Axtarış...

Uşaq pulu necə reallaşdırıla bilər? - ARAŞDIRMA

Uşaq pulu necə reallaşdırıla bilər? - ARAŞDIRMA


Uşaq pulu sosial dövlət siyasətinin bir parçası olmaqla yanaşı, ölkəmizdə müxtəlif zaman dilimlərində ictimai müzakirəyə çıxarılan, hökumətin ağır tənqid və qınaq obyektinə tuş gəlməsinə səbəb olan aktual mövzulardan biridir.

Uşaq pulunun verilib-verilməməsiylə bağlı müxtəlif və bir-birinə kifayət qədər zidd mövqelər olsa da, bu prosesin forma və şəkliylə bağlı təəssüf ki, heç bir tərəf geniş fikir ortaya qoymuş deyil.

Uşaq pulu üzərindən populist çıxışlarla xal qazanma cəhdi də doğru deyil, “içi doldurulmamış” təkliflər, sadəcə, boş qazandan çıxan səsi xatırladır.

Buna görə də, bu mövzunu qismən daha geniş şəkildə izah etmək və fikirlərimi sizinlə bölüşmək qərarına gəldim.

Öncə, uşaq pulunun sosial dəstək aləti olaraq formalaşma səbəbinin bir ölkənin əhali artımını təbii yollarla təmin etmə ehtiyacından ortaya çıxdığını bilmək lazımdır.

Yəni, əhalisi azalmaqda olan, doğum/ölüm nisbətində mənfi göstəricisi qeydə alınan bir ölkənin əhali artımını təşviq məqsədiylə istifadə etdiyi sosial rıçaqlardan biridir.

Hal-hazırda dünya təcrübəsinə nəzər yetirsək, bir neçə məqamı xüsusilə qeyd etməkdə fayda var.


Qərb və Avropa ölkələrində uşaq pulu

İnkişaf etmiş qərb və Avropa Birliyi ölkələrinə baxsaq, bu məsələnin nə qədər fərqli və kompleks şəkildə ələ alındığını görəcəyik.

Avropa Birliyinə üzv ölkələrdə uşaq pulu ilə bağlı vahid sistem yoxdur, sadəcə, ölkələrə görə qoyulan fərqli kriteriyalar və yardım növləri var.

Məsələn, Almaniyada 1 uşağa görə aylıq 219 avro (418 manat) yardım nəzərdə tutulubsa, Yunanıstanda bu rəqəm sadəcə 5 avro, 87 sentdir (təxminən 12 manat).

Fransada isə ilk uşaq üçün illik gəlir kriteriyası var, Avropa Birliyi ölkələri arasında ailənin illik gəlirləri nəzərə alınmadan uşaq pulu ödəyən ölkələrin sayı 7-dir.

Avropa Birliyi ərazisində ən yüksək uşaq pulu 265 avro (530 manat) olmaqla Lüksemburqda verilir.

Uzaq ABŞ-da bir başa ödənilən uşaq pulu yoxdur. Kəskin əhali artımına ehtiyac duyan Kanadada isə bu sosial yardımın məbləği kifayət qədər yüksək olsa da, illik gəlirə indekslənib.


Qonşu ölkələrdə uşaq pulu

Şimal qonşumuz Rusiyada hər doğulan 2-ci uşağa görə, təxminən 8 min dollarlıq bir dəfəlik sosial yardım olsa da, aylıq uşaq pulunun verilməsi prosesi natamamdır.

O cümlədən, qardaş Türkiyədə ilk doğulan uşaq üçün 300 türk lirəsi (62 manat), 2-ci uşaq üçün 400 (83 manat), 3-cü uşaq üçün isə 600 türk lirəsi (125 manat) bir dəfəlik yardım verilir. Qardaş ölkədə də aylıq uşaq pulu müavinəti yoxdur.

Cənub qonşumuz İranda isə uşaqlar üçün (18 yaşına qədər) nəzərdə tutulan aylıq dövlət yardımı təxminən 20 manatdır.

Əhalisi azalmaqda olan Ermənistan və Gürcüstanda da uşaqlarla bağlı müxtəlif dövlət proqramları olsa da, aylıq uşaq pulu müavinətləri yaş kriteriyalarına görə tənzimlənib.

Bəs ölkəmizdə vəziyyət necədir?

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmana əsasən 2019-cu ilin aprelin 1-dən uşağın anadan olmasına görə müavinət 200 manat məbləğində müəyyənləşdirilib.

"Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım təyin olunan ailəyə əlavə dəstək olaraq, bir yaşadək uşağı olduğu halda uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq 55 manat müavinət təyin edilir.

Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2018-ci il tarixli 3712 nömrəli Sərəncamına əsasən, qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği bir yaş yarımadək uşağa qulluğa görə 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə 28 manat məbləğində müəyyənləşdirlib.

Göründüyü kimi, ölkə qanunvericiliyində 0-3 yaş arasında uşaqlar üçün qismən də olsa sosial müavinətlər nəzərdə tutulub.

Biz isə daha geniş, 0-18 yaş qruplarını əhatə edəcək böyük sosial dövlət proqramından bəhs edirik.
Bunu hansı formada etmək mümkündür?
Ölkə büdcəsini nəzərə alaraq, daha rasional təkliflər üzərində işləyərək, bu yaş qruplarını əhatə edəcək bir proqram ortaya qoymaq mümkündür.

