Koronavirusa yoluxma ilə bağlı son statistik göstəricilər olduqca ürəkaçıcıdır: yoluxma sayının 100-ün altına düşməsi, o cümlədən sağalma sayının günlük yoluxma sayını 4-5 dəfə üstələməsi artıq xəstəliyin tam nəzarətə alındığı, pandemiya ilə bağlı dövlətimizin aldığı tədbirlərin uğurlu olduğunu göstərir.
Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib. O bildirib ki, bu uğurlu nəticəni qoruyub saxlamaq və inkişaf etdirməyin məsuliyyəti hər birimizin üzərinə düşür:
“Yoluxma sayının kəskin azalması ilə sərt karantin rejimində ardıcıl yumşalmalar müşahidə edilir: isti yay günlərində insanların həsrətlə gözlədiyi çimərliklərin açılması baş tutdu, eyni zamanda qeyri-ərzaq mağazalarının da fəaliyyətinə bugündən icazə verildi. Ancaq çimərliklərin açılması ilə ötən gün yaşanan sıxlıq narahatlıq yaradır. Eyni zamanda, qeyri-ərzaq mağazalarının açılması ilə insanlarımızın bu alış-veriş yerlərinə kütləvi üz tutması müşahidə oluna bilər ki, bu da yoluxma ilə bağlı narahatlığa səbəb olur”.
A.Camalqızının sözlərinə görə, insanlarımız mütləq çimerlik.az saytından istifadə etməli, sıxlıq haqda əvvəlcədən məlumat almalı və boş yerlərə üz tutmalıdır:
“Dəniz suyunun virusun yayılmasında rol ala biləcəyi ilə bağlı heç bir sübut yoxdur və dünya virusoloqları bu baxımdan artıq rəy veriblər. Ancaq sahildə sıxlıq, məsafənin gözlənilməməsi yoluxma riski yarada bilər. Eyni zamanda, qeyri-ərzaq mağazalarına kütləvi axın da son həftələr əldə edilən uğuru əlimizdən ala bilər. Vətəndaşlarımız bilməlidirlər ki, qeyri-ərzaq dükanları artıq fəaliyyətdədir və mütləq bu gün hamının o yerlərə alış-verişə getməsinə ehtiyac yoxdur. Hamımız anlayırıq ki, uzun müddətdir bu obyektlər bağlıdır və alınmalı zəruri mallara ehtiyacımız var. Buna baxmayaraq, hətta o mağazalara gedərkən içəridə azacıq sıxlıq olduğunu gördükdə, mağazaya daxil olmaq olmaz. Nəzərə alınmalıdır ki, bu qisim yerlərdə yayılma riski daha yüksəkdir”.
Politoloq vurğulayıb ki, artıq aktiv xəstə sayı 2500-ə qədər azalıb və son günlərin nəticəsini qoruyacağımız təqdirdə bir neçə gündən sonra bu rəqəmin kəskin azaldığını müşahidə edə bilərik:
“Bu isə olduqca böyük nəticə deməkdir və bunu qorumaq üçün hamımız birlikdə çalışmalıyıq. Təəssüf ki, son yumşalmalardan sonra yenə də arxayınlaşma müşahidə edilir, xüsusilə maska taxmaq baxımından etinasızlıq başlayıb. Müşahidələrimiz göstərir ki, açıq havada olanların böyük əksəriyyəti maskanı qollarında gəzdirir, yalnız qapalı məkanlara girəndə ondan istifadə edirlər. Bu isə qətiyyən yolverilməzdir. Biz koronavirusun pik həddində necə böyük fəsadlar yaşandığını bilirik, bunları unudub, məsuliyyətsizlik edə bilmərik”.
Aynur Camalqızı təkliflər də irəli sürüb:
“Əlbəttə, Nazirlər Kabineti yanında Operativ Qərargah prosesi anbaan izləyir və buna uyğun qərarlar verir. Ancaq ötən gün çimərliklərdə yaşanan sıxlıq indidən həyəcan təbili çalmaq üçün əsasdır. İnanmıram ki, ötəngünkü sıxlıq həftəiçi olsun. Çox böyük ehtimalla həftənin 5 günü çimərliklərdə sıxlıq müşahidə etməyəcəyik. Əsas gərginlik şənbə və bazar günləri yaşanır. Şənbə-bazar günləri ictimai nəqliyyat işləmədiyi üçün insanlar çimərliklərə şəxsi avtomobillərindən istifadə edərək gedirlər. Təklif edirəm ki, növbəti həftədə də ciddi sıxlıq müşahidə olunarsa, bir çox meqapolisdə tətbiq edilən “cüt nömrə-tək nömrə” sistemindən bəhrələnə bilərik. Məsələn, şənbə günü “cüt nömrəli”, bazar günü isə “tək nömrəli” avtomobillərin çimərliklərə getməsinə icazə verilə bilər. Beləliklə, həftəsonu insanların rahat və təhlükəsiz istirahəti üçün imkan yarada, nəticədə isə koronavirusla bağlı min bir əziyyətlə əldə edilən olduqca müsbət dinamikanı qoruyub saxlaya bilərik. Hər halda, bu bir təklifdir və mütəxəssislərin bu və buna bənzər təklifləri nəzərdən keçirib, xüsusi qərar qəbul etməsi yaxşı olardı”.