Kabay Karabekov
“Kommersant”, 24.02.2021
Qırğızıstan prezidenti Sadır Japarov Rusiya səfərinə fevralın 24-də başlayır. Bu, həbsxanadan çıxdıqdan və hakimiyyəti sürətlə ələ alandan bəri onun ilk xaricə səyahətidir. Moskvada bu, “qızgördü” kimi qəbul edilir. Proqram müvafiq olaraq tərtib edilib, bütün yüksək vəzifəli şəxslər cənab Japarovla əlaqə qurmağı planlaşdırırlar: prezident, baş nazir, Dövlət Duması və Federasiya Şurasının spikerləri.
Sadır Japarov postsovet siyasi mənzərəsi üçün misilsiz bir fenomendir. Keçmiş prezidentlərə qarşı cinayət işi qaldırma nadir hal deyil – Qırğızıstanda indi üç belə şəxs var. Ancaq həbsxana keçmişi olan siyasətçilərin hakimiyyətə gəlməsi həmişə olmur. Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçdən əlavə, bəlkə də, gəncliyində qeydə alınmış 2 məhkumluğu xatırlanacaq başqa kimsə yoxdur.
Cənab Japarovun Rusiyaya ilk səfəri keçən ilin oktyabrında Qırğızıstanda başlayan hakimiyyət tranziti fonunda baş verir. Xatırladaq ki, o vaxt ölkədə demək olar ki, yekdil rəylə saxtalaşdırılmış parlament seçkilərinin nəticələrinə qarşı etirazlar başlayıb. Etirazçılar Sadır Japarovu koloniyadan azad ediblər, o, tezliklə prezident Sooronbay Jeenbekovun istefasına nail olub və hakimiyyəti əlinə alıb.
Cənab Japarov yanvarın 10-da prezident seçilib. Seçki kampaniyası dövründə siyasi sistemin tamamilə dəyişdirilməsini və parlament idarəetmə formasını prezident üsuluna dəyişdirməyi vəd edib. Bu mövzuda Konstitusiya referendumunun aprel ayında – yerli özünüidarə orqanlarına seçkilərlə eyni gündə keçirilməsi planlaşdırılır.
Yeni prezident hər şeyi yaya qədər tamamilə yenidən qurmağı nəzərdə tutur. Cənab Japarovun ətrafındakı şəxslər etiraf edirlər ki, ölkədəki siyasi vəziyyətin tam sabitləşməsi üçün hələ uzun bir yol var.
Təzə lider korrupsiyaya qarşı mübarizə və idarəetmə sistemini cinayətkarlardan təmizləmək şüarı altında iqtidarını gücləndirir. Sadır Japarovun seçilmiş prezident statusunda “Kommersant”a verdiyi ilk müsahibəsində korrupsiya ilə mübarizənin seçmə olmayacağını, vəzifəsindən və keçmiş xidmətlərindən asılı olmayaraq, hər kəsin maliyyə mənimsənilməsinə görə cavab verəcəyini söyləyib. O vaxt da respublikada siyasətçilərin, təhlükəsizlik işçilərinin, dini liderlərin və kriminal qrup başçılarının həbsləri gedirdi.
Yanvar ayında prezidentlər Almazbek Atambayev və Sooronbay Jeenbekovun rəhbərliyi altında ölkənin keçmiş baş təhlükəsizlik zabiti Abdil Segizbayev, həmçinin, keçmiş baş nazir Məhəmmədkalı Abılqaziyev Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTDK) təcridxanasına salınıb. İstintaq hər iki məmuru vəzifəsindən şəxsi məqsədlər üçün sui-istifadə və qanunsuz zənginləşmə üçün korrupsiya sxemlərindən istifadə etməkdə günahlandırır.
Qırğızıstan müftisi Maksat Toktomuşev fevral ayında maliyyə pozuntularına görə həbs edilib. Baş din xadimi zəvvarların həcc ziyarəti üçün Qırğızıstan Müsəlmanları Ruhani İdarəsinə (QMRİ) ödədiyi pulu mənimsəməkdə günahlandırılıb. İstintaq zamanı məhkəmə müftini ev dustaqlığına göndərib. Milli Təhlükəsizlik Dövlət Komitəsi təhlükəsizlik işçilərinə külli miqdarda rüşvət verməyə cəhd göstərdiyinə görə QMRİ-nin baş mühasibini də saxlayıb.
Ancaq bəlkə də ən böyük rezonansı fevralın 18-də Gömrük Xidməti rəhbərinin keçmiş müavini Raiymbek Matraimovun həbsi doğurub. Adı korrupsiyanın sinoniminə çevrilən nüfuzlu gömrük məmuru ikinci dəfə həbs olunub. İlk dəfə o, keçən ilin noyabr ayında MTDK-ın istintaq təcridxanasına salınıb, lakin daha sonra istintaqla fəal əməkdaşlığına görə sərbəst buraxılıb.
Məhkəmənin qərarına görə, Raiymbek Matraimov büdcəyə yarısı nağd, yarısı daşınmaz əmlakla birlikdə 2 milyard som (təxminən 2 milyard rubl) ödəyib. Ancaq fevralın 20-də Bişkekin Pervomayski Məhkəməsi Raiymbek Matraimovun MTDK istintaq təcridxanasında 2 ay müddətinə yenidən həbs olunmasına qərar verib – cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və yuyulması ittihamı ilə.
Qırğızıstan nümayəndə heyətinin üzvlərindən biri, ölkənin xarici işlər naziri Ruslan Kazakbayev “Kommersant”a bildirib ki, beynəlxalq, ilk növbədə, Rusiya tərəfindən dəstək olmadan siyasi və iqtisadi vəziyyəti sabitləşdirmək planlarının həyata keçirilməsi çətin olacaq.