Bu mövzuda müxtəlif təkliflər və irəli sürülən layihələr olmalıdır, ən uyğununu və doğrusunu tapmaq üçün ictimai müzakirələr aparılmalıdır.

Təklifim

Fikrimcə, 0-18 yaş qruplarında uşaq pulu müavinəti təyin edərkən, 3 əsas kriteriya üzərində durmaq lazımdır.

1. Gəlir kriteriyası – Ailənin maddi vəziyyəti, aylıq və illik rəsmi gəlirləri nəzərə alınaraq bu müavinətin ödənib-ödənməyəcəyi müəyyənləşdirilməlidir. Bir il boyunca, ailənin ortalama aylıq gəliri 500 manatdan aşağıdırsa, hər uşaq üçün 50 manat yardım nəzərdə tutulmalıdır. Tək valideynli ailələrdə bu məbləğ 350-400 manat kimi nəzərdə tutula bilər.

2. Yaş kriteriyası – 0-14 yaş qrupu üçün aylıq, hər uşaq üçün 50 manat müavinət təyin olunmalıdır.

Müavinət təyin olunarkən gəlir kriteriyası nəzərə alınmalıdır. Statistika komitəsinin hesabatına əsasən, bu kateqoriyada olan təxminən 2 milyon 257 min uşaq var. Gəlir kriteriyası tətbiq edilərkən bu müavinəti ala biləcək uşaqların sayında təxminən 30 faiz azalma görəcəyik. 1 milyon 600 min uşağın bu müavinətdən faydalana biləcəyini düşünsək, bu, dövlət büdcəsindən illik 980 milyon manat əlavə ödəniş deməkdir.

3. Uğur kriteriyası – 15-18 yaş qrupunda isə gəlir kriteriyasıyla yanaşı təhsil nəticələrini də ön planda tutmaq lazımdır. Artıq yeniyetmə çağında olan övladlarımız öz çalışqanlıqlarıyla, sadəcə elmlərini artırmayacaqlar, həm də ailə büdcəsinə əlavə sosial yardımın gəlməsinə səbəb olacaqlarını biləcəklər. Bu kriteriyanın tətbiqi bu yaş aralığındakı uşaqları təhsilə qarşı daha məsuliyyətli etməyə şövq edəcək.
Bu yaş qrupunda olan uşaqların sayı 500 minə yaxındır, gəlir və uğur kriteriyalarını əsas götürəndə müavinət düşən uşaqların sayında ortalama 50 faiz azalma olacaq, təxminən 250 min uşaq bu müavinətdən faydalanacaq, bu da illik 150 milyon manat edir.
Ümumi hesabla götürsək, yuxarıdakı kriteriyaları əsasa almaqla, illik 1 milyard 200 milyon manata yaxın büdcə tələb olunur.

Bu məbləği büdcə daxilində nəzərdə tutulan bir sıra xərclərdə kəsintiyə getməklə, o cümlədən hüquqi şəxs vergisində maksimum şəffaflığa nail olmaqla, büdcə gəlirlərini artıraraq, əldə etmək mümkündür.
Xüsusilə 2021-ci illə bağlı təsdiq olunmuş büdcəni nəzərdən keçirərkən, fiziki şəxslərdən toplanan gəlir vergisiylə (1,1 milyard manat), hüquqi şəxslərdən (şirkətlər, holdinqlər, qeyri-hökumət təşkilatları, və s. qurumlar) yığılmış gəlir vergisi (2,1 milyard manat) arasındakı fərq, sadəcə 1 milyard manatdır.
Ölkədəki bütün şirkətlərin, təşkilatların və digər hüquqi şəxslərin ümumilikdə 2,1 milyard manat gəlir vergisi ödəməsi gülüncdür, bu, ciddi vergidən yayınmanın göstəricisidir.

Bu məbləğ 30 faizə qədər vergi yayınmasını nəzərə alaraq, 5 milyard manatdan artıq olmalıdır. Dolayı yollarla şirkət xərclərinin həddən artıq şişirdilməsinin, o cümlədən hüquqi şəxslərdəki nağd pulların gizlədilməsinin qarşısı alınmalıdır.

Beləliklə, yuxarıda da qeyd etdiyim kimi, 0-14 yaş qrupundakı uşaqlara, ailəsinin aylıq və illik gəlirləri hesablanaraq, aylıq 50 manat müavinət ayrılması barədə layihə hazırlamaq mümkündür. Belə olan halda aylıq gəliri 500 manatdan aşağı olan 3 uşaqlı bir ailənin alacağı 150 manat aylıq uşaq pulu bu ailəyə böyük dəstək olacaq və dövlətin uğurlu sosial siyasəti kimi əks olacaq.

Təklifim müzakirəyə açıqdır, başqa kriteriyalar üzərində, bu formatın daha təkmil variantı ilə bağlı fikir mübadiləsi aparmaq olar.

Uşaqlar bizim gələcəyimizdir, gələcəyə investisiya isə, daima ön planda olmalıdır.

Elnur Məcidli, Fransa
Musavat.com
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz