Axtarış...

Açıq havada maska taxmaq: Nə qazanıb, nə itiririk? - AKTUAL

Noyabr ayının 21-dən etibarən açıq havada maska taxmayanlar da cərimə olunur. Vətəndaşlar isə hesab edirlər ki, açıq havada maska istifadəsi immuniteti zəiflədərək daha tez virusa yoluxmamıza, oksigen çatışmazlığına səbəb olacaq. AYNA mövzunu mütəxəssislərlə müzakirə edib.

Həkim terapevt Sevinc Əhmədova, təmiz, açıq havada sosial məsafəni qorumağı bacardığımız müddətcə, maska taxmağa ehtiyac görmür, lakin qaydalara əməl etməli olduğumuzu deyir: “Xəstə insanlarla yanaşı sağlam adamlara da təmiz hava önəmlidir. Bu, bizim üçün su qədər vacibdir. İndiki qaydaya görə ətrafında heç kim olmasa belə, evdən çölə çıxdığında maska taxmalısan. Açığı, bu, nəyə əsaslanır, deyə bilmərəm. Sadəcə, qaydadır tətbiq olunub, biz də ona əməl edirik. Heç kim istəməz ki, əlavə ziyana düşsün. Amma məntiqlə düşünəndə təmiz hava hər kəsə lazımdır. Biz ağır xəstələri, ağciyərinə kömək etmək üçün oksigen balonuna qoşuruq. Belə olduqda təbii ki, məntiqi olaraq sual yaranır: Bəs, niyə biz açıq havada maska taxırıq? Mən hesab edirəm ki, ətrafımızda heç kəs olmadıqda və ya sosial məsafəni gözlədiyimizdə açıq havada maska taxmaya bilərik. Çünki heç kimə yoluxdurmuş olmuruq”.

Müsahibimizin fikrincə, bu qayda virusla mübarizə apara bilmədiyimiz üçün indiki halda tətbiq oluna biləcək mümkün qaydalardan biridir: “Almaniyada da qəbul olunub ki, açıq havada maska taxılsın. Bu, bir az da bölgələrə görə dəyişir. Virusun qarşısını almaq mümkün olmadığına görə belə bir tədbir görülür. Maska taxmış sağlam adamın qanındakı oksigenin miqdarını ölçsək, görərik ki, aşağıdır. Çünki maska oksigenin tam qəbuluna imkan vermir. Qanda olan karbon, oksigen qazının dövriyəsinə təsir göstərir. Buna görə panik ataklar artıb. Maska taxdıqda insanlarda diskomfort hissi yaranır, nəbzin sürətlənməsi baş verir. Sadəcə, indiki halda virusla mübarizə apara bilmədiyimizə görə bütün mümkün olan tədbirləri görməyə çalışırıq. Açıq havada maska taxmaq da bunlardan biridir. İndiki vəziyyətdə insanlara məsləhət görə biləcəyimiz budur ki, həyətə və ya eyvana çıxıb təmiz hava alsınlar. Təmiz hava təməl ehtiyaclarımızdandır”.

Kardioloq Vüqar Quluzadə isə deyir ki, maskanın insan orqanizmində oksigenin azalmasına səbəb olub-olmaması barədə bu yaxınlarda Avropada tədqiqat aparılıb və nəticəyə görə elə də ciddi bir fərq olmadığı üzə çıxıb: “Maskanın oksigen çatışmazlığı yaratması daha çox psixolojidir. Qorxu yaradır. Sanki, qapalı bir məkana düşür adam. Maskanı taxmayıb yoluxmaq riski daha çoxdur, nəinki maskanı taxıb simptomları yüngül keçirmək. Mən ikinci seçimi edərdim. COVID-19-un fəsadları daha böyük ola bilər, nəinki maska taxmağın. Açıq havada maska taxmağın da, açığı, indiki halda faydası daha çoxdur. Küləkli, yağışlı havada qarşıdan gələn güclü soyuq havanın qarşısını alır, insan daha rahat nəfəs ala bilir. Ona görə də açıq havada maska taxmağın elə də böyük bir problemi yoxdur”.

O ki, qaldı qapalı mühitə, həmsöhbətimizin sözlərinə görə, burada da iş maskanın keyfiyyətindən asılıdır: “Bizdə satışda olan maskalar ortalama keyfiyyətlidir, standartlara uyğun buraxılır. İnsan onunla bütün günü işləməyə öyrəşir. Sadəcə olaraq onu vaxtı-vaxtında dəyişmək lazımdır. Və maksimal olaraq əllə toxunmamalıyıq. Yəni belə deyim, böyük bir narahatlığa səbəb yoxdur. Gündəlik 3 min xəstənin yanında mən maska taxmağı seçərdim, nəinki maskasız olmaq və yoluxmaq. Bu, daha məntiqli sayılar”.