Cənab Kazakbayevin sözlərinə görə, Qırğızıstan Avrasiya Sabitləşmə və İnkişaf Fondundan güzəştli kredit şəklində 100 milyon dollar alacağını gözləyir.
Bu, iqtisadiyyatı, maliyyə və sosial sektorları dəstəkləmək üçün böhrana qarşı tədbirlərin maliyyələşdirilməsinə imkan verəcəkdir. İkitərəfli danışıqlarda Avrasiya İqtisadi Birliyi çərçivəsində texniki yardım məsələləri ilə yanaşı, qazın qiymətinin aşağı salınması da planlaşdırılır.
Qırğızıstan “Qazprom”a 1000 kubmetr qaz üçün 150 dollar ödəyir, lakin bunun daha ucuz olmasını istəyir. Müqayisə üçün: Belarus 131 dollar ödəyir. Düzdür, Qırğızıstan Belarusun istehlak etdiyi 22 milyarda qarşı ildə yalnız 330 milyon kubmetr qaz alır.
Danışıqlarda Yuxarı Narın hidroelektrik stansiyalarının tikintisini, müntəzəm hava və dəmir yolu əlaqələrini bərpa etmək, 500 min doza “Sputnik V” peyvəndi almaq və qarşılıqlı hesablaşmalarda milli valyutalara keçmək imkanları da müzakirə ediləcək.
Sadır Japarov Moskvada mədəni və humanitar əlaqələrin gücləndirilməsini müzakirə etmək niyyətindədir.
Qırğızıstan prezidenti “Kommersant”a bildirib: “Seçki kampaniyası zamanı əmin oldum ki, iqtisadi və maliyyə məsələlərindən daha az əhəmiyyətli olmayan başqa bir problemimiz var: bu, dil məsələsidir. Bölgələrdə praktik olaraq rus dilində danışmağı dayandırıblar, yalnız paytaxtda kifayət həcmdə rusdillilər var”. Onun fikrincə, bu gün kənd məktəblərində rus dilini tədris etmək üçün ən azı 2 min əlavə müəllim cəlb etmək lazımdır.
“Qırğızıstan və Rusiyanın vahid dil məkanında olduğunu qiymətləndirməliyik. Rus dilinin statusu Konstitusiyada təsbit olunub və biz təcrübədə onun potensialını reallaşdırmalıyıq. Üstəlik, bölgələrin sakinləri hökumətdən məktəblərdə rus dilinin tədris olunmasını tələb edirlər”.
Bununla bərabər, “Kommersant”ın Rusiya dövlət strukturlarında Qırğızıstan istiqaməti ilə məşğul olan həmsöhbəti danışıqlardan yüksək səviyyəli qərarlar gözlənmədiyini qeyd edib. Qırğızıstan liderinin səfərini səmimi şəkildə “qızgördü” adlandırıb, bu da cənab Japarovdan nə gözlənilməli olduğunu və nə qədər etibarlı ortaq ola biləcəyini göstərməlidir. Bir sıra görüşlərdən sonra onun haqqında fikir formalaşdırmalıdır: Qırğızıstan lideri Moskvada Rusiya prezidenti Vladimir Putin, baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko və Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə danışacaq.
“Pikir” (“Fikir”) regional mütəxəssislər klubunun həmsədri İqor Şestakovun fikrincə, Sadır Japarov Rusiyada az tanınan yeni bir formasiyanın siyasətçisidir. “İlk ciddi danışıqları ən yüksək səviyyədə savadlı şəkildə aparmaq onun üçün vacibdir, çünki bu, yalnız söhbət apara bilən deyil, həm də sözlərinə cavabdeh olan bir siyasətçi kimi yeni prezidentin təqdimatıdır. Əvvəllər müxalifətçi idi və indi özünü dövlətlərarası işləri həll etməyə qadir bir dövlət xadimi kimi göstərməlidir. Rusiya hökuməti yanvar ayında Qırğızıstan hökumətinə büdcəni dəstəkləmək üçün 20 milyon dollarlıq bir tranş verib. Bu, Rusiya rəhbərliyinin Qırğızıstanın yeni hökuməti ilə işləməyə hazır olduğuna işarədir”.
“Qırğızıstan” Partiyasının lideri, keçmiş prezidentliyə namizəd Kanat İsayev qeyd edir ki, Sadır Japarov bir çox çətinliklərin öhdəsindən gəlməlidir və daxili siyasi problemləri həll etmək üçün çox vaxtı yoxdur.
“O, Almazbek Atambayevin hakimiyyəti dövründə ortaya çıxan və hakimiyyətin bütün sahələrində güclü mövqelər tutan korrupsioner məmur sinfi ilə ciddi bir mübarizəyə tab gətirməli olacaq. Digər tərəfdən, hökumət yoxsulluqla mübarizə üçün təcili iqtisadi tədbirlər görməlidir. İndi Qırğızıstanda davamlı keçirilən mitinqlərin başlıca səbəbi məhz yoxsulluqdur. Bu problemlərin öhdəsindən gəlmək üçün Qırğızıstanı dəstəkləyən ölkələrin liderləri ilə etibarlı əlaqələr qurulmalıdır. Rusiya rəhbərliyini kardinal islahatların məqsədəuyğunluğuna inandıra bilsə, iddialı proqramını həyata keçirmək üçün lazımi vaxt alacaq”, – deyə Kanat İsaev hesab edir.
Tərcümə: Strateq.az