Gömrük orqanlarında baş verən neqativ hallarla bağlı mətbuatda çoxsaylı faktlar dərc olunmaqdadır. Xüsusən də Dövlət Gömrük Komitəsinin (DGK) bəzi əməkdaşlarının vətəndaşlarla kobud rəftarı hər zaman müşahidə edilməkdədir. Bu, demək olar ki, bütün məntəqələrində özünü göstərir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Gömrük orqanlarının vətəndaşlardan hər hansı məhsula görə əsassız rüsumlar tələb etməsi də eynilə davam etməkdədir. Belə ki, “Sədərək” Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkara Bakı Baş Gömrük İdarəsində süni maneələr yaradılır. Azərbaycanlı sahibkarın sözlərinə görə, uzun müddətdir ki, xaricdən ölkəyə mal idxal edirlər: “Son zamanlar Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində sahibkarlığın inkişafına göstərilən dəstəyi, xüsusən də cənab prezidentin sahibkarlara dəstəyini, bu sahədə aparılan islahatları gördüyümüz üçün baş verənlər bizi təəccübləndirir. Çünki hazırda gömrükdə malların qiymətləndirilməsi ilə bağlı çox ciddi problemlə qarşılaşmışıq. Bu təkcə bizim qarşılaşdığımız problem deyil, sahibkarların əksəriyyətinin üzləşdiyi problemdir”.
“Ölkəyə daxil olan məhsulun qiyməti ixracatçı şirkətə yerli şirkət (mənşə ölkə) tərəfindən verilən hesab-fakturada qeyd olunur” – deyən, həmsöhbətimiz bildirdi ki, bizim gömrük orqanları da beynəlxalq qaydalara riayət edərək bu qiyməti qəbul edirlər: “Ancaq daha sonra gömrük əməkdaşları məlumat bazasına müraciət edirlər və bildirirlər ki, bizim “bazadakı” qiymət sizin təqdim etdiyiniz qiymətdən yüksəkdir. Elə birinci problem budur. Gömrüyün məlumat bazası imkan vermir ki, sahibkarlar ölkəyə daha ucuz məhsullar idxal etsinlər. Biz “Sədərək” ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul oluruq və Çin Xalq Respublikasından satış məqsədilə xırdavat malları idxal edirik. Gətirdiyimiz malımız gömrük rəsmiləşdirilməsindən sonra DGK-nin “Gömrük risklərinin araşdırılması” şöbəsinin rəisi Coşqun İsmayılov tərəfindən saxlanılır və ödəniş etdiyimiz rüsümun üstündə əlavə ödəniş etmək tələb olunur, əks halda malları buraxmayacağını deyir. Bizi qəbul etmir, ancaq telefon vasitəsilə ondan malımızın buraxılmasını xahiş edirik, əks halda cənab Səfər Mehdiyevə və cənab Prezident İlham Əliyevə şikayət edəcəyimizi dedik. O, isə bizə dedi ki, kimə istəyirsinizsə gedin şikayət edin. Onun nəzərinə çatdırdıq ki, pandemiya başlayandan fəaliyyətimiz yoxdur. Cari il ərzində gömrük rüsumu artmadığı halda niyə əlavə ödəniş etmək tələb edirsiniz? O, isə dedi ki, bu birbaşa olaraq rəhbərliyin qərarıdır. Ötən hər gün ziyanımıza işləyir, dünyanı cənginə alan COVİD-19 təəssüflər olsun Azərbaycandan da yan keçməyib. Bu da işimizə maddi və mənəvi cəhətdən ziyan vurmaqla bərabər əsəb gərginliyi yaradır, onsuz da ziyanla işləyirik. Bu il Azərbaycanın gömrük orqanları 3,83 milyard manat olan ilik büdcə proqnozuna qarşı 3,887 milyard manat gömrük rüsumu və vergi toplayaraq dövlət büdcəsinə köçürüb. Rəhbərliyinizlə rəqəmlər ildən-ilə artır, bu da sizin peşəkarlığınızdan və işinizə olan böyük məsuliyyətinizdən irəli gəlir. Sizi dəstəkləməkdə biz sahibkarların da rolu var və bu dövlət qarşısında vətəndaşlıq borcumuzdur. Çox təəssüf edirik ki, Coşqun İsmayılov kimilər sahibkarların işinə maneçilik törədir və gömrük orqanlarının fəaliyyətinə kölgə salmağa çalışır”.
Sahibkarların cumhuriyyet.az-a bildirdiyinə görə baş verən prosesdə xüsusi gömrük şəbəkəsi fəaliyyət göstərir və Coşqun İsmayılovla başlaytan proses yuxarıyadək uzanır. Bakı Baş Gömrük İdarəsinin Rəisi Kənan Məmmədovun, Gömrük rəsmiləşdirməsi idarəsinin rəisi Elbrus Agayevin və Abşeron Logistika Mərkəzindəki gömrük postuna qanunsuz yerləşdirilən Bakı Baş Gömrük idarəsinin Audit və Risklərin İdarə olunması şöbəsinın, Gömrük sistemində kiçik leytenant rütbəsindən möcüzəvi şəkildə mayor rütməsinə yüksələn Mahir Mehdiyevin əsasız və süründürməçiliklərlə dolu əməlləri sahibkarlara cəhənnəm yaşadır.
anaxeber.info