Axtarış...

“Fud Siti”-nin birgünlük “qəhrəmanlığı”: “Milyarderlər İttifaqı”nın yenidən “xortladılması” nəyə xidmət edir?




İyulun 24 - nə keçən gecə erməni və azərbaycanlı toqquşmalarının ardından Moskva polisi kütləvi dava və özgə malını qəsblə bağlı cinayət işi qaldırıb.

Ovqat.com BBC-nin Rusiya Xidmətinə istinadən xəbər verir ki, açılan cinayət işi əsasında 25 nəfər saxlanılıb. Saxlanılanların azərbaycanlı olduqları güman edilir.

Rusiya KİV-i erməni nömrələri olan maşınlara hücum və Rusiya paytaxtının cənub-şərqində yerləşən Azərbaycan restoranına basqın barədə məlumat verir. Görünən budur ki, Rusiyada Azərbaycan-erməni münaqişəsi qızışır və ya qəsdən qızışdırılır. Rusiya mediası da bu istiqamətdə əlindən gələni əsirgəmir.

"360" telekanalının bildirdiyinə görə, iyulun 24-nə keçən gecə bir qrup azərbaycanlı erməni nömrələri olan maşınları saxlayıb, maşındakı insanları döyüblər. Telekanal milli mənsubiyyəti müəyyən etmək mümkün olmayan bir neçə gəncin Ermənistanın dövlət qeydiyyatında olan ağ rəngli avtomobilə hücumunun videogörüntülərini yayınlayıb. Videoda hücum edənlərdən birinin maşının yan şüşəsini sındırdığı və sürücünün başına zərbələr endirdiyi əks olunur. Başqa bir şəxs isə avtomobilin üzərinə atılıb, ayaqları ilə onun ön şüşəsini sındırmağa çalışır.



RBC telekanalı qarşıdurmalar zamanı bir nəfərin yaralandığını iddia edir: “Həkimlər ona ilkin tibbi yardım göstərdikdən sonra xəstəxanadan buraxıblar. Bundan sonra zərərçəkən polis şöbəsinə aparılıb”. Moskva polisinin həmin erməninin şikayəti əsasında cinayət işi açdığı güman olunur.

Rusiya Erməniləri Birliyinin həmsədri David Tonoyanın sözlərinə görə, toqquşmalarda onun tanışı bıçaq zərbəsi alıb. Söhbətin ilkin müalicə aldıqdan sonra polisə gətirilən ermənidən gedib-getmədiyi aydın deyil.
Tonoyanın sözlərinə görə, avtomobillərə gecə hücumlarından sonra onun rəhbərlik etdiyi qurumun üzvləri küçələrdə patrulluq etmək qərarına gəliblər.

"Rusiya Azərbaycanlıları Birliyi" nin vitse-prezidenti Elnur Hüseynovun “360" telekanalına verdiyi açıqlamaya görə, daha bir kütləvi dava Pererva rayonundakı "1001 gecə" restoranında baş verib. O bildirib ki, azərbaycanlıya məxsus olan bu məkana bir neçə ermənidən ibarət qrup hücum edib.

“BBC-Rusiya”-nın bildirdiyinə görə, Moskvada küçə hücumları Ermənistan və Azərbaycan sərhədlərində davam edən qarşıdurma fonunda baş verib: “İyulun ortalarında orada insan itkisi ilə nəticələnən bir neçə döyüş əməliyyatı baş verib.

Bakı təkid edir ki, iyulun 12-də Ermənistan qüvvələri Azərbaycan mövqelərinə atəş açıb, "atəşkəs rejimini kobud şəkildə pozub". İrəvanda isə bildirirlər ki, Azərbaycan hərbçiləri yük maşınında erməni dayaq məntəqəsinə tərəf irəliləmiş, xəbərdarlıq atəşindən sonra öz mövqelərinə qayıtmış, yenidən geri dönərək erməni mövqelərinə atəşə açmağa başlamışlar.

Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyanın sözlərinə görə, artıq ölkələr arasında münasibətlərin gərginləşməsi biznes münasibətlərinə də təsir göstərib. Səfir bildirib ki, iyulun 18-də erməni tədarükçülərin "Kiyev meydanı" Şirkətlər Qrupunun təsisçiləri əslən Azərbaycandan olan Qod Nisanov və Zarah İliyevə məxsus "Fud Siti" bazarına buraxılmasına əngəl yaradılıb. Bununla belə, “Fud Siti” sahiblərinin “Azərbaycansevərliyi” uzun sürməyib. Növbəti gün Moskva Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk bildirib ki, erməni mallarının "Fud Siti" bazarında satışı bərpa olunub. Ermənistan səfiri də məhsulların tədarükü ilə bağlı problemlərin artıq olmadığını təsdiqləyib.

Bu iddiaların işığında “Fud Siti”-nin bir gün çəkən “qəhrəmanlığı”nın əsl səbəbi maraq doğurur. Faktiki olaraq, Rusiyada azərbaycanlı-erməni qarşıdurmasını qızışdırmaqdan başqa heç bir işə yaramayan bu yarımçıq addım Moskvanın sifarişi ilə də atıla bilər. Belə ki, Rusiyada qızışan konfliktlərin azərbaycanlıların ölkədən kütləvi deportasiyasına yol açacağı və Bakıda gərginliyin artırılması ilə nəticələnəcəyi şübhə doğurmur.

Maraqlıdır ki, bənzər addım Araz Ağalarova məxsus ticarət mərkəzlərində də atılıb. BBC-nin bildirdiyinə görə, iyulun 23-də erməni malları və məhsulları etnik azərbaycanlı Araz Ağalarova məxsus "Sənin evin" mağazalarının rəflərindən itib. Tikinti hipermarketləri şəbəkəsinə malik olan "Krokus qrupu"nun nümayəndələri bu barədə RBC agentliyinə şərh verməkdən imtina ediblər. “Krokus qrupu”nun bu “vətənsevərliyini” nə qədər davam etdirəcəyi maraq doğurur. Əgər o da “Fud Siti” kimi qısa zamanda geri çəkiləcəksə, Rusiyadakı “Milyarderlər İttifaqı”nın yenidən fəallaşdırılmasının əsl səbəbi başqa mətləblərdə axtarılmalıdır. Belə çıxır ki, məqsəd ermənilərə iqtisadi zərbə vurmaq yox, qısa müddətli addımlarla Cənubi Qafqazın iki düşmən xalqı arasında konflikti əsl ocağından kənarda daha qızışdırmaqdır. Halbuki, Azərbaycan öz torpağı uğrunda meydan savaşını başqa ölkələrin ərazisində yox, Dağlıq Qarabağda aparmalıdır. Başqa ölkələrdə isə bu mübarizə diplomatik masalardan kənara çıxmamalıdır.
İyulun 23-də Rusiyanın erməni əsilli Xarici İşlər naziri Sergey Lavrovun azərbaycanlı icma adından Qod Nisanovla görüşməsi də “patriotik təxribat” ehtimalını gücləndirir. Rusiya XİN-in saytı xəbər verir ki, Sergey Lavrov "Rusiyanın azərbaycanlı və erməni icmalarının görkəmli nümayəndələri"ilə görüşüb. Söhbət "Kiyev meydanı" MMC-nin Direktorlar Şurasının sədri Qud Nisanovdan və "Rusiya Erməniləri İttifaqı" nın prezidenti Are Abramyandan gedir. Görüşdə əsasən "Azərbaycan və erməni icmalarının Rusiya Federasiyasının ərazisində mövcud qanunvericiliyə uyğun olaraq millətlərarası sülhün və razılığın saxlanılmasında rolu müzakirə olunub", - deyə XİN-in saytında bildirilir.

Qeyd edək ki, iyulun 12-də Azərbaycan-Ermənistan sərhədlərində baş verən toqquşma ABŞ-ın Rusiyanın qaz strategiyasına qarşı həyata keçirməyə çalışdığı sanksiyaları fonunda fərqli təəssüratlar yaradır. Məlum olduğu kimi, ABŞ uzun müddətdir Rusiyanın Avropanı qazla təchiz etmək üçün planlaşdırdığı “Şimal axını-2” və “Türk axını” layihələrini dayandırmaq üçün hərəkətə keçib. Vaşinqton tərəfindən dəfələrlə dilə gətirilən bu tələb xüsusilə son zamanlar daha da intensiv şəkildə ortaya qoyulur. Müttəfiqlərinə bu istiqamətdə təzyiqlərini artıran Vaşinqton onları sözügedən qaz kəmərindən imtinaya çağırır və bu çağırışa əməl etməyənlərə sanksiyalarla hədələyir.

Tovuz toqquşmasından əvvəl də təkrarlanan çağırışlara, demək olar ki, bütün Avropa ölkələri qoşulub: Almaniya “Şimal axını-2” layihəsini dayandırıb, Bolqarıstan, Türkiyə, Yunanıstan və s. kimi ölkələr də Rusiyadan qaz alışlarını ciddi ölçüdə azaldıb. Bu ilin sonlarına doğru Rusiyadan qaz idxalının tamamilə dayandırılması gözlənilir. “Şimal axını-2” layihəsində nəzərdə tutulan qaz təminatını öz şirkətləri vasitəsilə həyata keçirmən istəyən ABŞ “Türk axını” üçün isə iki əsas alternativ göstərir: biri TANAP-TAP boru kəməri, digəri isə ABŞ və Qətərin satdığı LNG (dondurulmuş) qaz.

İqtisadiyyatı qaz və neft ixracatı üzərində qurulan Rusiyanın qarşısında həmin alternativləri sıradan çıxarmaq zərurəti yaranıb. Ermənilərin Cənub Qaz Dəhlizinin keçdiyi Tovuza hücumlarının məhz belə bir zamanda baş verməsi təsadüfə oxşamır. O da təsadüfi deyil ki, həmin hücumdan bir gün sonra ABŞ-ın Dövlət Departamentinin sədri Mayk Pompeo bəyanat verərək bütün Avropa ölkələrini “Türk axını” və “Şimal axını-2” layihələrindən dərhal çıxmağa çağırmışdı. Üzərindən daha bir neçə gün keçdikdən sonra ABŞ Konqresi də ölkənin hərbi büdcə layihəsinə sözügedən qaz kəmərlərinə qarşı sanksiya bəndləri əlavə etmişdi.

Göründüyü kimi, Rusiyanın qaz strategiyasının alternativlərindən biri olan TANAP-TAP layihəsi ancaq Azərbaycan sərhədlərində və ölkə daxilində baş verəcək iğtişaşlar və qarşıdurmalar nəticəsində dayandırıla bilər. Məsələyə bu baxımdan yanaşanda Rusiyada azərbaycanlıların depotrasiyasını tətikləyəcək hadisələrin baş verməsi və gərginliklərin artırılmasında Moskvadakı “Milyarderlər İttifaqı”nın xüsusi rol oynaması təsadüfi görünmür.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz