Axtarış...

İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə - TAM MƏTN

İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə - TAM MƏTN

MilliTV.az

Xəbər verdiyimiz kimi, yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açıb:

“Bu gün biz keçən ilin yekunlarını müzakirə edəcəyik, 2021-ci ildə görüləcək işlər haqqında danışacağıq. Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu. Biz bunu hərbi yollarla həll etdik. Baxmayaraq, uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar bizə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Biz də deyirdik ki, əgər belədirsə, onda münaqişə sülh yolu ilə həll olunsun, biz də bunun tərəfdarıyıq. Müharibə dövründə mən dəfələrlə Azərbaycan xalqına müraciət edərək və xarici kütləvi informasiya vasitələrinə müsahibələr verərək deyirdim ki, Ermənistan tərəfi bizə tarix versin, onlar nə vaxt bizim torpaqlarımızdan öz silahlı qüvvələrini geri çəkirlər və biz dayanırıq. Əks təqdirdə, axıra qədər gedəcəyik və bunu etdik. Beləliklə, şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən dəfələrlə demişdim ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu – hərbi yolla. Ondan sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi.

Mən son illər ərzində ölkəmizin hərtərəfli inkişafını dilə gətirərək deyirdim ki, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, demək olar ki, Ermənistan ordusu yoxdur. Müharibədən sonra müşahidə olunan mənzərə onu göstərir ki, bu gün Ermənistan silahlı qüvvələri faktiki olaraq tam dağıdılıb. Ermənistan məğlub edilib və biz istədiyimizə 44 gün ərzində nail ola bilmişik. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, keçmiş Hadrut rayonunu, Xocavənd rayonunun böyük hissəsini, Suqovuşan qəsəbəsini, Murovdağ silsiləsini və Şuşa şəhərini hərbi yollarla azad etdik. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi hərbi yollarla işğaldan azad edildi. Bunun nəticəsində Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.

Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, - bir daha bunu qeyd etmək istəyirəm, - bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən demişdim ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Mən demişdim ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Mən demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Demişdim ki, biz bu məsələni istənilən yolla həll edəcəyik və etdik, bütün təzyiqlərə, təhdidlərə baxmayaraq. Baxmayaraq ki, dünyada kifayət qədər güclü erməni lobbisi var. Dünyada bir çox aparıcı dövlətlər Ermənistanı dəstəkləyir və müharibə dövründə biz bunu açıq-aşkar görürdük, bəzi ölkələr bunu gizlədə bilmirdilər. Bu dəstək Ermənistana nə verdi? Heç nə. Bizim gücümüz, iradəmiz qarşısında bu dəstək sıfıra bərabər oldu. Hər kəs gördü ki, bizi heç kim və heç nə dayandıra bilməz. Mən deyəndə ki, biz axıra qədər gedəcəyik, sözümə əməl etdim. O vaxt dayandıq ki, Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf etdi, diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu. Hesab edirəm ki, bu, Ermənistan üçün tarixi dərs oldu. Onlar bir daha Azərbaycan xalqının böyüklüyünü gördülər. Baxmayaraq ki, işğal edilmiş bütün torpaqlarda vandalizm aktları törədildi, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz dağıdıldı və ya təhqir edildi, bütün yaşayış binalarımız dağıdıldı, Ağdam, Füzuli şəhərləri yoxdur, kəndlər yoxdur, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərlərində tək-tük bina qalıb, orada da Ermənistan hərbçiləri yerləşmişdilər. Kəlbəcər və Laçın rayonlarında daha çox qanunsuz məskunlaşma aparılmışdır. Ancaq Ermənistana o rayonlardan çıxmaq üçün vaxt verildiyi müddət ərzində onlar oranı da dağıtmışlar, bütün dünyaya öz vəhşiliklərini göstərmişlər. Bütün dünyanın gözü qarşısında evləri yandırıb, meşələri kəsib, qırıb, yandırıb, vandalizm aktları törətmişlər. Bütün dünya gördü ki, biz kiminlə üz-üzə idik. Bu vəhşiliyin, bu qəddarlığın bəlkə də tarixdə analoqu yoxdur. Heç İkinci Dünya müharibəsində işğalçı qüvvələr bu qədər qəddarlıq törətməmişlər. Onlar hesab edirdilər ki, biz bu bölgələrə qayıtmayacağıq, amma biz qayıtmışıq və qayıdırıq. Bu gün biz Böyük Qayıdış haqqında danışacağıq.

Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik. Göstərdik ki, heç kim bizim iradəmizin qabağında dura bilməz. Eyni zamanda, məsuliyyət göstərdik, ədalət göstərdik, Ermənistan ərazisinə girmədik. Baxmayaraq ki, Ermənistan ərazisindən bizə qarşı namərd atəşlə törədilən hərbi cinayət nəticəsində onlarla mülki şəxs həlak oldu, şəhərlərimiz bombalandı. Biz Ermənistan ərazisinə keçmədik. Biz beynəlxalq hüquqa hörmətimizi göstərdik. Baxmayaraq ki, mənfur düşmən üçün heç bir mənəvi çərçivə yoxdur, heç bir mənəvi dəyər yoxdur. Amma mən demişdim ki, biz özümüzü onlar kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq. Biz döyüş meydanında düşməni çökdürdük. Döyüş meydanında düşmənə elə dərs verdik ki, onlar bu günə qədər bu dərsdən özlərinə gələ bilmirlər. Bu gün Ermənistanı bürümüş böhran onların işğalçılıq siyasətinin nəticəsidir. Gərək bizim torpaqlarımızdan sülh yolu ilə çıxardılar, biz onlara şans vermişdik. Gərək öz xoşu ilə çıxardılar bizim torpaqlarımızdan, amma biz bunun tamamilə əksini görürdük. Qanunsuz məskunlaşma, şəhərlərimizin adlarının dəyişdirilməsi, Azərbaycanın tarixi, mədəni, dini irsinin silinməsi. Əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar və şirkətlər onlara bu sahədə yardım etmişdilər. Bizim torpaqlarımızda qanunsuz biznes fəaliyyəti göstərilmişdir. Bu gün bu barədə də danışacağıq, artıq müvafiq göstərişlər verildi. O şirkətlər məsuliyyətə cəlb olunacaq. Onlar bunu bilsinlər və gözləsinlər bu günü. Oraya müxtəlif ölkələrin parlamentlərinin nümayəndələri gedirdilər, indi görüm necə gedirlər. Fransadan bir heyət getmişdi, parlament üzvləri. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni vermişdilər. Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Nəticədə Fransa səfiri bizim Xarici İşlər Nazirliyinə çağırıldı, nota verildi. Biz səssiz qalmayacağıq.

İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu yaxınlarda Ermənistana və Azərbaycana səfər etmiş Rusiya hökumət nümayəndələrindən ibarət heyət əsasən bu mövzular haqqında söhbətlər aparmışdır.

Yaxşı, əgər münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli “səfərlərə” nə ehtiyac var? Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar. Ona görə bütün səfərlərə son qoyulmalıdır. Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində.

Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik.

