“Hazırda aparıcı xüsusi hərbi məktəblərdə həm xüsusi əməliyyatların aparılması, həm də bütün qoşun növlərinin səylərinin əlaqələndirilməsi öyrənilir. Yəni bu əməliyyat barəsində hər şey məlum olanda o, ən uğurlu əməliyyat kimi tarixə düşəcək. Başa düşmək lazımdır ki, düşmən təqribən 30 il ərzində müdafiə səddini çox fəal şəkildə möhkəmləndirib. Hətta işğaldan azad edilmiş ərazilərə gedəndə, yəqin siz də görmüşdünüz, xüsusən Füzuli istiqamətində bir neçə müdafiə xətti, üstəgəl uzunmüddətli atəş nöqtələri, hətta onların öz mövqeləri də atəşə tutulub ki, biz oraya daxil olanda bizi artilleriya atəşinə tutsunlar. Ona görə də dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmaq üçün çox böyük cəsarət, qorxmazlıq tələb olunurdu və bizim həmlə dəstələrimiz düşmənin müdafiə xəttini yararkən əsl qəhrəmanlıq göstərdilər”.
Millitv.az xəbər verir ki, bunu Prezidenti İlham Əliyev ötən gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı təəssüflə bildirib ki, onların arasında qurbanlar da az olmadı. Ona görə ki, əsas məsələ müdafiə xəttini yarmaq idi:
“Özü də biz onların bizi haradan gözlədiklərini və nə edəcəklərini təxminən bilirdik. Buna görə də elə yerdən gedirdik ki, onların ağlına belə gəlməzdi. Onlar bizim Şuşaya necə gedib çıxmağımızı hələ də başa düşə bilmirlər. Başa düşə bilmirlər, bir-birindən soruşurlar. Bəzən bu məsələ mətbuata çıxır. Lakin haçansa başa düşəcəklər, bu da Azərbaycanın xüsusi təyinatlılarının və digər xüsusi hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı ilə bağlı ayrıca bir əhvalatdır. Lakin bu gün artıq sirr deyil ki, döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri iştirak edirdilər. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi. 44 gün ərzində ərazilərimizi azad etməyimizdə xüsusi təyinatlıların böyük xidməti olub. Ordu korpusları da ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Cəbhə aviasiyası, həm də sizin dediyiniz pilotsuz uçuş aparatları da əlbəttə, itkilərin minimuma endirilməsində çox böyük rol oynayıb, ona görə ki, əgər onlar olmasaydı tələfat qat-qat çox olardı. Sizin tamamilə düzgün olaraq qeyd etdiyiniz kimi onlar təkcə zərbə və kəşfiyyat funksiyalarını deyil, həm də atəşin təshih edilməsi funksiyalarını yerinə yetirirdi. Hətta bəzən göstərilən kadrlarda da görünür ki, hədəf götürülüb, mərmi isə hədəfi vurur. Buna görə də bütün bu əməliyyatların kombinasiyası uğurla nəticələnib. Bir də, əlbəttə, planlaşdırmanın düzgün olması. Sizə deməliyəm ki, planlaşdırma düzgün olmasaydı bizim üçün çox çətin olardı. Ona görə ki, orada uzunmüddətli istehkamlardan əlavə təbii relyef də çətinlik törədir. Axı, dağa dırmaşmaq, aşağıdan yuxarıya qalxmaq lazımdır. Şuşanın alınması isə, ümumiyyətlə, ayrıca dastandır, bəli, bu, epos kimidir. Ona görə ki, döyüşçülər nə götürə bilərdilərsə götürməliydilər, amma özünlə nə götürə bilərsən? Maksimum qumbaraatan. Bu, inanılmaz fiziki qüvvə, hazırlıq tələb edir. Bu, sal qayalara aşağıdan dırmaşmaq lazımdır. Müdafiə xətləri çox möhkəmlənib, özü də orada ermənilərin tankları və topları vardı. Bizdə isə süngü-bıçaqlar və yüngül silah. Bəzən mən də ekspertlərin fikrini müşahidə edirəm, amma əlbəttə, hərənin öz fikri var. Bu da aydındır, çünki ekspert döyüş əməliyyatlarının bütün mənzərəsinə bələd ola bilməz. Buna görə də təbii ki, müharibə aparılmasının bir növünün xeyrinə müəyyən meyil olur. Amma deməliyəm k, bu elementlərin heç biri vahid komandanlıq, planlaşdırma olmadan bizim qələbəmizi təmin etməzdi. Məhz bunlarının hamısının düzgün kombinasiyası: kəşfiyyat, artilleriya, zərbə pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları – bütün bunlar birlikdə qələbəyə gətirib çıxarıb. Lakin zaman keçdikcə məxfilik qrifi götürüləcək və informasiya daha çox olacaq. Amma düşünürəm ki, hətta artıq olub keçənlər düzgün nəticə çıxarmaq üçün kifayət qədər əsas verir”.