləndirilməsinə həsr olunan reytinqinin nəticələri açıqlanıb. "Times Higher Education" (THE) 2021-ci il üçün “THE İmpact Ranking” reytinqini açıqlayıb. Siyahıda Azərbaycanın da bir neçə universitetinin adı yer alıb. Sevindirici haldır ki, ilk dəfə olaraq reytinqə ölkəmizdən 6 ali təhsil müəssisəsi düşüb, onlardan ikisi xüsusilə yüksək nəticə göstərib.
Belə ki, Azərbaycan üzrə ən yaxşı yerdə qərarlaşan universitetlər sırasında Xəzər Universiteti və Qərbi Kaspi Universiteti yer alıb. Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti də siyahıda yer alıb. Azərbaycan universitetləri 401-601, 80-1-dən 1001-ci yerədək sıralanıb.
Azərbaycan universitetlərinin digər universitetlərlə müqayisədə aşağı yerdə olmasının müxtəlif səbəbləri var. Ali məktəbə sənəd verən tələbələrin bir qisminin gözləntiləri özünü sübuta yetirmir. Universitet illərinin ilk iki ilində demək olar ki, orta təhsil məktəblərində keçirilənləri təkrarlayan tələbələr sonrakı illərdə də əsasən nəzəri biliklərlə yüklənmiş olurlar. Bəzən hətta buna görə tələbələr təhsillərini belə, yarımçıq qoyurlar.
Sputnik Azərbaycan ölkədə ali təhsil müəssisələrinin reytinqinin aşağı olmasının səbəblərini araşdırmağa çalışıb.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Universitetlərin çevik qərar qəbuletmə imkanları yoxdur. Eyni zamanda da maddi texniki baza imkanları zəifdir, elektron kitabxanaları yoxdur. Pandemiya dövründə biz bir daha sübuta yetirdik ki, informasiya elmləri, informasiya təhlükəsizliyi üzrə kadr hazırlamalı olan universitetlər özləri belə xarici ölkələrin "Micrasoft Teams", "Zoom" kimi proqramlarından yararlanmış oldular. Elektron kitabxanalar aşağı səviyyədədir və elektron qiymətləndirilmə yoxdur. Baxın, hazırda Azərbaycanın 51 ali təhsil ocağında 182 min tələbə təhsil alır ki, onun da 167 mini bakalavr pilləsindədir. Hazırda ölkədə ali təhsilli şəxslərin sayı azdır, yəni bu rəqəm 17 faizdir. Ümumiyyətlə, əmək bazarı üçün çevik işçi qüvvəsi olan gənclərin ali təhsilə cəlb olunması faizi aşağıdır. Ən yaxşı halda orta-ümumtəhsil məktəblərinin məzunlarının 80 faizini təhsilə cəlb etməliyik. Onlar gələcəkdə əmək bazarına daxil olanda ən azı müəyyən sahədə bilikli şəxs olurlar. Bir qəbul ilində ali təhsil məktəblərinə 147 minə yaxın tələbə qəbul edilsə də, 4 ildən sonra bu şəxslərin yalnız 42 faizi ixtisası üzrə işləyə bilir. Onların 58 faizi ya işləmir, ya da ixtisası üzrə çalışmır. Bu da onu göstərir ki, Azərbaycanda ali təhsil müəssisələri əmək bazarının tələbinə cavab verən və müasir standartlara uyğun kadr hazırlamır. Bunun əsas səbəbini biz son 30 ildə ali təhsil müəssisələrində keçirilən dərslərə baxaraq da görə bilərik".
"Bu zaman 30 illə müqayisədə hazırkı ildə dərslərdə elə bir ciddi fərq görməyəcəyik. 2003-cü ildə Bakı Dövlət Universitetinə qəbul olunanda eyni fəndən, eyni kitablardan dərs keçirdik, hansı ki, 2021-ci ildə də həmin kitablardan istifadə olunur. Bütün universitetlərin maddi-texniki bazasına baxanda görürük ki, 30 ildə elə bir ciddi dəyişiklik olmayıb. Hətta babamın diplomuna belə baxanda görürdüm ki, ötən əsrin 40-50-ci illərində keçirilən dərslər indi də keçirilir", - deyə təhsil eksperti əlavə edib.
K.Əsədov bildirir ki, ali təhsil müəssisələrinin dünya reytinqində yer alması üçün bir neçə vacib nüans var. Ekspert bu nüasnlardan söz açır: "İlk olaraq belə müəssisələrin xaricdən qəbul etdiyi tələbə sayıdır. Bu gün Azərbaycanın 51 ali təhsil müəssisəsində cəmi 5 min 600 xarici tələbə oxuyur. Bakının yarısı boyda olan Sinqapurun iki universietində oxuyan xarici tələbə sayı 80 mindir. Türkiyədə oxuyan xarici tələbələrin sayı 160 mindir. 2023-cü ildə dünyada 10 milyon xarici tələbənin olması proqnozlaşdırılır. Azərbaycan universitetlərinin isə xaricdən tələbə qəbul etmək imkanları çox aşağıdır. Çünki xarici dildə keyfiyyətli təhsil verə bilmirlər, bununla belə təhsil haqları çox yüksəkdir. İkinci problem isə yataqxana məsələsi ilə əlaqədardır ki, biz hələ də bunları həll etməmişik. Laboratoriyaların da aşağı səviyyədə olması bu problemlərdən biri hesab edilir. Bundan başqa, yaş senzinin də böyük rolu var".
O bildirir ki, ali təhsil müəssisələrində çalışan heyətin böyük əksəriyyətinin, 35 min müəllimin 70 faizinin yaşı 50-dən yuxarıdır: "Texniki fənləri tədris edənlər arasında demək olar ki gənc müəllim yoxdur. Yəni, ali təhsil müəssisələrində gənc kadrlar ya yoxdur, ya da ki, çox azdır. Bu da təbii ki, birmənalı şəkildə keyfiyyətə təsir göstərir. Ali təhsil müəssisələrində monitorinq aparanda gördüm ki, onlar hələ də 10 illərdir ki, eyni mövzunu tədris edirlər".
"Azərbaycanda 51 universitetdən yalnız 5-i müasir çağırışlara cavab verir. Türkiyə, İranın elə universitetləri var ki, təhsil haqqı bizdən aşağı olsa da, reytinqdə bizdən yuxarıdır. Bizim ixtiralarımız demək olar ki, yoxdur. Bu problemləri aradan qaldırıb, ali təhsil səviyyəsini qısa müddətdə dirçəltmək mümkündür," - deyə o əlavə edib.
K.Əsədov ali təhsil müəssisələrinin uğursuzluqlarından da söz açıb: "Bu gün Azərbaycan alimləri, Azərbaycan elmi dünyada ciddi qəbul olunmur, bizə heç bir istinad yoxdur. Çünki kəşflərimiz yoxdur. Baxın, bizdə AMEA, yaxud da elə ali təhsil müəssisələrinin kafedraları özləri nə işlə məşğuldur?! Elmi Şuradakı məlum çıxışda onların nə işlə məşğul olduqlarını da gördük. Yəni, Azərbaycan təhsili, Azərbaycan məktəbi budur: qohum-əqrəbalarını, görüşdüklərini, münasibətdə olduqlarını gətirib yığıblar ora. Bu şəxslər necə akkreditasiyadan keçib, çox maraqlıdır. Bir nəfər də soruşmur ki, ay qardaş, niyə 30 ildə bir normal universitet formalaşdıra bilmirik? 27 universitet pedaqoji kadr hazırlayır, sonradan hazırlaşdırdıqları kadrlar müəllim yanına gedir ki, müəllimlərin işə qəbulu imtahanına girsinlər. Niyə, çünki universitet o kadrı hazırlaya bilmir".
"Ali təhsil müəssisələrinin "uğur"u ancaq odur ki, yeni rektor kürsüyə əyləşər-əyləşməz öz qohumlarına oradaca vəzifə verir. Onlar üçün ən böyük "uğur" budur," - deyə ekspert əlavə edib.
Millət vəkili Şahin Seyidzadə isə bildirir ki, dünya universitetlərini əhatə edən və reytinq cədvəlini açıqlayan “The Times Higher Education (THE)”-nın “THE Impact Rankings 2021” siyahısında ölkəmizin ali təhsil müəssisələrinin göstəricilərinin aşağı olmasına baxmayaraq, keçmiş dövrlərlə müqayisədə müsbət nəticənin ortaya çıxdığı müşahidə edilir: "Belə ki, 2019-cu il üzrə reytinq cədvəlinə nəzər salan zaman, Azərbaycan heç bir universitetlə təmsil edilmədiyi halda, 2020-ci ildə bu göstərici ilə 2 universitet, 2021-ci ildə isə artıq 6 universitetin təmsil olunduğunu görə bilərik. Gördüyünüz kimi, son illər Azərbaycan universitetlərinin beynəlxalq reytinq cədvəllərində mövqeyi güclənir və burada pozitiv trendlər müşahidə etmək mümkündür".
"Ümumiyyətlə, beynəlxalq səviyyədə təhsil müəssisələrinin müxtəlif meyarlar əsasında reytinqlərini açıqlayan “QS EECA University Ranking”, “The QS World University Rankings”, “SCIMAGO Institutions Rankings”, “UniRank”, “THE Impact Rankings” kimi bir çox qurumlar mövcuddur. Fərqli qurumlar fərqli reytinq yanaşmaları tətbiq edirlər. Məsələn, beynəlxalq və genişmiqyaslı reytinq araşdırmaları aparan “The QS World University Rankings”-ın universitetlərin siyahıda yer qazanması üçün “təhsilin əlçatanlığı”, “məzunların kadr bazarında yer tutması”, “əcnəbi tələbə və müəllim heyəti səviyyəsi”, “beynəlxalq təcrübə tətbiqi”, “universitetin elmi fəaliyyətdə istinadlara müraciət etməsi” kimi meyarları mövcuddur. Yəni bütün bu məsələyə konseptual xarakterli və müxtəlif istiqamətlərdən yanaşmaq lazımdır. Bu istiqamətdə işlər davamlı olaraq aparılır", - deyə millət vəkili əlavə edib.
O bildirir ki, reytinq cədvəlində yer tutulması, eyni cəhətdən ümumilikdə bu cədvəldə daha yüksək göstərici ilə ortaya çıxmaq istiqamətində işlər davamlı olaraq aparılır: "Elm və təhsil sahəsində dayanıqlı inkişafın təmin edilməsi üçün artıq Azərbaycan universitetləri məqalələrin dərc olunduğu, təcrübə mübadiləsi aparıldığı müxtəlif platformalara üzv olur. Sözsüz, daha yüksək nəticə əldə etmək üçün zaman lazımdır. Artıq zaman keçdikcə, bu məsələ ilə bağlı fərqli və başqa nəticələr əldə etmək mümkün olacaqdır".
"Onu da qeyd etmək lazımdır ki, artıq Azərbaycan ali təhsil müəssisələrinin milli reytinqinin yaradılmasına zərurət var. Yerli rəqabətlilik sistemi ali təhsil müəssiələrimizin beynəlxalq təhsil ailəsinin bir parçası olmasına da əsaslar yaradacaq.
Mövcud istiqaməti əhatə edəcək fəaliyyətlər çərçivəsində hazırda Azərbaycan Respbublikasının “Ali təhsil haqqında” qanunu hazırlanır. Hazırlanacaq bu qanunun əsas vəzifələrindən biri də məhz Azərbaycan ali təhsil müəssisələrinin müxtəlif beynəlxalq standartalara uyğun fəaliyyətinin təşkilidir ki, o da öz növbəsində beynəlxalq reytinq göstəricilərində yüksək yer almasına əsaslar yaradacaq", - deyə millət vəkili əlavə edib.