Ermənistan 30 il bizim suyumuzu kəsib, 100 min hektar torpağı susuz qoyub. Baxmayaraq ki, həm Sərsəng, həm də Suqovuşan su anbarları o vaxt ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə və onun fəaliyyəti nəticəsində inşa edilmişdir. Ermənistan bizim suyumuzu kəsmişdi. Amma mən yenə də deyirəm, biz heç vaxt onların səviyyəsinə düşməməliyik. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Mən demişəm, onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Ona görə biz bu imkanları verdik. Yoxsa Laçın dəhlizi ilə oraya yük daşımaq çox çətin məsələdir. Biz digər addımlar atdıq ki, orada humanitar işlər getsin. Yenə də deyirəm, noyabrın 10-da imzalanmış sənəddə bu, yoxdur. Amma biz yenə də imkan veririk. Bu, bizim ürəyimizin nə qədər geniş olmasını göstərir. Hesab edirəm ki, noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb.

Eyni zamanda, imkan verdik ki, - söhbət bizim ərazimizdən keçən yollardan və azad edilmiş torpaqlardan gedir, - erməni vətəndaşlar Qubadlı rayonundan keçən yoldan istifadə etsinlər. Bunu gərək onlar qiymətləndirsin, yoxsa yox. Bu, bizim torpağımızdır. Başa düşürük ki, yol oradan keçib. Sovet vaxtında sərhədlərin o qədər də böyük əhəmiyyəti yox idi, orada yaşayan erməni əhalisi bəlkə də bilməyib ki, bu, Azərbaycan ərazisidir. Çünki kim onlara deyə bilərdi ki, bu, Azərbaycan ərazisidir. Onlar hesab ediblər ki, bu, Ermənistan ərazisidir. İndi biləndə ki, bu, Azərbaycan ərazisidir və Azərbaycan sərhədçiləri oraya gəlib yerləşiblər, əlbəttə, onlar stres keçiriblər. Amma yenə də mən göstəriş vermişdim ki, bir adamın burnu qanamamalıdır. Onlara başa salın ki, bu, bizim yerimizdir, bizim torpağımızdır, çıxıb getsinlər. Vaxt verdik onlara. Ermənistan tərəfi bizdən xahiş etmişdi ki, yanvarın 2-nə qədər vaxt verin. Biz də vaxt verdik. Vaxt verməyə bilərdik. Mən oraya bir hərbi dəstə göndərə bilərdim və görüm nə günə düşərdilər onlar. Bunu etdikmi? Yox! Amma onlar edərdilər. Onlar Kəlbəcəri işğal edəndə bizə vaxt vermədilər. Bizim vətəndaşlar oradan ayaqyalın Murov aşırımından, Ömər aşırımından keçərək çıxdılar. Bir çoxları da yolda donub həlak oldular. Onlar bizə vaxt verdilər?

Onlar mülki əhaliyə qarşı soyqırımı törətmişlər, Xocalı soyqırımı, digər hərbi cinayətlər. Biz isə bizim azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanları əsir götürdük. Məhv etmədik. Dedim ki, əsir götürün, daha müharibə başa çatıb, daha qan tökmək lazım deyil. Bu, yenə də bizim humanist mahiyyətimizi göstərir. Bu, bizim ərazimizdə yerləşib və oradan çıxmaq istəməyən bir qüvvədir və bizə qarşı təxribatlar törədib, hərbi təxribatlar. Bunun nəticəsində hərbçilərimiz həlak olub. Biz isə yenə humanistlik göstərmişik. Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz.

Mən bir daha demək istəyirəm ki, biz bir çox hallarda humanistlik göstərmişik və Ermənistan tərəfi bunu qiymətləndirməlidir. Bunun müqabilində Ermənistan xarici işlər nazirinin bizim torpağımıza gəlməsi qəbuledilməzdir. Artıq mən demişəm, ümid edirəm ki, onlar düzgün nəticə çıxaracaqlar. Çıxarmasalar, onların böyük problemləri olacaq və yenə də peşman olacaqlar.

Beləliklə, müharibə başa çatdı. Biz istədiyimizə nail olduq. İndi artıq quruculuq dövrü başlayır. Biz bu gün bu barədə də danışacağıq. Amma bundan əvvəl 2020-ci ildə baş vermiş başqa hadisələr haqqında demək istərdim. 2020-ci ilin fevral ayında ölkəmizdə parlament seçkiləri keçirilmişdir. Parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addım idi. Parlamentin rəhbər orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəldi. İlk dəfə olaraq parlamentin sədr müavini müxalifət partiyasının nümayəndəsi seçildi. Eyni zamanda, ilk dəfə olaraq parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələri seçildilər. Bu, yeni siyasi mədəniyyətin təzahürüdür. Bu, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addımdır. Əlbəttə ki, ölkəmizin demokratik inkişafı baxımından bunun çox böyük əhəmiyyəti var. Parlament çoxpartiyalı parlamentdir və bu, siyasi sistemimizin gücləndirilməsi istiqamətində çox önəmli addım sayılmalıdır.

Eyni zamanda, keçən il partiyaların böyük əksəriyyəti bizim təşəbbüsümüzə müsbət cavab verərək, siyasi dialoqa qoşuldular. Deyə bilərəm ki, hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. İştirak etməyənlərə siyasi qüvvə deyə bilmərəm. Çünki iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir. Siyasi dialoq müharibədən əvvəl başlamışdır və müharibə dövründə daha da güclənmişdir. Müharibə dövründə bir antimilli qruplaşma istisna olmaqla, - mən antimilli şuranı nəzərdə tuturam, - bütün digər siyasi partiyalar və birliklər birmənalı olaraq bizim haqq işimizə öz dəstəyini verdi. Antimilli şura isə öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. Ordumuzu ləkələmək istiqamətində növbəti təxribat xarakterli addımlar atıbdır.

Onlardan başqa nə gözləmək olar? Bu antimilli şuranın liderləri vaxtilə Paşinyanı bizə nümunə kimi göstərirdilər, deyirdilər ki, baxın, Paşinyan demokratdır, Paşinyan novatordur, Paşinyan təmiz adamdır. Bu, onların sözləridir. İndi soruşun erməni xalqından, onlar bu novator demokrat haqqında nə fikirləşirlər? Onları birləşdirən, əlbəttə ki, hər iki, necə deyərlər, nümayəndənin vaxtında torpaqların əldən getməsidir. Azərbaycan Xalq Cəbhəsi və bu gün onun antimilli şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə fərarilik etmişlər. Biz bu tarixi unutmamışıq, gənc nəsil də bilməlidir. Müharibə gedə-gedə prezident öz vəzifəsini tərk edib, gedib dağ kəndində oturub. Müharibə gedir, insanlar ölür, torpaqlar əldən gedir, ölkənin prezidenti, Ali Baş Komandanı qaçır, gedir Naxçıvan Muxtar Respublikasının dağ kəndində oturur. Bu, fərarilik deyil, nədir? İndi bu antimilli şurada rəhbərlik edənlər, harada idiniz müharibə dövründə? Qaçıb gizlənmişdilər. İndi də qaçıb gizlənir, biri Amerikada oturub, oradan mühazirələr oxuyur və düşmənin dəyirmanına su tökür. Onu kim maliyyələşdirir? Kim ona istiqamət verir? Biz bilirik. Buradakılara kim istiqamət verir? Həmin qüvvələr. Ermənipərəst qüvvələr, müharibə dövründə bizə qarşı çirkin əməllərdə iştirak edənlər, bizim qələbəmizi əlimizdən almaq istəyənlər, ermənilərə dəstək verənlər antimilli şuranın havadarlarıdır və onlar fəraridirlər, satqındırlar, xaindirlər. Xalq da bunu bilməlidir və gənc nəsil də bilməlidir. Bəzi hallarda gənc nəslə bu biabırçı tarix haqqında kifayət qədər məlumat verilmir. Bu, orta məktəb, ali məktəb dərsliklərinə salınmalıdır. Bu qara səhifə dərsliklərə salınmalıdır. Gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır. Bu günə qədər orada-burada sülənir Şuşanı satan satqın. Onlar bəla gətirdilər, faciə gətirdilər, günahsız insanların həlak olmasına şərait yaratdılar, insanları müdafiə etmədilər. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti qaçdı gizləndi, təslim oldu, biabır oldu. Ondan sonra otuz il ərzində elə bil ki, bunlar deyil bu torpaqları satanlar. Elə bil ki, bunlar deyil döyüş meydanından qaçanlar, bunlar deyil müharibə dövründə Gəncəni bombalayanlar, Azərbaycan əsgərini əsir götürənlər. Bunlardır. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır.

Amma təbii ki, bunlar istisna olmaqla, bu gün ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir. Mən bir məsələni də qeyd etmək istərdim. Bir neçə ay bundan əvvəl mənə məlumat verildi ki, bəzi partiyalar qeydiyyatdan keçməyiblər. Mənim üçün bu, sözün düzü, yenilik idi. Mən bilmirdim. Mənə heç kim məlumat verməmişdi ki, belə hallar var. Ona görə mən dərhal göstəriş verdim ki, bu məsələ öz həllini tapmalıdır. İndi siyasi partiyaların qeydiyyat məsələsi öz həllini tapır. Hətta bir daha demək istəyirəm ki, müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır. Əlbəttə ki, ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək, partiyalararası dialoqu möhkəmləndirmək, çatışmazlıqlar haqqında məsələ qaldırmaq və normal, sağlam rəqabət aparmaq – biz bunu istəyirik. Biz öz niyyətimizi ortaya qoymuşuq və şadam ki, bütün siyasi qüvvələr bu təşəbbüsə qoşulubdur.

Kadr islahatları aparılıb. Nazirlər Kabinetində rəhbərlik dəyişdirildi. Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında rəhbərlik dəyişdirildi. Bu da cəmiyyətdə çox müsbət qarşılanmışdır. Biz bu kadr dəyişikliyinin müsbət nəticələrini görürük.

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanmışdır. Hesab edirəm ki, o da sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi və bəzi hallarda düzgün məlumat mənə çatdırılmırdı. Müvafiq qurumlar korrupsiyaya və rüşvətxorluğa qarşı kifayət qədər ciddi mübarizə aparmırdılar, bəzi hallarda cinayətlərə göz yumurdular. Bütün bunlar həqiqətdir. Kadr islahatları artıq buna da son qoyub. Bu gün heç kim, cinayət törətmiş insan vəzifəsindən asılı olmayaraq məsuliyyətdən boyun qaçıra bilməz. Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Bunu hər kəs bilməlidir. Hesab edirəm, 2020-ci ilin hadisələri göstərir ki, hər kəs bunu artıq bilir.

Koronavirus, əlbəttə ki, bütün dünya üçün çox böyük sınaq idi. Hesab edirəm ki, Azərbaycan bu sınaqdan şərəflə çıxır. Vəziyyət tam nəzarətdədir. Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikildi, laboratoriyalar alındı. Həkimlər səfərbər olundu. Koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əməkhaqlarının 3-5 misli həcmində maaş alırlar. Çox böyük sosial paket təqdim edildi. Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi. Bu gün biz peyvəndi gözləyirik. Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Hər halda bütün kontraktlar imzalandı. Peyvəndin bir qədər gec gətirilməsi bizdən asılı deyil. Ondan sonra insanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq.

Baxmayaraq ki, 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb. Bizim iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Amma, eyni zamanda, onu da bildirməliyəm ki, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Nəyin hesabına? Məhz şaxələndirmə hesabına. Ona görə ki, sənayeləşmə siyasəti düzgün aparılıb. Neftin hasilatı bizdə azalır. Eyni zamanda, OPEC+ razılaşmasına görə biz özümüz də azaltmışıq. Neftin qiyməti aşağı düşüb. Əgər bu neft amili olmasaydı, bizim iqtisadiyyatımız bəlkə də daha az düşərdi. Amma qeyri-neft sənayesinin 11 faizdən çox artması real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir.

Kənd təsərrüfatı 2 faiz artıbdır və daha da çox artacaq. Çünki mən göstəriş vermişəm, azad edilmiş torpaqlarda indi payızlıq əkini aparılır. Bu barədə də danışacağıq. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıbdır. Neft Fondunun vəsaiti azalmayıb, artıb. Bu, bəlkə də bir çoxları üçün təəccüblüdür. Çox yox, amma təqribən 0,5 faiz artıb. Deməli, biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Baxmayaraq ki, biz koronavirusla mübarizəyə milyardlarla manat yönəltmişik, müharibə aparmışıq və digər xərclər olubdur, müavinətlər, sosial paket. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb. Yəni, bütün bunlar böyük maliyyə yüküdür. Amma dövlətin dayanıqlılığı, ölkəmizin uğurlu siyasəti nəticəsində biz buna nail ola bilmişik.

İlin sonunda - dekabrın 31-də daha bir şad xəbər gəldi, Cənub Qaz Dəhlizi tam istismara verilmişdir. Onun son seqmenti olan TAP istismara verildi. Azərbaycan qazı tarixdə ilk dəfə olaraq artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir. Çünki Cənub Qaz Dəhlizinin təşəbbüskarı da bizik. Əsas maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Bir çox ölkələri birləşdirən bu layihə gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur. Bu əməkdaşlıq formatı bu gün artıq özünü nəqliyyat sektorunda, ticarət sektorunda göstərir, ondan sonra digər sektorlarda göstərəcək. Biz Avrasiyanın enerji xəritəsini yenidən tərtib etdik. Biz bir–birinə bağlı olan 3500 kilometr uzunluğunda 3 qaz kəmərini inşa etdik. “Şahdəniz–2” layihəsini istismara verdik və artıq Avropa istehlakçıları Azərbaycan qazını alırlar. Bu, həm onlar, həm də bizim üçün faydalıdır. Eyni zamanda, digər layihələr üzrə də uğurlu işlər aparılıb. Əminəm ki, bu layihələrin işlənməsi bizə əlavə dividendlər gətirəcək - həm iqtisadi, həm siyasi.

Vaxtından əvvəl nə isə demək istəmirəm. Amma, eyni zamanda, biz yaxın günlərdə enerji sahəsində yeni gözəl hadisələrin şahidi olacağıq. Vaxt gələndə bu barədə də məlumat veriləcək. Yeni layihə bizim potensialımızı böyük dərəcədə gücləndirəcək.

