Axtarış...

Əli Kərimli Azərbaycana qarşı ikinci cəbhə açır – erməniyə dayı deyənləri xalq bağışlamadı

Əli Kərimli Azərbaycana qarşı ikinci cəbhə açır – erməniyə dayı deyənləri xalq bağışlamadı


Tovuzdan başlayıb, Azərbaycanı bürüyən, son günlər isə Avropa, Amerika qitələrinə kimi uzanan milli müdafiə və antierməni hərəkatı dönməz yol alıb. Bu dalğa Azərbaycana böyük xilas vəd edir. Azərbaycanlılar az müddətdə dünyanın aparıcı ölkə və şəhərlərində təşkilatlandı, birləşdi, ayağa qalxdı. Son savaşa hazırlaşırmış kimi ayaqdadır millətimiz. Səhnədə Azərbaycan xalqıdır - bu filmin baş qəhrəmanı da özüdür, rejissoru da, ssenari müəllifi də. Azərbaycanlılar 21-ci əsrin 20-ci ilində ona yazılan pis ssenariləri cırıb kənara atdı, 10-12 gündə 100 ildə qət edə bilmədiyi məsafəni qət etdi və dirçəlməyə başladı. Erməni aqressiyası, erməni işğalı tamam başqa proses başladıb. Azərbaycan hər mənada azad olmaq yoluna qədəm basıb.

Əslində, bu günlər dünya azərbaycanlılarının əsl həmrəyliyinə şahidlik edirik. Bütün dünyada soydaşlarımız erməniçiliyə və ermənilərə qarşı sözün əsl mənasında savaşır. Bu proses azərbaycanlıların vahid məfkurəsinin, ideyasının, hədəfinin nə olduğunu göstərdi. Qarabağ mövzusunda heç kimə, heç nəyə güzəşt tanımır azərbaycanlılar. Vətən uğrunda ölməkdən belə çəkinmədi bu xalq. İstər atəşkəsin pozulduğu Tovuzda olsun, istər Bakıda, istər Rusiyada, istərsə də Avropa və ABŞ-da. Milləti hansısa komitə ilə, hansısa qurumla təşkilatlandırmaq istiqamətində neçə illərdir verilən əmək, xərclənən pullar bu qədər effektli olmamışdı. Belə fəaliyyət heç də hər dəfə uğurlu alınmır - intriqa, söz-söhbətlər yaranır. Amma xalq özü lazım gələndə təşkilatlanıb, böyük bir güc kimi meydanlara axışır.

Azərbaycanlılarla ermənilər arasında savaş bütün dünyada başlayıb. İndi atəş xətti yalnız Qarabağ, Tovuz deyil. Harada azərbaycanlı və erməni yaşayır, ora cəbhə xəttidir.

Cəbhə demiş, bu prosesi zədələmək istəyən Əli Kərimli cəbhəsi xalqın onlara layiqli cavabı ilə qarşılaşdı.

AXCP sədri Əli Kərimli, onun yaxın-uzaq çevrəsi bu Vətən və millət savaşında ermənilərdən tərəf oldular. Milləti kürəyindən bıçaqlamaq istədilər. Lakin bu sevimli və fədakar xalq o bıçağı xain dəstəbaşının əlindən alıb, onun özünün münasib bir yerinə soxdu. Harada birlik istəyi, birləşmək çabaları var, orada Əli Kərimlinin fitnəkarlığı aranı qatmağa çalışır. O, bu pis əməlini illərdir müxalifət düşərgəsində həyata keçirə bilir. Bütün dövrlərdə müxalifətin birliyini, əsasən, bu adam pozub. 1993-cü ildə, 1995-ci ildə, 1998-ci ildə, 2000-ci ildə Əbülfəz Elçibəylə İsa Qəmbərin arasına girdi, hərəkatın bu iki liderinin ittifaqının alınmaması üçün hər oyundan çıxdı.

Bu dəfə alınmadı. O, xalqın başlatdığı hərəkatı zədələyə, ona mane ola bilmədi. Təsirində, nəzarətində olan “Youtube” “fenemonlərini” xalqa qarşı qısqırtdı, əks nəticə ilə qarşılaşdı. Nə vaxt Azərbaycan ordusu əməliyyatlara başlayır, düşmənə qarşı dirənir, xalq ayağa qalxıb, dövlətini, ordusunu müdafiə edir, Əli Kərimlinin fitnəkarlığı bütün iyrəncliyi ilə start götürür. Bunun ətrafı – əsasən də xaricə sığınmış adamları tam bir erməni mövqeyi, düşmən münasibəti sərgiləyir ölkəmizə qarşı. Bu barədə “Yeni Müsavat”da dəfələrlə məqalələr dərc olunub. Ə.Kərimlinin yaxın-uzaq çevrəsində Azərbaycandan başqa bütün dövlətlərin maraqlarına xidmət edən şəxslərin olduğunu adbaad göstərmişik.

Bu dəfə bu işi özü gördü. Bizə gərək qalmadı. Əsas tribunası, Amerikada bunun lobbiçiliyini, maklerliyini edən Sevinc Osmanqızı məlum çıxışı ilə həm özünü, həm də Əli Kərimlini ifşa etdi.

Xalqdan üzr istəmək əvəzinə Sevincin müdafiəsinə qalxıb. Bütün trollarını Osmanqızının müdafiəsi üçün səfərbər edib. Sevincin lehinə yazılan şərhlərin altına bir neçə dəqiqə ərzində 25-30 laykın gəlməsi təbii proses deyil. Klaviatura və monitor arxasında oturan siyasətimizin fitnəkar keşişinin göstərişi ilə olur bu iş.

Bugünlərdə Rauf Arifoğlu “Space” televiziyasının “Sadə həqiqətlər” proqramına müsahibəsində Ə.Kərimli ilə bağlı bir fikir söyləmişdi. Demişdi ki, Ə.Kərimli iqtidara gəlmək istəsə, əlinə silah alıb ona qarşı vuruşmağa hazırdır. R.Arifoğlunun bu bəyanatındakı alt mənanı, mahiyyəti tam tuta bilməyənlər, yəqin indi onun nə demək istəyini anladı. Ə.Kərimlinin trolları isə baş yazarımızın bu fikrini terrora çağırış kimi təqdim etməyə çalışdı. Cəmil Həsənli, Nurəddin Məmmədli kimi sürtük siyasət avaraları da işverən dayı moduna girib, daha çox Qərb dairələrinə mesaj verdilər ki, baxın, Rauf Arifoğlu bizi terrorla hədələyir. Məqalələr yazdılar, “Facebook”da həşir qopartdılar.

Bu adamlar iqtidara gəlsə, Azərbaycan əldən gedər. Millət zəlil və rəzil olar. Bunlar bu gün müxalifətdə olub, Qərbin xoşuna gəlmək üçün ermənini haqlı çıxarırsa, iqtidara gəlsələr, Amerikanın, Avropanın, lap elə Rusiyanın xoşuna gəlmək, gözünə girmək üçün Azərbaycanı Qarabağ qarışıq satarlar.

Ən həssas məqamlarda ölkəsinə, millətinə qarşı xain mövqedə dayanan, siyasətdə azacıq boy göstərmək üçün bütün dəyərləri ayaqları altına qoymağa hazır olan bir təşkilatın, onun başında dayananların siyasi fəaliyyəti xalq tərəfindən boykot edilir. Bu üzqarası adamlara xalq gərəkən cavabı verdi. Sevinc Osmanqızına və onabənzər vətənsizlərə, onların arxasında dayanan fitnəkarlara ictimai rəyin necə olduğunu gördük, bildik.

Əli Kərimli elə bir eyforiyaya qapılmışdı ki, düşünürdü, nə etsə, xalqdan dəstək görəcək. Yanıldı və özünü yandırdı.

Azərbaycan xalqı iyulun 12-dən etibarən elə bir qlobal, möhtəşəm proses başladıb ki, bu prosesdə hansısa müxalifət partiyasının, onun sədrinin rolu ən xırda epizodlarda belə görünmür, adı çəkilmir.

Xalq Əli Kərimlinin gözləntisini məhv edib. Yəqin həm də buna görə qəzəbli və məyusdur. İllərdir bir illüziya ilə yaşayırdı. Ona elə gəlirdi ki, çox keçmədən xalqı iqtidara qarşı üsyana qaldıracaq. Bu yolla iqtidara gələcək. Xalq isə daha böyük, daha qutsal bir hədəf üçün ayağa qalxdı. Bununla da Ə.Kərimlini və onun xəyallarını ayağı altına alıb, əzib keçdi. Bu xalq kimlərinsə qısır iddiası, axmaq istəkləri üçün öz dövlətinə qarşı çıxmadı. Əksinə, öz dövlətini, ordusunu, Ali Baş Komandanını müdafiə etmək üçün dünyanı ayağa qaldırdı.
Azər AYXAN //“Yeni Müsavat”//
Text-to-Speech

DİNLƏ






Şərh yaz