Ötən həftə Təhsil Nazirliyi “Virtual məktəb”də milli qiymətləndirmə keçirib. Milli qiymətləndirmə təhsil prosesinin təşkili, planlaşdırılması haqqında toplanmış məlumatlar vasitəsilə kurikulumun keyfiyyətini və təhsil sistemində baş verən dəyişiklikləri dəyərləndirmək məqsədilə həyata keçirilir. Milli mütəxəssislər tərəfindən aparılan bu qiymətləndirmə nəticəsində əldə olunan nəticələr kurikulumun, təlim-tədris prosesinin keyfiyyətinin və təhsildə aparılan dəyişikliklərin dəyərləndirilməsinə, təhsilin keyfiyyətinə nəzarətin daha səmərəli həyata keçirilməsinə xidmət edir. Milli qiymətləndirmə 4-cü, 6-cı və 9-cu siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə keçirilib.
Bu dəfə imtahanın şəffaflığı şagirdlərin özlərinə həvalə edilib. Ancaq görünən odur ki, vəziyyət heç də ürəkaçan olmayıb. Belə ki, pandemiyaya görə onlayn qaydada aparılan milli qiymətləndirmə bir çox təhsil iştirakçısının dili ilə desək, sanki “milli köçürmə, köməkləşmə günü”nü xatırladıb. Müzakirələrdən belə məlum olur ki, onlayn formada həyata keçirilən imtahanda şagirdlər arasında kənardan kömək alaraq sualları cavablayanlar kifayət qədər çox olub. Bu işdə onlara qohumlar, valideynlər, tanışlar, bəzi hallarda müəllimlərin özü də köməklik göstərib.
Daha bir məqam isə imtahan günü yaşanan texniki problemlərlə bağlı olub. Belə ki, şagirdlər dərslərinə bir neçə aydır “Virtual məktəb” platformasından davam etsələr də, əvvəlcədən təlimatlandırma olmadığına görə imtahan günü çaşqınlıq içində qalanlar da olub. Eyni zamanda, bir sıra yerlərdə internet, işıq problemi yaşanıb, şagirdlər testləri tamamlaya bilməyiblər.
Bu zaman ortaya bir çox suallar çıxır: əgər bu imtahan deyildiyi kimi, təhsil prosesinin qiymətləndirilməsi, nəticəyə uyğun işlərin həyata keçirilməsi üçün aparılan ciddi bir imtahan idisə, niyə sadalanan problemlər əvvəlcədən nəzərə alınmayıb? Bəs, Təhsil Nazirliyi köçürmə hallarından tutmuş, imtahan zamanı yarana biləcək bir sıra problemləri əvvəlcədən hesaba qata bilməyibmi? Yox, hər şey nəzərə alınıbsa, bəs, niyə nəticə tamamilə başqa bir mənzərə yaradıb?
Bütün bu söz-söhbətdən sonra Təhsil Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlama belə oldu:
“Dekabrın 19-da “Virtual məktəb”də, əsas məqsədi IV, VI və IX sinif şagirdləri arasında keyfiyyət göstəricilərini müəyyən etmək olan onlayn milli qiymətləndirmə təşkil edilib. “Microsoft Teams” platforması üzərindən təşkil olunan budəfəki qiymətləndirmədə ümumi təhsil pilləsində keyfiyyət göstəriciləri ilə yanaşı, elektron sistemin imkanları da texniki olaraq dəyərləndirilib. Bir daha qeyd olunmalıdır ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Texniki səbəblərdən sözügedən qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün əlavə qiymətləndirmə keçiriləcək. Bu barədə ictimaiyyət məlumatlandırılacaq”.
Açıqlamada o da qeyd olunub ki, mövcud şərait nəzərə alınaraq, 2020-2021-ci tədris ili üzrə məktəbdaxili qiymətləndirmənin hansı formada aparılması ilə əlaqədar Təhsil Nazirliyi Kollegiyasının qərar layihəsi artıq hazırlanıb, indi layihə üzrə rəy və təkliflər toplanılır. Bununla bağlı tezliklə geniş məlumat veriləcək.
Göründüyü kimi, milli qiymətləndirmə ilə bağlı ictimaiyyəti düşündürən suallar hələ də açıq qalır. Bu suallara təhsil eksperti Elçin Əfəndiyev ilə mümkün qədər aydınlıq gətirməyə çalışdıq. O, keçirilən milli qiymətləndirməni formal xarakterli imtahan kimi dəyərləndirir:
“Bu, sadəcə olaraq, şagirdlərin ümumi prosesdən geri qalmamaları üçün atılmış bir addım idi. Ona görə həyata keçirildi ki, şagirdlər ən azından dərs və imtahan proseslərindən kənar qalmasınlar”.
E.Əfəndiyev vacib hesab etdiyi digər bir məqama da diqqət çəkdi:
“Şagirdlərin bu sistemdə tam qiymətləndirilməsi mümkün deyil. Köçürmə halları ola bilər. Şagird evdə oturub, kitabı özünə yaxın qoyub, köçürə bilər. Bu zaman hər hansı şəffaf qiymətləndirmədən söhbət belə gedə bilməz. Burada məqsəd yalnız şagirdlərin dərs və imtahan proseslərindən geri qalmamalarına xidmət göstərməkdən ibarət idi”.
Ekspertin fikrincə, imtahanların və qiymətləndirilmənin şəffaf keçirilməsi üçün birbaşa onlayn görüntü əsasında bu imtahanlar keçirilməlidir:
“Əgər bu, test formatında keçirilirsə, şəffaflıq yenə də bir o qədər mümkün olmayacaq. Çünki bunun üçün hər kəsin evində əlavə kameralar quraşdırılmalıdır, bu da mümkün görünmür. Müəyyən hissələrdə şagirdlərin imtahan keçirilməsini təşkil etmək mümkün ola bilər. O da indiki hal üçün uğurlu olmayacaq. Çünki pandemiya vəziyyətində, karantin rejimi dönəmində bu da mümkün deyil”.
Əfəndiyev hesab edir ki, bu imtahanlar formal xarakter daşıdığı üçün keçirilməməsi daha məqsədəuyğundur:
“Müəllimlər yalnız şifahi sual-cavab formatında bu imtahanları keçirə bilərlər. Görüntülü, açıq kamera qarşısında, şagird və müəllimin bir-birini görməsi ilə şifahi sual-cavab əsasında qiymətləndirmə aparmaq mümkündür. Qalan digər variantları hal-hazırda uyğun hesab etmirəm”.
Neqativ hallara toxunan həmsöhbətimiz bunların həddən artıq çox olduğunu bildirdi:
“Bildiyimiz kimi, internetə qoşulma ilə bağlı problemlərimiz də mövcuddur. İkinci bir tərəfdən, şagirdlərin köçürmə ehtimalı yüksəkdir. Bütün bunların hamısı onu deməyə əsas verir ki, imtahanların bu formada təşkilini həyata keçirib, qeyri-formal görüntü yaratmaqdansa, bu imtahanların keçirilməməsi daha məqsədəuyğundur”.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində “Virtual məktəb” layihəsinə start verilib. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinifə təyin olunur və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanan ev tapşırıqlarını yerinə yetirir. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun yeni tapşırıqlar əlavə olunur. “Virtual məktəb”ə qoşulmaq üçün www.virtual.edu.az saytına daxil olub, qeydiyyatdan keçmək lazımdır.