Nazirlər Kabineti uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydaları təsdiq edib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan qrup evlərinə qəbulu və qrup evlərini tərk etməsi qaydaları Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilib, həmçinin qrup evlərində uşaqlara xidmətin təşkili, onların təminatı və yaşayış şəraiti ilə bağlı məsələlər tənzimlənib.
Eyni zamanda, Qərarda uşaqların qrup evlərinə qəbulu və qrup evlərini tərk etməsinə dair zəruri sənədlərin siyahısı təkmilləşdirilib, qrup evlərində yaşayan uşaqların hüquq və vəzifələri müəyyənləşdirilib. Qrup evlərində 0-18 yaşarası uşaqlara qayğı göstərilir. Uşaqlar qrup evlərinə 6 yaşınadək qəbul edilirlər.
Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərində uşaqlar münasib yaşayış şəraiti ilə təmin olunurlar. Həmin müəssisələrdə xidmətlər psixoloqlar, sosial işçilər və sosial xidmətçilər tərəfindən həyata keçirilir.