Giriş sözümün sonunda beynəlxalq qurumların Azərbaycanda gedən işlərə verdikləri qiymətə də toxunmaq istərdim. Dünya Bankının “Doing Business” hesabatında, - yəqin vətəndaşlar xatırlayırlar, - bir neçə ölkə haqqında məlumatlar qeyri-dəqiq idi. Dünya Bankı bir neçə ay bundan əvvəl bildirmişdi ki, bu ölkələrin reytinqlərinə yenidən baxılacaq, o cümlədən Azərbaycan da bu siyahıda idi. Beləliklə, yenidən baxıldı və bizim reytinqimiz artırıldı. Çünki ondan əvvəl düzgün hesablanmamışdı. Bilmirəm hansı səbəblərə görə, o, başqa məsələdir. Amma yeni reytinqə görə, Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Bizim işimizə ağızlarını büzən, iqtisadiyyatdan başı çıxmayan tiplər üçün, ünsürlər üçün, bax, budur əsas. Dünya Bankı bunu deyir. Biznes iqlimi, investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən qeyd edilir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Ona görə deyirəm, dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək: “iqtisadiyyat düzgün aparılmır, elədir, belədir”. Gedin, oxuyun, əgər oxuya bilirsinizsə.

Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərini qeyd etmək istərdim. Əhalinin elektrik təchizatı səviyyəsi - dünya miqyasında Azərbaycan ikinci yerdədir. İkinci yerdədir dünya miqyasında. Hökumətin dəyişməyə cavabdehliyi, yəni ki, islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci yerdədir. Hökumətin uzunmüddətli strategiyası - Azərbaycan 10-cu yerdədir. Hökumətin siyasi sabitliyi təmin etməsi - Azərbaycan 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyi 11-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi – 12-ci yer. Avtomobil yollarının keyfiyyəti - 24-27-ci yerlərdəyik. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir. Bax, bu, dünyanın aparıcı və deyə bilərəm ki, ən nüfuzlu beynəlxalq qurumu olan Dünya Bankının və dünyanın bir nömrəli forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarının nəticələridir.

Ona görə bir daha demək istəyirəm ki, biz düzgün yoldayıq. Bütün çətinliklərə baxmayaraq, işğala baxmayaraq, 1 milyon qaçqının olmasına baxmayaraq, biz bu nailiyyətləri əldə etmişik. İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq.

İndi isə keçək bu il görüləcək işlərin müzakirəsinə. İlk növbədə, istərdim ki, Operativ Qərargahın məlumatını dinləyim. Operativ Qərargah mənim göstərişimlə yaradılıb və artıq fəal işləyir. Bir çox tapşırıqlar verilib. Operativ Qərargahın rəhbəri bəzi məlumatlar versin. Biz daim təmasdayıq, amma istərdim ki, vətəndaşlar da bunu eşitsinlər”.

Operativ Qərargahın rəhbəri, Baş nazir Əli Əsədov çıxış edərək deyib:

“Söz verdiyinizə görə, çox sağ olun, möhtərəm cənab Prezident.

Cənab Prezident, icazə verin, əvvəlcə Sizi hökumətin bu geniş müşavirədə iştirak edən və etməyən bütün üzvləri adından böyük Qələbəmiz münasibətilə təbrik edək. Bütün dünyanın gözü 44 gün ərzində Azərbaycanda idi. Ali Baş Komandan olaraq Siz, həm cəbhədə Silahlı Qüvvələrimizə rəhbərlik edir, həm də diplomatiya və informasiya məkanında uğurla mübarizə aparırdınız. Bütün dünya görürdü ki, Qələbənin bir ünvanı var - qəhrəman Azərbaycan əsgəri, zabiti və onun sərkərdəsi, Ali Baş Komandanı Siz!

Onu da demək istəyirəm, bu Qələbə bir saatın, bir günün, bir ilin qələbəsi deyil. İlk gündən Sizin yanınızda köməkçi kimi işləyərək mən bunu digər həmkarlarımla bərabər görmüşəm, bu Qələbə bu illər ərzində hər gün, hər saat Sizin fəaliyyətinizin ən əsas prioriteti idi. Siz çox qələbələr qazanmısınız. Azərbaycan xalqı və dünya bunu bilir. Bu, diplomatik qələbələr olub, bu, humanitar sahədə qələbələr olub. Bizim idman sahəsində və digər sahələrdə də kifayət qədər çox qələbələrimiz var. Ancaq Sizin rəhbərliyinizlə 44 gündə Vətən torpaqlarının işğaldan azad edilməsi bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının ən müqəddəs arzusunun çin olması tarixə böyük hərflərlə yazılan QƏLƏBƏDİR! Cənab Prezident, bu, hamının fikridir. Bunu bütün xalqımız bilir və bütün xalqımız bu Qələbənin sevinc hissi ilə yaşayır.

Pandemiyaya qarşı görülən işlərə gəlincə, deməliyəm ki, bütün dünyanı bürüyən COVID xəstəliyi ilə əlaqədar Sizin Sərəncamınızla fevralın 27-də Operativ Qərargah yaradılmışdır. Həmin tarixdən başlayaraq bu xəstəliklə mübarizə bir neçə mərhələ keçmişdir. Sizin və çox hörmətli Birinci vitse-prezident Mehriban xanımın birbaşa tapşırığı və tövsiyələri ilə biz də öz fəaliyyətimizi Ümumdünya Səhiyyə Təşkilatının, həkimlərimizin və qonşu ölkələrin təcrübəsinə, aparılan protokollara uyğun olaraq qurmuşuq. Bütün potensial imkanlar - insan resursları, maliyyə resursları və inzibati resurslar səfərbər olunmuşdur. İl ərzində bu istiqamətdə Sizin rəhbərliyinizlə bir neçə dəfə müşavirə keçirilmiş və bu müşavirələrdə görülmüş işlər barədə məlumatlar verilmişdir.

Cənab Prezident, təbii olaraq bütün dünyanın bu pandemiyaya hazırlığı aşağı səviyyədə olduğu kimi, biz də bu xəstəliyə lazımi dərəcədə hazır deyildik. Ancaq Sizin rəhbərliyinizlə qısa müddət ərzində görülmüş çox operativ tədbirlər nəticəsində laboratoriyaların sayı artırılmış, maska və dərman qıtlığı aradan qaldırılmış, yeni süni tənəffüs aparatlarının (ECMO) alınması təmin edilmişdir. Xüsusi olaraq bu xəstəliklə mübarizə üçün qısa müddət ərzində modul tipli xəstəxanalar yaradılmış, mövcud xəstəxanaların formatı və reanimasiya şöbələrinin şəraiti dəyişdirilərək koronavirusla mübarizəyə cəlb edilmişdir.

