Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şəki rayonunun Çeşməli kəndində evdə baş verən partlayış və yanğın hadisəsi nəticəsində yaralanan şəxs barədə açıqlama verib.
TƏBİB-dən Oxu.Az-a bildirilib ki, hadisə nəticəsində bir nəfər yaralanıb:
“Hadisə nəticəsində yaralanan Fəridə Ağayevanın vəziyyəti orta ağırdır. II və III dərəcəli yanıq xəsarəti alıb. Müalicəsi davam etdirilir”.
09:31
Şəki rayonunun Çeşməli kəndində ümumi sahəsi 108 kvadrat m olan birmərtəbəli dörd otaqlı evdə partlayış və yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Partlayış dalğasının təsirindən evin dam örtüyü qısmən çöküb, pəncərə çərçivələri yerindən çıxıb.
Partlayış nəticəsində baş verən yanğında ümumi sahəsi 24 kvadrat metr olan bir otağın lambirindən ibarət tavan və içərisində ev əşyaları yanıb.
Hadisə zamanı iki nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İlkin ehtimala görə, partlayış məişət qaz sızması nəticəsində baş verib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.