Bank sisteminin sağlamlaşdırılması tədbirləri çərçivəsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xarici öhdəliklərinin dövlətin üzərinə keçməsi nəticəsində xarici dövlət borcu 31,6% artıb və şərti öhdəliklər də nəzərə alınmaqla 2018-ci ilin iyul tarixinə xarici dövlət borcunun məbləği 9,6 mlrd. ABŞ dolları (ÜDM-in 21,9 faizi) təşkil edib. Bu barədə Sonxeber.az-a Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin məlumatında deyilir ki, hazırda dövlət borcunun səviyyəsi beynəlxalq təcrübədə müəyyən olunan göstəricilərə əsasən sabit olsa da, borcun vəziyyətinə nəzarətin mütəmadi təmin edilməsi bu sahədə xüsusi strategiyanın işlənib hazırlanması zərurətini aktuallaşdırdı:
"Bu günlərdə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan strateji hədəflərə çatmaq üçün prioritet tədbirlərin həyata keçirilməsini və beləliklə də xarici borcun aşağı səviyyələrdə saxlanmasını təmin edəcək.
Məlum olduğu kimi, 2014-cü ilin ikinci yarısından başlayaraq dünya bazarında neftin qiymətinin ucuzlaşması və əsas ticarət tərəfdaşlarında iqtisadi tənəzzül meyillərinin dərinləşməsi nəticəsində tədiyyə balansının tarazlaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən 2015-ci ildə manatın korreksiyası həyata keçirildi və milli valyuta ABŞ dollarına nisbətdə ucuzlaşdı. Bununla da, dövlət borcunun ümumi səviyyəsi sabit qalsa da, ÜDM-in xarici valyutada nominal dəyərinin azalması xarici dövlət borcunun ÜDM-ə nisbətinin artmasına təsir edən başlıca səbəb oldu. Beləliklə, milli valyutanın ucuzlaşması fonunda dövlət borcunun ÜDM-ə nisbəti 9,8 faiz bəndi artıb. Qeyd olunanların müqabilində bu dövrdə ölkənin strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 55% bəndi artıb".
Hər iki ildə bir dəfə yenilənməsi nəzərdə tutulan Strategiyanın həyata keçirilməsində əsas əlaqələndirici qurum kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müəyyən olunub.