Azərbaycan restoranlarında iş rejiminin iki hissəyə bölünməsi ölkədə 400 minə yaxın yeni iş yerinin yaranmasına səbəb ola bilər.
Bunu Milli Məclisin deputatı Səttar Möhbalıyev parlamentin bu gün keçirilən iclasında deyib.
O, qeyd edib ki, Azərbaycanda restoranlarda, kafelərdə iş rejimi səhər saat 10-dan axşam saat 12-yə qədər davam edir və orada eyni adamlar çalışır.
S.Möhbalıyev vurğulayıb ki, iş rejimləri iki hissəyə bölünsə, yeni iş yerləri yarana bilər.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Kazım Məmmədov "Şərq"ə bildirdi ki, qeyd edilən təklif bu halda həmin restoranlarda çalışanların məvaciblərini azaldacaq:
"Əminəm ki, təklif ölkə vətəndaşlarını düşünərək söylənilib. Fəqət, burda bir məsələ var. Restoran və kafelərdə çalışan şəxslərin iş rejimi iki hissəyə bölünsə, onların əməkhaqqı da iş saatlarına əsasən azalacaq. Bu da işçini ikinci işi axtarmağa vadar edir.
Buna görə də mən düşünürəm ki, ölkədə iş saatlarını bölmək hazırda işləyən şəxsləri öz çörəyindən edir, nəinki başqalarına yeni iş verir. "Bu, ölkədə filan qədər yeni iş yerləri yaratdıq" sözündən başqa bir şey deyil.
Məlumdur, Azərbaycanda işsizlik səviyyəsi heç də statistikada göstərilən kimi deyil. İşsizlik səviyyəsi yüksəkdir, xəstəlik səbəbindən lap yüksək həddə çatıb.
Ölkədə yeni iş yerləri açılmalı, gənclər iqtisadi bölmələrdə müvafiq işlərə cəlb edilməlidir. Üstəlik indi pandemiya səbəbi ilə əksər iş yerləri bağlı qalıb, açıq müəssisələr isə işçiləri ixtisar edirlər".
K.Məmmədov, həmçinin, ölkə prezidentinin bu barədə fikirlərini də diqqətə çatdırdı:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən vurğulayıb ki, insanlar ölkədə səkkiz saatdan çox işləməməlidirlər. Yəni hazırda ölkəmizdə səkkiz saatlıq iş rejimi qurulub. Kafe və restoranlar, eləcə də digər müəssisələr bu prinsipə əməl etməli, fərdləri göstərilən saatdan çox işləməyə məcbur etməli deyillər".