Möhtərəm cənab Prezident, il ərzində karantin şərtləri bir neçə dəfə dəyişdirilmişdir. Biz ümumi karantin rejimindən sərtləşdirilmiş karantin rejiminə keçmişik. Təbii ki, bu hallar həm iqtisadiyyatda, həm sosial sferada, həm də insanların davranışlarında məhdudiyyətlərə səbəb olmuşdur. Ancaq hamı bilirdi, insanların reaksiyasından da bəlli olurdu ki, Azərbaycanda Sizin rəhbərliyinizlə Operativ Qərargah tərəfindən görülən işlər uğurludur. Bunu rəqəmlərdən də görmək olar. Cənab Prezident, Siz çıxışınızda COVID-19-la əlaqədar büdcəmizdən ayrılan vəsait və maliyyə imkanlarımız barədə danışdınız. COVID-lə mübarizəyə birbaşa olaraq 644 milyon manata qədər vəsait sərf olunmuşdur. Bu il üçün isə büdcədə hələlik birbaşa 261 milyon manat nəzərdə tutulub. Lazım olsa, əlavə ehtiyatlarımız var. Nəzərə alsaq ki, biz çox işləri 2020-ci ildə icra etmişik, əlavə xəstəxanalara, modul tipli xəstəxanalara və sairə ehtiyac yoxdur.

Cənab Prezident, Siz dediniz, bütün mənbələr və maliyyə imkanları nəzərə alınaraq iqtisadiyyata ümumilikdə təqribən 2,5 milyard manatlıqdan artıq dəstək göstərilmişdir. Xüsusilə işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə biz dörd dəfə 190 manat birdəfəlik ödəmə vermişik. Bu da toplam olaraq 450 milyon manat vəsait deməkdir.

Koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Sizin Fərmanınızla xüsusi fond yaradılmışdır və bu fonda 114 milyon manatdan artıq vəsait yığılmışdır. Bununla bərabər, xəstəliklə mübarizə üçün xarici ölkələrdən həkimlər cəlb edilmişdir.

Möhtərəm cənab Prezident, təbii olaraq, dünya bu xəstəliklə mübarizə aparır. Biz hazırda yanvarın 18-dək sərtləşdirilmiş karantin rejimindəyik. Ümumi karantin rejiminin müddəti yanvar ayının 31-dək artırılıb və bu istiqamətdə ciddi nəzarət var. Hesab edirik ki, Siz dediyiniz kimi, peyvənd Azərbaycana gətiriləndən sonra bu xəstəliklə mübarizədə, onun qarşısının alınmasında xeyli irəliləyiş olacaqdır.

Bununla bərabər, Siz müharibə ilə əlaqədar digər tapşırıqlar da vermisiniz. İcazənizlə, mən bu barədə də açıqlama verərdim. Sentyabrın 27-dən başlayan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin qarşısında tab gətirə bilməyən Ermənistan silahlı qüvvələri hərbi cinayət törədərək bizim mülki əhalini, şəhər, rayon və kəndlərimizi atəşə tutaraq öz xislətini göstərdi. Bu təcavüz nəticəsində bizim mülki əhaliyə, dövlət əmlakına, infrastrukturumuza, sahibkarlarımıza çox ciddi zərər vurulmuşdur. Bu zərərlərin qiymətləndirilməsi və gələcəkdə kompensasiya edilməsi istiqamətində Sizin 6 noyabr tarixli Sərəncamınız olmuşdur. Sərəncamınızla Siz Dövlət Komissiyası yaratdınız və ona müvafiq konkret tapşırıqlar verdiniz. Sərəncamın icrası ilə bağlı Dövlət Komissiyasının gördüyü işlər barədə qısa məlumat vermək istərdim. Sərəncamla verilən tapşırıqların icrası ilə əlaqədar dərhal İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Respublika Prokurorluğunun, “ASAN xidmət” və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət 11 şəhər və rayonda 13 işçi qrupu yaradılmışdır. İşçi qruplarına mərkəzi icra orqanlarının - nazirlərin və komitə sədrlərinin müavinləri səviyyəsində rəhbərlik edilir. Ümumiyyətlə, qiymətləndirmə ilə əlaqədar işlərə 200-dən çox məsul şəxs cəlb olunmuşdur. Ötən müddət ərzində zərər çəkmiş vətəndaşların özlərinin iştirakı ilə 10 min 300-dən artıq obyektə baxış keçirilmiş və qiymətləndirmə aparılmışdır. Qiymətləndirmədən sonra müvafiq aktlar tərtib edilmiş və təqdim olunmuşdur. Ən çox zərər çəkmiş Tərtər rayonunda dəymiş ziyanın ilkin proqnozdan dəfələrlə çox olduğu nəzərə alınaraq, orada işlər indi də davam etdirilir. Yaxın günlərdə bu işlər başa çatdırılacaq.

Cənab Prezident, toplanmış materiallara əsasən, dağılmış və qəzalı vəziyyətə düşmüş, o cümlədən ziyan dəymiş əmlakın bərpa dəyəri əsasında, nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və digər daşınmaz əmlak isə orta bazar qiyməti prinsipinə uyğun olaraq qiymətləndirilmişdir. Bu günədək hesablanmış dəymiş ziyan 63,6 milyon manat həcmində qiymətləndirilir.

Cənab Prezident, vətəndaşların əmlakı ilə bərabər, dövlət əmlakına da ciddi ziyan dəymişdir. Belə ki, dövlət əmlakına - əsasən yol infrastrukturuna, elektrik, rabitə, qaz, su xətlərinə və digər infrastruktur obyektlərinə dəymiş ziyan toplam olaraq təqribən 27,4 milyon manat dəyərləndirilir. Ümumiyyətlə, bu günədək aparılmış qiymətləndirmə 91 milyon manat təşkil edir. Bir neçə rəqəmi diqqətə çatdırmaq istəyirəm. Dağıdılmış və qəzalı evlərin sayı 264 idi. Bu, tam dağıdılmış, o cümlədən 10 çoxmənzilli bina Gəncə şəhərindədir. Ümumi fərdi yaşayış evlərinin sayı 9294-dür. 440 sahibkarlıq obyektinə, 227 nəqliyyat vasitəsinə, digər 18 obyektə, məktəblərə və sosial obyektlərə, 518 kənd təsərrüfatı obyektinə ziyan dəymişdir.

Möhtərəm cənab Prezident, Siz bu proses üçün komissiyaya 2 ay vaxt vermişdiniz. Tamamilə dağıdılmış, zərər çəkmiş binalarda yaşayan əhalinin şəxsi əşyalarına dəymiş ziyanın dərhal ödənilməsi ilə əlaqədar dekabrın 14-də Sizin Sərəncamınız olmuşdur. Sərəncama əsasən Siz 9 milyon 100 min manat vəsait ayırmısınız. O vəsaitdən qəzalı vəziyyətə düşmüş yaşayış evlərinə dəymiş ziyanla əlaqədar hər ailəyə 6 min, hər ailə üzvünə 1500 manat və ziyan dəymiş digər ailələrə 1000 manat ayrılması tapşırığı verilmişdir. Bu tapşırıqla əlaqədar həmin kontingent siyahıya alınıb və bu da 6143 ailədir. Bu proses bank vasitəsilə konkret ailə üzvlərinə plastik kartlar açılmaqla yerli icra hakimiyyəti və maliyyə strukturlarının nəzarəti altında icra olunur. Dünənədək 25 faiz icra olunub. Söz verilir ki, qısa müddətdə - bir həftə ərzində bu proses başa çatdırılacaq.

Cənab Prezident, Sərəncamda digər tapşırıqlar da verilib. Siz də çıxışınızda dediyiniz kimi, dəymiş bu ziyan qiymətləndirilir və Xarici İşlər Nazirliyi vasitəsilə beynəlxalq təşkilatlara və xarici nümayəndələrə çatdırılır. Bu məsələlərin və aparılan bu qiymətləndirilmələrin şəffaf olması üçün “ASAN xidmət” vasitəsilə vahid elektron baza da yaradılıb. Cənab Prezident, işlər davam edir və bu barədə ictimaiyyətə mətbuat vasitəsilə daim məlumatlar verilir”.

Prezident İlham Əliyev deyib:

“Bu 9 mindən çox ev ki, onlara ziyan dəyib, əlbəttə, bu evlərin bərpası bizim əsas vəzifələrimizdən biri olmalıdır. İndi işlər başlanıb. İndi siz də qeyd etdiniz, itirilmiş əmlakın bərpası, vətəndaşlara vəsaitin verilməsi - bütün bunları həll etmişik. Əlbəttə ki, evlərin tikintisində və bərpasında biz fəal iştirak edirik. Çalışmalıyıq ki, bu məsələ də qısa müddət ərzində öz həllini tapsın. Eyni zamanda, çoxmənzilli evlərin yenidən tikilməsi üçün vəsait ayrılmışdır. Hesablayın, əgər əlavə vəsait lazım olacaqsa, nə qədər lazımdırsa, biz o qədər də vəsaiti ayırmalıyıq.

Gəncə şəhərində yaşayış binalarının Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılması və bunun nəticəsində bir çox insanın həlak olması faktı erməni vəhşiliyini bir daha bütün dünyaya göstərib. Bu evlər yenidən tikilməlidir. Amma hesab edirəm ki, həmin yerlərdə yox, həmin yerlər xatirə komplekslərinə çevrilməlidir. Hesab edirəm ki, biz artıq orada təmizləmə işlərinə də start verməliyik. Çünki bir müddət o yerlər dağılmış vəziyyətdə qalmışdır ki, xarici jurnalistlər, eyni zamanda, diplomatik missiyaların nümayəndələri gedib orada erməni vəhşiliyini öz gözləri ilə görsünlər. Demək olar ki, dünyanın bütün aparıcı kütləvi informasiya vasitələri bu dəhşətli görüntüləri öz videoreportajlarında əks etdirmişlər. İndi isə Gəncə şəhərində dağılmış çoxmənzilli evlərin ərazilərində təmizlik işlərinə start verilməlidir. Yerli icra orqanlarına kömək göstərin və layihələr hazırlayın. O xatirə kompleksi həmin yerlərdə olmalıdır ki, heç kim bizim şəhidlərimizi unutmasın və biz onların əziz xatirəsini əbədiləşdirməliyik.

Azad edilmiş torpaqlarda artıq işlər başlamışdır. O mənada ki, müvafiq göstərişlər verilmişdir. İlk növbədə, minalardan təmizlənmə işləri gedir. Şəhərsalma ilə bağlı artıq ilkin təmaslar yaradılıb.

Minalardan təmizlənmə ilə əlaqədar, hesab edirəm ki, biz bu sahəni böyük dərəcədə gücləndirməliyik. Çünki mənə verilən məlumata görə, bu günə qədər bu məsələ ilə məşğul olan qurumun heç hər hansı bir dövlət statusu da yoxdur. ANAMA qurumunun dövlət statusu yoxdur, bu, adi agentlikdir. O, faktiki olaraq dövlət idarəetmə strukturunda agentliyə xas olan səlahiyyətlərə malik deyil. Bu, vaxtilə yaradılmış komissiyanın nəzdində olan bir qurumdur. Ona görə mən artıq göstəriş vermişəm ki, bu qurum yaxın günlərdə yenidən təşkil edilsin. Ərazilərin Bərpası Agentliyi ilə birləşdirilməsinə də baxmaq olar. Çünki bu qurumun də faktiki olaraq agentlik statusu yoxdur. Say tərkibinə baxılmalıdır. Mənə verilən məlumata görə, orada təqribən 500 adam çalışır. Nə qədərdir?”

Baş nazir Əli Əsədov cavab verib: “560 nəfər”.

Prezident İlham Əliyev bildirib:

