Axtarış...

İrəvan həm qorxur, həm də guya qorxudur... - GƏLİŞMƏ

İrəvan həm qorxur, həm də guya qorxudur... - GƏLİŞMƏ


Rəşadətli ordumuz Ermənistanı sülhə məcburetmə əməliyyatını uğurla davam etdirir. İşğalçı qüvvələr bir çox hallarda həm də silah-sursatını qoymaqla, bütün cəbhə boyu geri çəkilməkdədir. Əvəzində isə bizim dinc yaşayış məntəqələrimizi, hətta Bakı-Ceyhan neft xəttini raket atəşinə tutmaqla öz acizliyini və vəhşi xislətini bir daha dünyaya nümayiş etdirməkdədir.

Gələn xəbərlərə görə, - bunu ABŞ-ın Minsk qrupundakı sabiq həmsədri Metyu Brayza da təsdiqlədi, - hazırda Ermənistanda kişi cinsindən olan vətəndaşlar küçədəcə tutularaq zorla cəbhə bölgəsinə göndərilir. Saxlanılanların silahdan istifadəni bacarıb-bacarmadığına isə əsla məhəl qoyulmur. Başqa sözlə, müzəffər Azərbaycan Ordusuna qarşı döyüşmək üçün işğalçı ölkə çox ciddi çağırışçı, əli silahlı könüllü problemi yaşayır.

Məntiqlidir. Ard-arda acı məğlubiyyətlərlə üzləşən, maddi-texniki bazası sarsıdılmış, şəxsi heyəti ruh düşkünlüyünə yuvarlanmış və de-moralizə olunmuş bir orduda heç kim xidmət edib havayı yerə ölmək, “top əti” olmaq istəmir. Hətta xaricdən gətirilən muzdlular da işğal altındakı ərazilərimizə gəlməyə peşman olublar. Bu da isti fakt.

Xəbər verildiyi kimi, Azərbaycan DTX-sı ölkəmiz əleyhinə Qarabağda hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio-danışıqlarını ələ keçirib. Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq keçirdiklərini bildirirlər.

*****

Savaş meydanında ciddi uğursuzluqlara və itkilərə tuş gələn Ermənistan indi də əlindəki “son patron”a ümid edir. Söhbət Qarabağdakı oyuncaq qurumun beynəlxalq miqyasda “müstəqil dövlət” kimi tanıtdırmaq yönündə başladılan kampaniyadan gedir. Bununla ümid edilir ki, guya Azərbaycan öz qanuni ərazisi olan Dağlıq Qarabağı azad etməsi yönündə hüquqi bir əngələ tuş gəlmiş olacaq. Ayrı sözlə, işğalı legitimləşdirmək niyyəti güdülür.

Bu məqsədlə artıq qondarma qurumun “xin”-i ATƏT-də tanıtma xahişi ilə bağlı sənəd yayıb. Eyni məramla Parisdəki “Aznavur fondu”nun rəhbəri, Şarl Aznavurun nəvəsi Nikola Aznavur və Qəyyumlar Şurasının sədri Fransa prezidenti E.Makrona müraciət ünvanlayıblar.

Müraciətdən sitat: “Fransız xalqının dəstəyi bizim üçün çox vacibdir. Xalqlarımızı xilas etmək üçün aktiv addımlar atmağınızı xahiş edirəm. ”Arsax respublikası"nı (dırnaqlar bizimdir - red.) suveren bir dövlət kimi tanıyarsınızsa, o zaman “Arsax” beynəlxalq hüququn müddəalarından özünü müdafiə üçün istifadə edə bilər. Xahiş edirik, işlətdikləri “cinayətlərinə” görə Azərbaycan və Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq edəsiniz".

Ancaq bu kimi cəhdlərin nəticə verəcəyinə, Qarabağın işğalçılardan təmizlənmə əməliyyatını duduracağına az-çox ağlını və məntiqini saxlayan ermənilər də inanmır. Saxta qurumu tanıyan olsaydı, bu 30 ildə tanıyardılar. Başqa yandan, bir ovuc erməninin dünyada necə dövləti olmalıdır ki?

*****

“Bəs Artsax”ın müstəqilliyinin digər ölkələr tərəfindən tanınması münaqişənin səngiməsinə və nəhayət, həllinə kömək edəcəkmi, yoxsa bu, Türkiyə və Azərbaycanı daha aktiv və aqressiv hərəkətlərə sövq edə bilər?"

