Nazirlikdən işğaldan azad edilmiş ərazilərimizdə yerləşdirilən qoşunların təminatı ilə bağlı AÇIQLAMA - VİDEO
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı həyata keçirərək işğal altında olan torpaqlarımızı qısa müddət ərzində düşməndən azad etdi. Ali Baş Komandanın dəmir iradəsi, əyilməz qətiyyəti, xalqımızın birliyi və şanlı Ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı.
Bununla mbağlı Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, hazırda Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olan, tam dağıdılmış, viran edilmiş, heç bir infrastrukturun olmadığı və minalanmış ərazilərdə, yeni yerlərdə dislokasiya olunur.
Digər dövlət qurumları ilə bərabər Müdafiə Nazirliyinin rəhbərliyi də bu ərazilərdə yerləşdirilən hərbi hissələrin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində planlı və məqsədyönlü fəaliyyət göstərir.
Onu da nəzərə almaq lazımdır ki, bu işlər yüksək dağlıq, çətin keçilən yüksəkliklərdə sərt qış iqlimi şəraitində, eyni zamanda çöl-meşə coğrafi relyefinə uyğun ərazidə icra olunur. Hərbi hissələrə, mövqe və postlara yeni yollar çəkilir, elektrik, su və qaz xətləri quraşdırılır, şəxsi heyətin yaşayışı və xidməti üçün zəruri məişət şəraiti yaradılır.
Müdafiə nazirinin əmri ilə nazirliyin müvafiq qurumlarının vəzifəli şəxsləri mütəmadi olaraq şəxsi heyətin yanında olur və şəraitə uyğun tələbatlar öyrənilir. Hərbi qulluqçular ərzaq və əşya təminatı normalarına uyğun bütün təminat növləri ilə fasiləsiz təmin olunur. Çöl şəraitində yerləşən bölmələrə əlavə çadırlar, sobalar və digər zəruri avadanlıqlar çatdırılır.
Müxtəlif istiqamətlərdə səyyar mobil hamam-camaşırxana xidmətləri təşkil olunur, hərbi qulluqçular isti geyim formaları, yataq dəstləri, keyfiyyətli ərzaqla təmin edilir. Dağlıq ərazidəki hərbi hissələrin şəxsi heyəti normalara uyğun olaraq yüksək kalorili əlavə ərzaq payı ilə təmin olunur. Bununla yanaşı anbarlarda kifayət qədər ehtiyatlar da mövcuddur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrə xeyli sayda ərzaq məhsullarının çatdırılması bu gün də təmin edilir.
Müharibə dövründə olduğu kimi bu təşəbbüsə qoşulan xalqımız, müxtəlif təşkilatlar, şirkətlər, ayrı-ayrı şəxslər tərəfindən Ordumuza hərtərəfli yardım edilir. Əsgərlərimizə ərzaq payı normalarına daxil olmayan qida məhsulları, şirniyyatlar, fərdi gigiyena vasitələri və digər ləvazimatlar çatdırılır.
Birinci vitse-prezident başda olmaqla Azərbaycan Ordusuna dəstək olan hamıya Müdafiə Nazirliyinin rəhbərliyi bir daha dərin təşəkkürünü bildirir.
Eyni zamanda hərbi qulluqçuların sağlamlığını diqqətdə saxlamaq məqsədilə hərbi tibbi personal gücləndirilmiş iş rejimində fasiləsiz tibbi xidmət göstərir. Azad olunmuş ərazilərimizdə stasionar hərbi tibbi məntəqələr yaradılana qədər tapşırığa əsasən bir neçə istiqamətdə mobil səhra hospitalları fəaliyyət göstərir.