Redaksiyamıza Qaradağ rayonu Müşfiqabad qəsəbə məscidində mövcud olan vəziyyəti əks etdirən şikayət ərizəsi daxil olub. Dini icmanın üzvləri son illər məsciddə yaranmış qeyri-sağlam mühitin illərdir davam etməsindən və müvafiq dövlət qurumlarının biganəliyindən narahatlıqlarını ifadə edirlər. İcma üzvlərinin müraciətinin bir hissəsini ixtisarla qeyd edirik:
“Dini icmaların fəaliyyətini tənzimləyən nizamnamənin 3.1 bəndinə əsasən icmanın sədri tərəfindən hər ay ən azı bir dəfə dini icmanın ümumi yığıncağı çağrılmalıdır. Lakin Müşfiqabad qəsəbə məscidi dini icmasında nəinki ayda azı bir dəfə ümumi yığıncaq çağrılması, son dörd ildə (2017, 2018, 2019, 2020) heç bir ümumi yığıncaq çağırılmamışdır. İddia edilə bilər ki, ümumi yığıncaqlar çağırılıb, lakin qətiyyətlə bildiririk ki, bizim bundan xəbərimiz olmayıb və bizə heç bir məlumat verilməyib.
Dini icmanın nizamnaməsinə əsasən (3.1bənd) ümumi yığıncaqlarda yazılı protokol tərtib olunur və həmin protokol yığıncağın sədri, katibi və icmanın təsisçiləri tərəfindən imzalanır. Ötən illər ərzində bizim iştirakımız olmaqla hər hansı bir ümumi yığıncaq protokolu tərtibinə şahid olmamışıq və biz icmanın aktiv üzvləri olaraq hər hansı bir protokola imza atmamışıq. 2014-cü ildən bu yana heç bir ümumi yığıncağın çağrılmaması icma nizamnaməsinin və onun maddələrinin kobud şəkildə pozulması deməkdir. Əgər bizim iştirakımız olmadan hər hansı bir protokol tərtib edilərək əvəzimizə imzalar atılıbsa bu qanun pozuntusudur və bunu edənlər qanun qarşısında məsuldurlar.
Həmçinin icma nizamnaməsinin 3.1 bəndində qeyd edildiyi kimi ümumi yığıncağın səlahiyyətlərindən olan icmanın illik fəaliyyəti haqqında icma rəhbərinin heç bir hesabatı dinlənilməmiş və qiymətləndirmə aparılmamışdır.
İcma nizamnaməsinin 3.2 bəndində qeyd edilir ki, yığıncaqlararası dövrlərdə icmanın cari fəaliyyətinə bir il müddətinə seçilmiş sədr rəhbərlik edir. Lakin bizim icma sədri 2014-cü ildə seçilib və 2014-cü ildən bu yana heç bir təkrar seçki keçirilməyib, həmin icma sədri nizamnamə qaydalarına zidd olaraq "fəaliyyət"göstərir.
İcma nizamnaməsinin 3.3 bəndində qeyd edildiyi kimi fəaliyyəti bir il müddətində seçilən nəzarət-təftiş qrupu (komisiyyası) da fəaliyyətsiz olmuşdur. Belə ki, təsisçilərin fəaliyyətinin nizamnaməyə uyğunluğu, icmanın maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirməmişdir. Bu isə icma nizamnməsinin və onun maddələrinin pozulması deməkdir. Qeyd etmək lazımdır ki, ötən illər ərzində icma üzvlərindən ən azı iki nəfər (Əkbərov Əlihüseyn Hüseyn oğlu/ yanvar 2018-ci ildə vəfat edib və İbişov Telman Şahmurad oğlu/2018-ci ildə vəfat edib) vəfat etmiş və bu barədə müvafiq qurumlara heç bir yazılı məlumat verilməmişdir. Halbuki "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 5-ci hissəsinə əsasən dövlət qeydiyyatına alınmış dini qurum onun dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə hər hansı dəyişiklik olduqda , bu barədə 20 gün müddətində dini mərkəz və idarələrin vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və müvafiq dəyişikliyi təsdiq edən sənədləri həmin qaydada təqdim etməlidir.
2018-ci ildə vəfat edən bu iki icma üzvünün icma üzvləri siyahısından çıxarılması barədə protokollar tərtib edilməmişdir.Vurğulayaraq qeyd edirik ki, vəfat edən bu iki icma üzvü icmanın nəzarət-təftiş qrupunun (komissiyasının) üzvləri idilər, deməli icmanın nəzarət-təftiş qrupu (komissiyası) da fəaliyyətini itirmişdir.
Yuxarıda qeyd etdiyimiz icmanın fəaliyyətsizliyi və icma nizamnamənin kobud şəkildə pozulması halları ilə yanaşı onu da qeyd etmək istəyirik ki, vaxtilə icmanın təsisçiləri və daha sonra üzvləri arasında fəaliyyətsiz olanlar kifayət qədərdir. Bizi düşündürən və narahat edən məqamlar vardır ki, bunlar da icmanın doğru fəaliyyət göstərməməsinə zəmin yaradır. Belə ki, icma üzvləri arasında elə kimsələr var ki, onların məscidlə, dindarlıqla, icmada fəaliyyətləri ilə heç bir əlaqələri yoxdur. Hətta elə kimsələr var ki, onların şəxsiyyəti indiyədək bizə məlum deyil. Aşağıda icmanın tərkibini və üzvlərini əks etdirən acınacaqlı tablonu əldə edə bildiyimiz məlumatlar əsasında təqdim etmişik. Onu da qeyd etmək son dərəcə vacibdir ki, məscidimiz vaxtilə sünni icmanın təşəbbüsü ilə tikilib, qurulub, sonralar genişləndirilib, bərpa edilib, bu günə kimi əsas etibarilə sünni icmanın ianəsi hesabına qorunub, saxlanılmışdır”.
Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, dindar insanların istəyi sadəcə olaraq, dövlətin qanunlarına riayət olunmasıdır. Maraqlı orasıdır ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqa müsəlmanları idarəsi və Qaradağ Rayon İcra Hakimiyyəti illərdir ötür-ötür oyununa rəvac verərək problemləri həll etməkdən yayınıblar.Yuxarıda adları çəkilən üç dövlət qurumu bir məscidin dini icmasında qayda-qanun yaratmaqda acizdirlər. Məcburiyyət qarşısında qalan dindarlar Prezident İlham Əliyevə müraciət edərək kömək istəyirlər.
Toxunduğumuz mövzu mürəkkəb və əhatəli olduğu üçün növbəti yazılarımızda araşdırmalarımızın nəticəsi ilə ətraflı tanış olacaqsınız.
Yazıda adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Növbəti yazımızda ...
1.İcma sədri Süleymanov İlşad Əlseyran oğlu dindarlar arasında ayrıseçkiliyə yol verərək qarşıdurma yaratmaqla hansı məqsədləri güdür? ...
2.Sosial şəbəkələrdə qəsəbədə ağsaqqal və dindar kimi tanınan şəxsləri təhdid və təhqir edənlər, bu qarayaxma kampaniyasının başında duranlar kimlərdir?...
3.DQİDK, QMİ və Qaradağ RİH-də dindarların şikayətlərinə və problemlərinə laqeyd yanaşan vəzifəli şəxslər kimlərdir? ...
4.Dini icmanın adından sui-istifadə edənlər, icmanın möhrü ilə hansı ticarət işlərini həyata keçirərək pul vəsaiti əldə ediblər?...
Ardı var ...
Stimulxeber.az