Ermənistan hökuməti əsirləri “Hamının hamıya” prinsipi ilə dəyişməyə razılaşıb. Bu barədə Ermənistan hökumətinin təmsilçisi açıqlama verib. Qeyd edək ki, iki il öncə Azərbaycanı Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistana əsir və girovların «Hamının hamıya» prinsipi ilə dəyişdirmək təklifini vermişdi.
Lakin İrəvan məsələyə müsbət cavab verməmişdi. 27 sentyabrda başlanan müharibədən əvvəl isə bu ilin yayında Moskvanın vasitəçiliyi ilə belə bir razılaşma əldə olmuşdu. Amma İrəvan Azərbaycanda saxlanılan 5 Ermənistan vətəndaşının 6 ildir girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsinə razı olmadı və anlaşma baş tutmadı. İndi müharibədən sonra hərbi əsirlərin sayı artıb, son olaraq iki gün əvvəl Azərbaycanın Əsir və girovların məşğul olan komissiyası əsirləri dəyişdirməyə hazır olduqlarını bəyan edib. Ermənistanda indi daxili vəziyyət gərgindir, əsgər anaları təkcə oğullarının cəsədini deyil, həm də əsir düşənlərin qaytarılmasını tələb edir. Bu amillər Dilqəm Əsgərovla Şahbaz Quliyevin də Azərbaycana təhvil verilməsinə səbəb olacaq? Azərbaycan bu iki soydaşımızın məsələsində təkid etməlidirmi? Ola bilər ki, Ermənistan onların 27 sentyabrdan sonrakı hadisələrə aid olmadığı bəhanəsini ortaya atsın?
Əsir və Girovların Axtarışı üzrə Beynəlxalq İşçi Qrupun Azərbaycan üzrə sabiq həmsədri, hüquq müdafiəçisi Əvəz Həsənov bildirdi ki, indi Ermənistanda valideynlərin aramsız mitinqlər keçirərək öz övladları haqqında hökumətdən hesabat tələb etmələri Ermənistan hökumətini əsirlərin “Hamının hamıya” prinsipi ilə dəyişdirilməsi barədə qərar verməyə məcbur edib: “O üzdən də ümid edirəm ki, onlar bütün əsirlər və girovların qaytarılmasında maraqlı olacaqlar. Nəzərə alsaq ki, böyük ehtimalla erməni əsirlərin sayı, azərbaycanlı əsirlərindən xeyli çox ola bilər, o zaman Ermənistan əsirlərin sözügedən prinsiplə dəyişdirilməsinə daha çox cəhd eləməlidir. Əsgər anaları hər gün küçələrdə, meydanlarda aksiya keçirirlər, hökumətdən, şəxsən baş nazir Nikol Paşinyandan övladlarının əsirdirsə dirisini, ölübsə cəsədini tezliklə onlara qaytarmağı tələb edirlər. Hətta açıq bəyan edirlər ki, əks halda, Paşinyanın yaxası əsgər valideynlərinin əlindən qurtarmayacaq.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə gəlincə, məntiqi baxımdan artıq Şahbaz və Dilqəmin girovluqda saxlanması ermənilərə heç bir divident gətirmədiyindən azad etməlidirlər. Xüsusən də nəzər alsaq ki, ermənilər münasibətlərin normallaşması üçün nələri isə etməlidirlər. Addımlardan biri kimi hər iki azərbaycanlının Azərbaycana verilməsi Ermənistanın özünə xeyir verər".
Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov isə bildirdi ki, 3 ay əvvələ qədər əsir və girovların dəyişdirilməsi məsələsində Azərbaycanın təklif etdiyi “Hamının hamıya” prinsipini qəbul etməyən Ermənistan indi razı olduğunu deyir: «Ermənistan hökuməti bilməlidir ki, əsirləri təcili azad etməsələr Ermənistan daxilindəki gərginlik daha da artacaq. Ona görə də bu gün elə vəziyyət yaranıb ki, erməni hökumətinin razılıq verməsindən başqa çıxış yolu yoxdur. «Hamının hamıya» prinsipi o deməkdir ki, Ermənistanda olan bütün azərbaycanlı əsir və girovlar, Azərbaycanda olan bütün əsirlər azad olunmalıdır. Yəni İrəvan Dilqəm Əsgərov və Şahbaz Quliyevi bundan sonra da saxlaya bilməz. Yəqin ki, Azərbaycanın müvafiq hökumət qurumları da Dilqəm və Şahbazın məsələsinin üzərində ciddi dayanacaqlar. Ümid edirik ki, mülki girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev Yeni ili öz evlərində, ailələri ilə birlikdə keçirəcəklər".
“Yeni Müsavat”