“Yeni Müsavat”ın məlumatına görə, belə bir sualla Novostink.ru erməni saytı İrəvandakı Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryana müraciət edib.

“Biz elə indinin özündə Türkiyə və Azərbaycanın aqressivliyinin şahidiyik. ”Arsax"ın müstəqilliyinin supergüclər tərəfindən tanınma ehtimalına gəlincə, mən buna skeptik (bədbin - red.) yanaşıram. “Arsax”ın hansısa kiçik dövlətlər tərəfindən tanınması isə mövcud vəziyyətə heç bir təsir göstərməyəcək", - deyə müxbiri məyus edib.

İskəndəryana görə, “İndi baş verənlərə cəbhədə olan əsgərlər qərar verir” və müharibənin fərqli inkişaf ssenarilər uyğun beynəlxalq oyunçuların da fərqli davranışları olacaq.

Erməni ekspert müharibənin tezliklə başa çatacağı, yoxsa uzana biləcəyi ilə bağlı suala cavab verməkdə çətinlik çəkib. Onun sözlərinə görə, hər şey yaxın günlərdə vəziyyətin necə inkişaf edəcəyindən asılı olacaq. “Fikrimcə, müharibə elə də uzun sürməyəcək. Uzun sürməyəcək deyəndə iki gün yox, daha böyük müddəti nəzərdə tuturam. Ancaq müharibənin uzun müddətli, üzücü olmağa hesablanmasını da istisna etmək olmaz”, - deyə İskəndəryan əlavə edib.

*****

“Bu silah Ermənistanın diplomatik arsenalındadır, amma düşünürəm ki, buna getməməyə hələ imkanımız var”.

“Yeni Müsavat” xəbər verir ki, bu sözləri “Parlaq Ermənistan” Partiyasının rəhbəri və parlamentdəki fraksiyasının sədri Edmon Marukyan parlamentdə jurnalistlərə verdiyi müsahibəsində Ermənistanın “DQR”in müstəqilliyinin tanımasının mümkünlüyünü şərh edərkən söyləyib.

Manukyan nədən hələlik buna gedilməməli olduğunu da izah edib: “Mən baş nazirdən bu mövzuda müzakirələrə başlamağın vaxtının gəldiyini soruşdum. Nəhayət, bu mesaj düşmən ölkəyə çata bilər, bəs uyğun an nə vaxtdır? Düşünürəm ki, indi deyil, çünki bu bizim tərəfdən son patron olmalıdır. Yəni bunu etsək, demək, biz daha heç kimlə, heç nə haqda danışmaq fikrində deyilik. Ancaq hələlik belə vəziyyət yoxdur”.

*****

Göründüyü kimi, erməni tərəfinin, onun avantürist rəhbəri Nikol Paşinyanın özü də anlayır ki, “sonuncu patron”, yəni oyuncaq rejimin tanınması qərarı işğalçı ölkəyə yaxşı heç nə vəd eləmir və Azərbaycan ərazilərinin işğalını rəsmiləşdirməyəcək, əksinə, işğalçının vəziyyətini daha da ağırlaşdıracaq, Bakıya öz ərazilərini bir az da sürətlə boşaltmaq və beynəlxalq miqyasda öz mövqeyini daha haqlı göstərmək üçün əlavə tutarqa verəcək.

Dünya birliyi də İrəvanın tanınma qərarının ardınca getməyəcək. Nəticə etibarilə bu avantüra Ermənistan üçün suisid, yəni özünü intiharla bitəcək. Zatən, düşmən ölkə neçə vaxtdır bu yoldadır - tanınma olsa da, olmasa da. Paşinyanın BBC-yə son müsahibəsi buna şübhə yeri saxlamır. Belə ki, erməni baş nazir ordumuzun müzəffər yürüşü fonunda Bakıya barış üçün yalvarmaq əvəzinə, növbəti dəfə, həyasızcasına bəyan edib ki, “Dağlıq Qarabağ Ermənistandır”.

Özünəqəsd, siyasi intihar necə olur ki? Allah gerçəkdən də birini cəzalandırmaq istəyəndə öncə onun ağlını alır. Cəhənnəmə gedənə isə yalnız “yaxşı yol” arzulamaq qalır...
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz