Axtarış...

Rusiyaya sanksiya mümkündür? - “Sazişi pozarsa..."


Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən üçtərəfli atəşkəs sazişi imzalanıb.

Bu sazişlə Rusiya Ermənistan üzərində müəyyən öhdəliklər götürüb və onun atəşkəsə əməl edəcəyinin Qarabağdakı “qarantor”udur. İctimaiyyətdə belə fikir var ki, Rusiya yenə də separatçılara dəstək
verəcək.

Məlum olduğu kimi, prosesin iştirakçısı olan qardaş Türkiyə NATO ölkəsidir və Qafqazda onun təmsilçisidir. Bu mənada əslində regionda Qərbin də maraqları qorunmuş sayılır deyə bilərik. Rusiyanın Türkiyə kimi böyük bir dövlətlə ortaq razılığa gəlib problemin həllində ədalətli mövqe sərgiləyəcəyinə ümid edilir.

Lakin Rusiya Qafqazda öz mövqeyini daha da möhkəmləndirmək istəyindən irəli gələrək atəşkəs anlaşmasının şərtlərini pozarsa, bu hardasa Qərbi də narahat etmiş olacaq. Çünki geosiyasi maraqların yalnız Rusiyanın xeyrinə dəyişməsi Qərbi də qane etmir.

Əgər Rusiya atəşkəs anlaşmasının şərtlərini pozarsa, Qərbin sanksiyaları ilə üzləşə bilərmi?

Politoloq Fikrət Sadıqov “Cümhuriyət”ə açıqlamasında deyib ki, hələlik bu sanksiyalardan danışmaq tezdir:

“Qafqaz regionunda iki qüvvənin balansı müşahidə olunur. Azərbaycan 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin dəstəyini gördü və görməkdə davam edir. Türkiyə sülməramlı kontingentinin Azərbaycana gəlməsi məsələsi artıq Türkiyə Böyük Millət Məclisində müzakirə olunur və əminəm ki, təsdiq olunacaq. Əlbəttə ki, həm Türkiyənin, həm də Rusiyanın Dağlıq Qarabağ probleminin həllində marağı var.

Amma bu, o demək deyil ki, bunlardan hansısa 10 noyabrda əldə edilmiş birgə atəşkəs razılaşmasına zidd hərəkət edəcək. Hesab etmirəm ki, hazırda sanksiyalardan danışmaq uyğun olan bir məsələdir. Çünki hələlik hər şey qaydasındadır. Biz hazırda işğaldan azad edilmiş torpaqlarımızdan Ermənistan ordusunun və qanunsuz yaşayış məskənləri salan əhalinin çıxarılması istiqamətində Rusiya və Türkiyə ilə birgə fəaliyyət aparırıq. Hazırda Ermənistan qoşunları və qanunsuz yerləşən insanlar Dağlıq Qarabağı tərk edir. Orada bizim ordu yerləşməyə başlayıb.

Kəlbəcər gündəmdədir, Ağdam yaxın günlərdə azad olunacaq və dekabrın 1-də Laçın bizə qaytarılacaq. Prosesin gedişatında ola bilər ki, kiçik problemlər, istənməyən məsələlər üzə çıxsın. Hər şey hamar ola bilməz. Çünki bu 30 illik bir problemin həllidir və biz artıq öz sözümüzü demişik. Ermənistanın özündə də çox mürəkkəb bir vəziyyət yaranıb. Biz ancaq bu prosesin gedişatında incə siyasət yürütməli və diplomatik fəaliyyətimizi çox yüksək səviyyədə həyata keçirməliyik. Hesab edirəm ki, ümumi məsələlər yaxın zamanda həll olunmalıdır”.

Politoloq qeyd edib ki, Türkiyə hazırda Qafqazda və xüsusən Dağlıq Qarabağ probleminin həllində NATO üzvü kimi deyil, müstəqil dövlət kimi çıxış edir:

“Türkiyə Qafqazda, xüsusən də Dağlıq Qarabağda NATO-nun təmsilçisi kimi deyil, müstəqil dövlət olaraq, suveren siyasətini yürüdür. Dağlıq Qarabağ məsələsi iki böyük dövlətin-Rusiya və Türkiyənin, iki münaqişə tərəflərinin, yəni Azərbaycan və Ermənistan arasında həll olunur. Ona görə də bu barədə sənədlər Rusiya, Azərbaycan və Ermənistan arasında, bir də Rusiya-Türkiyə arasında imzalanır. Burada NATO-nun və ya KTMT-nin hər hansı bir rol oynadığı hələlik müşahidə olunmur. Hətta Türkiyənin hazırkı müstəqil siyasəti Fransa kimi bəzi NATO dövlətlərinin qısqanclığına səbəb olub. Müəyyən qədər ABŞ-da da Türkiyəyə qarşı fikirlər səslənir. Real olan odur ki, əgər kimsə əldə edilmiş atəşkəs razılaşmasını pozsa, Türkiyə və Azərbaycan öz sözünü deyəcək. Biz özümüz torpaqlarımızı azad etmişik. NATO-nun Qafqazda marağı olub və yəqin ki, hələ də var. Ola bilər ki, Rusiyaya qarşı hansısa sanksiyalar NATO üzvü olan böyük dövlətlərin marağına xidmət etsin və bu sanksiyalar tətbiq olunsun. Bunu ABŞ kimi böyük dövlətlər və ya hansısa təşkilatlar edə bilər. NATO-da həmin sanksiyalardan irəli gələn öhdəlikləri yerinə yetirə bilər”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz