Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun fəaliyyəti ilə bağlı aparılan istintaqın əsas istiqamətlərindən biri jurnalistlər üçün tikilmiş binalarla bağlıdır. Fondun hazırda həbsdə olan keçmiş icraçı direktoru Vüqar Səfərliyə qarşı irəli sürülən ittihamlardan biri də həmin binaların tikintisi üçün büdcədən ayrılmış vəsaitin bir hissəsinin mənimsənilməsi ilə əlaqəlidir. Binaları inşa etmiş “Portos” MMC-nin rəhbəri Nadir Nəmmədov da həbs olunub.
Amma V.Səfərliyə bu iş çərçivəsində əlavə ittiham irəli sürüləcəyi istisna olunmur. “Press Klub”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, mənzillərin paylanmasında rüşvət amili ilə bağlı da araşdırmalar aparılır. Dindirmələr zamanı ifadələrdə mənzillərin paylanması zamanı rüşvət alınmasına dair şübhələr ortaya çıxıb. Ona görə, istintaqda bu məqam da ayrıca araşdırılır. Məhz bu məsələ ilə əlaqədar dindirilənlər də var.
Xüsusən 2017-ci ilin iyulunda təhvil verilmiş ikinci bina ətrafında daha çox qanunsuzluqlar aşkarlanıb. Araşdırmalar zamanı məlum olub ki, rəsmən müəllim işləyən şəxsə jurnalist kimi mənzil verilib. Bir sıra şəxslərin rüşvət müqabilində həmin binalarda mənzil sahibi olduğu ortaya çıxıb. Rüşvət verənlər arasında dövlət orqanlarının mətbuat xidmətlərində çalışmış şəxslər də var.
Məlumatlı mənbənin sözlərinə görə, vaxtilə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsində Əli Həsənovun rəhbərliyi altında çalışmış şəxslər də istintaqa cəlb olunaraq dindirilir. Çünki mənzillərlə bağlı ifadələrdə onların da adları çəkilib.
Mediada Mətbuat Şurasının sədri Əflatun Amaşovun da istintaqda dindirilməsi barədə məlumat yayılıb. Lakin Ə.Amaşov bu xəbəri təkzib edib.
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev jurnalistlərin binasından mənzil əldə etmək üçün rüşvət verilməsini “korrupsiya içində korrupsiya” hesab edir. Agentlik rəhbəri bu məsələni “Press Klub”a şərh edərək bildirdi ki, jurnalistin hökumətdən ev alması özü-özlüyündə korrupsiyadır:
“Mən ümumiyyətlə, jurnalistlərə mənzillərin paylanmasının əleyhinə olmuşam. Biz “Turan” informasiya agentliyi olaraq, o binalardan mənzillərin alınmasından imtina eləmişdik. Bizə təklif etmişdilər. Şəxsən mənim özümə təklif eləmişdilər. Biz hökumətin jurnalistlərə mənzil verməsini də korrupsiya halı sayırıq. Azərbaycan jurnalistlərinin Peşə Əxlaqı Qaydalarına baxsaq, görərik ki, 4-cü prinsip hökumətdən mənzil və ya başqa bir qiymətli hədiyyə almağı tam qadağan edir. Təəssüf ki, hökumət jurnalistikanı dilənçi gününə salıb. Sonra da rüşvət formasında mənzil verilir ki, onun elədiklərinə göz yumsunlar, loyal olsunlar. Bu, siyasi korrupsiyadır. Belə bir korrupsiya vəziyyətində bu işi icra edənlər – evləri paylayanlar da öz səviyyələrində korrupsiya ilə məşğul olublar. Yəni korrupsiya içində korrupsiya… Ona görə də ilk növbədə hakimiyyəti qınayırıq ki, korrupsiyaya şərait yaradır”. //pressklub.az//