“Əlbəttə, bu tərkiblə biz istədiyimizə nail ola bilmərik. Yeni yaradılacaq bu qurum ən müasir texnika ilə təchiz edilməlidir. Dövlət İnvestisiya Proqramında bunu mütləq nəzərə alın ki, biz bu məsələyə çox vaxt itirməyək. İndi bəzi rəqəmlər səslənir, bəzi bəyanatlar verilir. Hesab edirəm ki, bu bəyanatlar yersizdir. İndi oturub bunu hesablamaq ki, biz bu torpaqları neçə ilə minalardan azad edəcəyik, sadəcə olaraq, məsuliyyətsizlikdir. Heç kim deyə bilməz. Burada hər hansı bir meyar, yaxud da ki, əmsal ola bilməz. Çünki mənfur düşmən hər tərəfi minalayıb və xəritələri də bizə verməyib. Biz nə qədər tələb etmişik, o minaların xəritəsi olmalıdır və onlar bizə verilmir. Ona görə indi biz gərək öz işimizi prioritetlər əsasında quraq, əslində, qurmuşuq. Eyni zamanda, mən göstəriş vermişəm ki, Müdafiə Nazirliyində ən azı ilkin mərhələdə iki istehkamçı tabor yaradılsın. Dünən müdafiə naziri mənə məlumat vermişdir ki, bu sahədə işlər gedir. Eyni zamanda, Türkiyədən bildiyiniz kimi, 130 nəfərdən ibarət böyük heyət gəlmişdir. Onlar həm təlimatçı kimi bizim istehkamçılar üçün treninq keçirirlər, eyni zamanda, özləri də təmizləmə işləri ilə məşğuldurlar. İki gün bundan əvvəl Rusiyadan bir qrup istehkamçı gəlib və artıq onlar da bu fəaliyyətə başlayıblar. Biz bütün xarici tərəfdaşlara dərin təşəkkürümüzü bildiririk. Çünki bu ərazilərin bərpası üçün başlıca vəzifə minalardan təmizləmədir. Bütün ərazilərin, şəhərlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır. Hər şəhər üzrə vahid konsepsiya olmalıdır. Mən bu barədə indi Samir Nuriyevə söz verəcəyəm. İlkin təmaslar artıq qurulubdur, məlumat verəcək. Eyni zamanda, kəndlərin bərpası ilə bağlı vahid yanaşma olmalıdır. Çünki işğaldan əvvəl bəzi kəndlərdə yaşayan insanların sayı çox az idi, təqribən 20 nəfər, 30 nəfər, 50 nəfər. Əlbəttə, ilk növbədə, biz böyük yaşayış məntəqələrinin bərpası ilə məşğul olmalıyıq. Hesab edirəm ki, aidiyyəti qurumlar, hökumət, Prezident Administrasiyası kəndlərin optimal say tərkibini müəyyən etməlidir. Yəni, bizim üçün bir oriyentir olmalıdır. Əlbəttə ki, bu tarixi yaşayış məntəqələrinin mövcudluğu, torpaq sahələri nəzərə alınmalıdır ki, orada məskunlaşacaq insanlar öz ailə büdcələrini orada işləyərək təmin etsinlər. Yəni, onlar daha dövlət dəstəyinə möhtac qalmasınlar. Onlar üçün elə torpaq sahələri ayrılmalıdır ki, orada rahat əkib-becərə bilsinlər və yaxşı da gəlir götürsünlər. Nəzərə alsaq ki, bu torpaqlarda torpaq islahatı aparılmayıb, bu islahatı aparmaq üçün biz, əlbəttə, yeni meyarlar işləməliyik. Çünki 1990-cı illərdə torpaq islahatı bəzi hallarda natamam aparılmışdır və ondan sonra bəzi problemlər üzə çıxmışdır. Torpaq sahələri düzgün qeydiyyata alınmamışdır. Ona görə biz indi belə bir vəziyyətlə üzləşdik. Peykdən əldə edilən məlumat yerlərdə olan məlumatla uzlaşmır. Ona görə indi Kənd Təsərrüfatı Nazirliyi bu problemin həlli ilə məşğuldur. Amma azad edilmiş torpaqlarda bu səhvlərə əlbəttə ki, yol verilə bilməz. Ona görə dəqiq bilməliyik ki, hansı torpaqlar dövlət torpaq fonduna veriləcək, hansı torpaqlar meşə fonduna veriləcək. Onu da bildirməliyəm ki, bizim meşələrimizin böyük hissəsi qırılıb. Məndə məlumat var. Mən o məlumatı səsləndirəcəyəm. Ümumiyyətlə, azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kənd təsərrüfatı, kənd təsərrüfatı emalı və turizm sahələri olmalıdır ki, biz bu bölgənin təbiiliyini qoruya bilək. Ermənilər nə qədər çalışsalar da, orada məskunlaşma apara bilməmişlər. Çünki onların canlı resursları yoxdur. Bir də azad edilmiş torpaqlarda ki, ermənilər yaşayıb, mən orada olmuşam. Onlar elə gündə yaşayıblar ki, adam baxanda vallah dəhşətə gəlir. Məşhur Şurnux kəndi var ki, ermənilər bizim torpaqlarımızda yaşayıblar, indi onlar oradan çıxarılıbdır. Dünən Sərhəd Xidmətinin rəisi mənə məlumat verib, dəhşətli bir mənzərədir. Elə bil it damıdır. Deyirəm ki, çəkin bunu. İndi jurnalistlər göndərilib. Çəkin göstərin, qoy görsünlər bunlar nə gündə yaşayıblar. Çünki resurs olmayıb, istək olmayıb, canlı resurs olmayıb. Bir də ki, onlar heç vaxt bu torpaqları öz torpaqları kimi qəbul etməyiblər. Əks-təqdirdə, - onların ən çox yaşadıqları Şuşa şəhəri olubdur, - Şuşa şəhəri belə acınacaqlı vəziyyətdə olmazdı. Əgər onlar tarixi saxtalaşdıraraq Şuşa şəhərini bütün dünyaya erməni şəhəri kimi təqdim etməyə çalışıblarsa, heç olmasa, oraya əl gəzdirərdilər. O separatçı qurumun rəhbərləri özləri üçün imarətlər tikiblər. Erməni oliqarxlar imarətlər tikiblər. Amma onlardan başqa bir dənə də müasir tikinti yoxdur. Bizim tarixi-memarlıq abidələrimizi dağıdıblar. Ona görə bu məsələ ilə bağlı və digər məsələlərlə bağlı qaydalar, o cümlədən şəhərsalma qaydaları elə aparılmalıdır ki, bərpa olunacaq şəhərlərin dəqiq say tərkibi müəyyən edilsin. Biz özümüz hədəf qoymalıyıq, hansı şəhəri hansı formada görmək istəyirik. Əlbəttə ki, işlər əsaslı getməlidir. Minalardan təmizləmə, şəhərsalma qaydaları, infrastruktur layihələri və tikinti işləri ən müasir standartlara cavab verməlidir. Ona görə Samir Nuriyev görülmüş və bundan sonra nəzərdə tutulan işlər haqqında məlumat versin”.

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev çıxış edərək deyib:

“Təşəkkür edirəm, möhtərəm cənab Prezident. Sizin 2020-ci il 24 noyabr tarixli Sərəncamınızla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılmışdır. Əlaqələndirmə Qərargahı dərhal işə başlamışdır. Gündəlik məsələlərin həll edilməsi ilə yanaşı, ortamüddətli planlaşdırma işlərinə də başlanılmışdır. İlk növbədə, qərargahın üzvləri toplaşaraq aidiyyəti üzrə bütün məsələlərin mərkəzləşdirilməsi məqsədilə müzakirələr aparmışlar. Eyni zamanda, işin təşkilini təmin etmək məqsədilə Əlaqələndirmə Qərargahı nəzdində idarələrarası mərkəz yaradılmışdır. Həmçinin bu mərkəzin nəzdində işçi qrupları yaradılmışdır. Möhtərəm cənab Prezident, qeyd etdiyiniz bütün istiqamətlər üzrə 16 işçi qrupu yaradılmışdır. İlk növbədə, əlbəttə ki, minalardan və partlamamış sursatlardan təmizləmə məsələləri ilə bağlı çox ciddi müzakirələr aparılmış və artıq müəyyən planlar tərtib olunmuşdur. Həmçinin sosial, iqtisadi, humanitar, hüquqi və digər məsələlər üzrə işçi qrupları yaradılmışdır. Ən əsas da şəhərsalma planlaşdırılması, bu çərçivədə tarixi abidələrin qorunması və bərpası məsələlərinə də ciddi yanaşmalar təklif olunur. Eyni zamanda, infrastruktur məsələləri və enerji təminatı üzrə işlər aparılır. Qeyd etmək istəyirəm ki, bu gün qərargahın nəzdində fəaliyyət göstərən işçi qruplarında 55 dövlət qurumunun 160 nümayəndəsi iştirak edir. Son bir ay ərzində gündəlik məsələlərlə və qəbul olunmuş qərarlarla yanaşı, Strateji Fəaliyyət Planının hazırlanması istiqamətində işlər aparılmışdır. Artıq bu fəaliyyət planı hazırdır. Həmin planın əsasında tədbirlər planı da hazırlanmışdır və bütün aidiyyəti qurumlarla razılaşdırılmışdır. Əlbəttə ki, bütün işçi qruplarının arasında birmənalı olaraq əlaqələr qurulmuşdur. Bütün istiqamətlər üzrə daimi olaraq gündəlik əsasda fikir mübadiləsi aparılır, bütün işlər planlı və kompleks yanaşma əsasında həyata keçirilir. Şəhərsalma planlaşdırması ilə bağlı, ilk növbədə, işğaldan azad olunmuş bütün ərazilər üzrə ümumi planın hazırlanması istiqamətində işlərə başlanılmışdır. Eyni zamanda, artıq işğaldan azad olunmuş ərazilərə yerində baxışlar keçirilir. Bir sıra şəhərlərin yerləşdirilməsi və onların planlaşdırılması ilə bağlı işlərə başlanılmışdır. Bununla yanaşı, bir sıra beynəlxalq və xarici şirkətlərlə əlaqələr qurulmuş, danışıqlara başlanılmışdır. Yerli mütəxəssislərin cəlb olunması təmin edilmişdir. Cənab Prezident, Sizin Şuşa şəhərinə göndərdiyiniz böyük qrup çərçivəsində şəhərsalma üzrə mütəxəssislər də olmuşdur və Şuşa şəhərinin baş planının hazırlanması üzərində işlərə başlanılmışdır. İlk növbədə, Şuşa şəhərinin ortofoto şəkli çəkilmiş və topoqrafiya işləri davam etdirilmişdir. Eyni zamanda, ərazilərə baxış keçirilərkən orada dəymiş ziyanın qiymətləndirilməsi məsələsinə də diqqət yetirilir. Mövcud vəziyyət dəyərləndirilir və sənədləşdirilir.

Möhtərəm cənab Prezident, həyata keçirilən işlərin davam etdirilməsi üçün artıq bütün planlar hazırdır və yaxın günlərdə Sizə təqdim olunacaq. Diqqətinizə görə təşəkkür edirəm”.

Prezident İlham Əliyev bildirib:

“Bərpa işlərinə qədər digər vacib bir məsələ də öz həllini tapmalıdır. Bu, dəymiş ziyanın hesablanmasıdır. Artıq müvafiq göstəriş verilib və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı beynəlxalq tərəfdaşlarla da təmaslar qurub. Əlbəttə ki, bütün ilkin işləri biz özümüz görməliyik. Bütün şəhərlərin, bütün kəndlərin video və foto çəkilişləri aparılmalıdır, təsdiq edilməlidir, protokollaşdırılmalıdır.

Bununla paralel olaraq, dağıdılmış və azad edilmiş bütün torpaqların peyk vasitəsilə çəkilişi aparılmalıdır. Dronlardan da istifadə etməklə hər bir şəhərin, hər bir kəndin sənədləşdirilməsi, əgər belə demək mümkündürsə, pasportlaşdırılması aparılmalıdır. Bunu biz özümüz aparmalıyıq. Xarici mütəxəssislər, beynəlxalq şirkətlər gələndə artıq bu materiallar onlara təqdim ediləcək. Əlbəttə ki, onlar özləri də sərbəst şəkildə bütün tədqiqatları aparmalıdırlar. Burada, ilk növbədə, tarixi abidələrin məhv edilməsi, dağıdılması öz əksini tapmalıdır - ictimai binaların, dövlət binalarının, müəssisələrin, - o vaxt bütün müəssisələr dövlət mülkiyyətində idi, - fərdi evlərin və çoxmənzilli binaların dağıdılması. Bütün sənədləşmə işləri aparıldıqdan sonra bu əmlakların o vaxtkı qiyməti rubl ekvivalentində çıxarılmalıdır və bunun indiki qiymətləndirilməsi aparılmalıdır. Yəni, bu işləri biz özümüz görməliyik və bu, xaricdən gələn şirkətlərin işini də bir qədər yüngülləşdirəcək. Onlar bunun əsasında müstəqil şəkildə öz hesabatlarını hazırlayacaqlar. Bu, bizə mütləq lazımdır. Çünki təzminat davasının başlanması üçün bizdə mütləq tanınmış beynəlxalq şirkətlərin rəyi olmalıdır.

Dəymiş ziyana gəldikdə, eyni zamanda, biz itirilmiş gəliri də hesablamalıyıq. Çünki bu 30 il ərzində biz bu müəssisələrdən hansı gəliri götürə bilərdik. Orada bir çox müəssisələr və bu müəssisələrin böyük potensialı var idi. Onlar dağıdılıb və biz götürə biləcəyimiz o gəliri götürməmişik. O da hesablanmalıdır. Həmçinin ekologiyamıza vurulan ziyan hesablanmalıdır. Mən bəzi rəqəmləri səsləndirəcəyəm. Qırılan meşələr. Bu meşələr elə-belə qırılmayıb. Bu meşələr qırılıb və satılıb. Qırılmış o meşələrin, ağacların bazar qiyməti hesablanmalıdır. Çünki bunlar satılıb və qanunsuz gəlir mənbəyi olubdur. Bununla paralel olaraq, bizim torpaqlarımız qanunsuz yollarla istismar edilib. İndi Ermənistan mətbuatında gedən məlumata görə, o torpaqların böyük hissəsini kriminal rejimin başçıları zəbt etmişdilər. Orada Ermənistanın keçmiş prezidentləri Koçaryan və Sarkisyanın böyük torpaq sahələri var idi. Eyni zamanda, qanunsuz rejimə rəhbərlik edənlərin böyük torpaq sahələri var idi. Onlar hər il böyük gəlir əldə edirdilər. Çünki o torpaqlar çox münbitdir və çox məhsuldardır. Eyni zamanda, örüş sahələri, otlaq sahələri. Bütün bunların qanunsuz istismarı gərək qiymətləndirilsin və biz onu pul ekvivalentinə çevirməliyik.

Əlbəttə, oradakı təbii sərvətlərin qanunsuz istismarı artıq danılmaz faktdır. Bizdə şirkətlərin adları var. Bildirməliyəm ki, əgər bizim qızıl və digər yataqlarımızı qanunsuz istismar edən bu şirkətlər təzminat ödəməsələr, bu məsələ məhkəməyə gedəcək. Əgər bu təzminatı ödəməsələr, bütün işlər gedəcək beynəlxalq məhkəmələrə və onlar orada biabır olacaqlar. Bundan sonra onların biznes fəaliyyəti demək olar ki, dayandırılacaq. Çünki başqa ölkədə təbii sərvətləri qanunsuz istismar edib, ondan gəlir qazanıb varlanan şirkətlərə, insanlara müasir dünyada yer yoxdur. Ona görə onların qarşısında məsələ qoyulub, onların qanunsuz istismar etdikləri qızılın və digər təbii sərvətlərimizin dəyəri hesablanmalıdır, dəymiş ziyan hesablanmalıdır, əldə edilmiş gəlir hesablanmalıdır və bizə qaytarılmalıdır. O təqdirdə biz beynəlxalq məhkəmələrə müraciət etməyə bilərik.

Söz düşmüşkən, azad edilmiş torpaqlarda iqtisadi sahələrin biri də dağ-mədən sahəsi olacaqdır. Bizim artıq bu sahədə də təcrübəmiz var və biz bu işlərlə də məşğul olacağıq.

Ona görə söz verilir iqtisadiyyat nazirinə. Bu məsələ ilə və digər məsələlərlə bağlı məlumat verin”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib:

“Təşəkkür edirəm, möhtərəm cənab Prezident.

İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası Sizin tapşırığınıza uyğun olaraq hazırlanıb. Onun hazırlanması və müzakirəsi prosesində iqtisadi şurada bütün rəylər nəzərə alınıb və aidiyyəti üzrə təqdim edilib. İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz