Gürcüstanın nüfuzlu Geotimes.ge informasiya portalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin modul tipli növbəti hospitalın açılışında videoformatda iştirakı barədə məlumat yayıb.
Axar.az xəbər verir ki, yayılan xəbərdə oxuculara dövlətimizin başçısının çıxışında yer almış Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilir. Qeyd edilir ki, Prezident İlham Əliyev hazırda COVİD xəstələri üçün 46 xəstəxananın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilib. Pandemiya dövründə laboratoriyaların sayı isə 6-dan 45-ə çatdırılıb, həmçinin ölkədə 900 mindən çox test keçirilib.
Digər materialda Prezident İlham Əliyevin COVİD-19 virusuna qarşı peyvəndin alınması ilə bağlı fikirləri oxucuların diqqətinə çatdırılır.
Azərbaycan Prezidentinin çıxışından gətirilən sitatda deyilir:
“Mən bir daha demək istəyirəm ki, görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq. Hesab edirəm ki, biz buna nail oluruq. Hər şey müqayisə ilə ölçülür. COVİD-lə bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr doğrudan da çox təsirlidir, çox dəyərlidir. Mən hesab edirəm ki, biz məhz bu tədbirlər nəticəsində minlərlə insanın həyatını qoruduq”.