Azərbaycanda qəribə bir tendensiya yaranıb. Hansı məmur başqa idarəyə rəhbər vəzifəyə təyin olunursa, yeni iş yerinə tək getmir. Özüylə bərabər köhnə iş yerindəki komandasını da aparır. Bir çox hallarda həmin komandanın yeni iş sahəsiylə yaxından-uzaqdan heç bir əlaqəsi olmur da.
Ölkəmizdə ilk dəfə bu tendensiyanı hazırda İqtisadiyyat naziri olan Mikayıl Cabbarovun timsalında gördük. Xatırlayırsınızsa, 2013-ci ildə İçərişəhər qoruğunun müdiri olan Mikayıl Cabbarov birdən-birə Təhsil naziri təyin edildi. O da bütün “qoruqçuları” özüylə aparıb Nazirliyin müvafiq şöbələrinə yerləşdirdi. 4 il keçdi, eyni adam Vergilər Nazirliyinə transfer edildi. Yenə həminki komanda onunla bərabər yeni struktura gətirildilər. Daha iki il keçdi, keçmiş “baş qoruqçu” İqtisadiyyat naziri təyin olundu. Keçmiş komanda isə bu səfər öz yerində qaldı. Çünki Vergilər Nazirliyi döndü oldu İqtisadiyyat Nazirliyinin bir komitəsi.
Mikayıl Cabbarovdan miras qalan bu ənənəni indiki Kənd Təsərrüfatı naziri İnam Kərimov davam etdirdi. O da əvvəl “ASAN Xidmət”-in rəhbərliyində idi. Birdən-birə KTN-nin rəhbərliyinə gətirildi. “ASAN Xidmət”-dəki komandası da İnam Kərimovun kölgəsi kimi arxasınca süründü. Baxmayaraq ki, kənd təsərrüfatı heç də “ASAN” sahə deyildi.
Maraqlıdır ki, yenicə Xarici İşlər naziri təyin olunan sabiq Təhsil naziri Ceyhun Bayramov da sələflərinin açdığı bu cığırla irəliləməkdə qərarlıdır. O da nazir təyin olunar-olunmaz öz “kölgə”sini arxasıyca sürüyüb, XİN-ə gətirib. Hər halda mətbuatda çıxan və Ovqat.com-un əldə etdiyi informasiyalar bu cür düşünməyə əsas verir. Öncə gəlin, digər mətbu orqanlarda dərc olunan bir xəbərə nəzər salaq.
Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Nərgiz Səfərova tutduğu vəzifəsindən azad edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, Nərgiz Səfərova Xarici İşlər Nazirliyində maliyyə şöbəsinə müdir vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Nərgiz Səfərova 2013-cü ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsində çalışıb. O, Qərb Universitetinin iqtisadiyyat fakültəsində bakalavriat və magistratura səviyyələri üzrə iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasına yiyələnib. Uzun müddət özəl sahədə ixtisası üzrə müxtəlif yüksək vəzifələrdə çalışıb. BŞTİ-nin müdir müavini vəzifəsində maliyyə hesabatlılığı üzrə islahatların aparılması, bu sahədə şəffaflığın artırılması, maliyyə intizamının möhkəmləndirilməsi və innovasiyaların tətbiqi məsələlərinə cavabdeh olub.
Bu il isə Ceyhun Bayramovun müvafiq əmrinə əsasən o, Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.
Ovqat.com-un məlumatına görə, XİN-də kadr dəyişikliyi heç də bununla kifayətlənmir. Bildirilir ki, Nazirliyin kadrlar və işlər idarəsində də ağır daşlar yerindən oynadılıb. Onların yerinə isə nazir Ceyhun Bayramovun Təhsil Nazirliyindəki komandasına daxil olan ağır bosslar gətirilib.
Əldə etdiyimiz bu məlumatı dəqiqləşdirib, kimlərin hara təyin olunması ilə bağlı informasiyaları oxucuların diqqətinə çatdıracağıq. Hələlik isə cənab Ceyhun Bayramova xatırlatmaqda fayda görürük ki, ona böyük ehtimalla “XİN-dən “5-ci kolon”-un üzvlərini təmizlə” deyilib. Amma deyilməyib ki, onların yerinə öz kolonunun üzvlərini yerləşdir. //ovqat.com//