“Tibbi maska xüsusi toxumadan hazırlanır, spesifik iyin olması normal haldır. Amma bu, insanın səhhətinə zərərli olan bir şey deyil. Biz tibb işçiləri olaraq pandemiyadan əvvəl də müəyyən prosedurlarda maska taxırdıq. Həmçinin, qeyd edim ki, tibbi maskanın iki dənəsini üst-üstə istifadə etdikdə qorunma effekti artır və hava çatışmazlığı da yaratmır. İnsanlar bundan da qorxmasınlar. Biz özümüz də istifadə edirik. Qaldı ki, cərrah maskasının yüyülərək təkrar istifadəsinə, bu, olmaz. Onlar birdəfəlik maskalardır. 2, maksimum 4 saat istifadə edildikdən sonra atılmalıdır”, - deyə Quluzadə vurğulayır.

Pulmonoloq həkim Əsəd Beydullayev də qeyd edir ki, maskadan düzgün istifadə edildiyi halda, boğulma hissi və oksigen çatışmazlığı yaratmır: “Maskanın insanı boğacaq qədər oksigenin qarşısını aldığını düşünmürəm. Diskomfort hissi yaradır. Amma maska uzun müddət işləndikdən sonra keyfiyyəti aşağı düşür və bu zaman hava keçiricilik qabiliyyəti də azalır. Bunu biz özümüz də praktikada görmüşük. Əslində, bir maska 2-3 saat istifadə olunmalıdır. Yeni maskada insan o qədər də diskomfort hissi yaşamır. İstifadə olunduqca məsamələr dolduğunda, keyfiyyəti zəifləyir və bu zaman daha çox diskomfort hissi yaranır. Birdəfəlik maskaların yuyularaq təkrar istifadəsinə qaldıqda isə, bu, doğru yanaşma deyil. Bu, pampersi yuyub uşaqlara təkrar geyindirən valideynlərin yanaşması kimidir. Sağlamlığımız müqabilində maskanın qiyməti elə də çox böyük məbləğ deyil. Hər halda müəssisələr də bu işə əl atıb təmin etməlidir. Axır ki, kim edir etsin, amma təzə və qutudan yeni çıxmış maskalar istifadə olunmalıdır. Uzun müddət işləyən insanlar da heç olmasa, gündə 2 dəfə maskanı dəyişməlidir. Belə olduqda boğulma hissi də olmur”.

Həkim, həmçinin, bu gün görülən tədbirləri də yetərli hesab etmir: “Daha sərt tədbirlərin tərəfdarıyam. Çünki, birbaşa ağır xəstələrlə qarşılaşır, ölüm hallarının artdığının şahidi oluruq. Açıq hava bir tərəfə, qapalı məkanlarda belə, maska taxmayan çox sayda insanlarımız var. Tək bizdə yox, dünyanın hər yerində təcrübə bunu göstərdi ki, sərt qanunlar olmadan buna nəzarət etmək mümkün deyil. Çünki görünməyən bir nəsnədən danışırıq. Bu, yanğın, sel, daşqın deyil. İnsanlar da bunu gözlə görmədiyi üçün rahat qəbul edir. Buna görə qanunların məcburi və hər yerdə keçərli olması, məncə, daha doğrudur. Bəlkə bu halda yoluxma sayı azala. Çünki sıradan vətəndaşlarımızın əksəriyyəti bunun hələ nə qədər ağır bir durum olduğunu başa düşümür”.

“Məndən olsa, bir-iki həftəlik bütün müəssiələrdə iş fəailiyyətinin dayandırılmasının tərəfdarı olaram. Bu halda xəstələr ortaya çıxaraq seçilər və bundan sonra görülən tədbirlər nəticəsində, bəlkə bunu nəzarətə almaq olar. Yoluxma ilə bağlı gündəlik statistik rəqəmlər bizim ölkə üçün ciddi göstəricidir. Buna görə tək maska yox, digər qaydalara da ciddi əməl edilməsinin həkim olaraq tərəfdarıyam. Bəlkə də insanlar bu fikirlərimi neqativ qarşılaya bilər, doğru olmadığını düşünə bilər, amma məncə, verilən qərarlar yerində atılmış addımlardır. Bugünkü gün Qarabağ müharibəsində qələbəmizə sevinirik, lakin bu virusla mübarizənin özü də o müharibədə apardığımız savaşdan kiçik deyil. Bu da ciddi savaşdır. Yetərincə insan həyatı itirmişik, hələ qabaqda nələr olacaq, naməlumdur. Dünyanın dizini çökdürmüş bir şeydən danışırıq. Bütün qanunlara ciddi riayət etməyimiz şərtdir. Verilən qərarlar durduq yerə qəbul olunmur. Bu sahənin mütəxəssisləri düşünür, daşınır və bundan sonra qəbul olunur. Hələlik dünyada maska taxdığına görə ölən olmasa da, COVID-19-dan ölən insan çoxdur”, - deyə Beydullayev söyləyir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz