Axtarış...

Məmurlar varidatlarını açıqlamağa risk edəcəklərmi – GÜNÜN SUALI

Məmurlar varidatlarını açıqlamağa risk edəcəklərmi – GÜNÜN SUALI

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkə iqtisadiyyatının durumu ilə bağlı bugünlərdə keçirdiyi mətbuat konfransda bildirdi ki, hazırda əmlak və kapital amnistiyası İşçi qrup səviyyəsində müzakirə edilir: “Buna sahibkarlar və bank sektoru tərəfindən maraq göstərilir. Beynəlxalq təcrübə nəzərdən keçirilir. Proses başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək”.

Sözügedən amnistiya məsələsini AYNA-ya şərh edən iqtisadçı-ekspet Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda qeyri-leqal kapital və əmlak daha çox məmurların əlində cəmləşib: “Hər şey məmurların bu prosesə nə qədər inanmasından asılıdır. Bu inam əsasında məmurlar və onların himayəsində olan sahibkarlar öz bizneslərini, gəlirlərini, əmlaklarını leqallaşdırmaqla bağlı qərar verəcəklər. Bu da müəyyən bir mexanizm çərçivəsində tənzimlənməlidir”.

“Biz 7 il bundan əvvəl kapitalın və əmlakın amnistiyasının qəbul edilməsi təklifi ilə çıxış etmişdik. Ölkədə ağ səhifədən iqtisadi münasibətlərin tənzimlənməsi ilə bağlı addımların atılmasının vacibliyini vurğulamışdıq. Burada problem ondan ibarətdir ki, maliyyə amnistiyası və əmlak amnistiyası etibar və etimad ortamı olmadan mümkün deyil. Məlumdur ki, Azərbaycanda qeyri-leqal kapital və əmlak daha çox məmurların əlindədir və amnistiya, əsasən məmur iqtisadiyyatı ilə bağlı məsələdir və məmur sahibkarlığını əhatə edəcək. Ona görə də hər şey məmurların bu prosesə nə qədər inanmasından asılıdır. Bu inam əsasında məmurlar və onların himayəsində olan sahibkarlar öz bizneslərini, gəlirlərini, əmlaklarını leqallaşdırmaqla bağlı qərar verəcəklər. Bu da müəyyən bir mexanizm çərçivəsində tənzimlənməlidir. Yəqin ki, həmin kapitalın, əmlakın böyük hissəsi vergi şəkilində onlardan alınmalıdır. Hesab edirəm ki, bu amnistiya elə-belə verilmir”, - ekspert deyib.
“Amnistiya o ölkələrdə effekt verib ki, orada inam ortamı, ədalətli məhkəmə sistemi olub. Həmçinin də hökumətin verəcəyi sözü tutacağı, həmin insanlarla bağlı daha heç bir cinayət əməlinin olmayacağı ilə bağlı sərt qanunlar qəbul olunub. Belə bir praktika olsa, bunun Azərbaycan üçün böyük xeyri olar. Məsələn, Rusiyada 2 il bundan öncə belə addım atıldı. Amma heç bir effekt vermədi. Çünki heç bir məmur biznesinin tam leqallaşması ilə bağlı qərar vermədi. Səbəb isə aydın idi - heç bir məmur və oliqarx amnistiya verilən sərvətinin təhlükəsizliyi üçün hökumətin vədlərinə inanmadı”, - Cəfərli bildirib.

Müsahibimiz hesab edir ki, Azərbaycanda bu addımın atılması vacibdir: “Çünki bu, iqtisadi və siyasi münasibətlərin tənzimlənməsi, yeni səhifənin açılması deməkdir. Bunun üçün ciddi etimad ortamı olmalıdır. Bu praktikadan, əsasən Şərqi Avropa ölkələri istifadə edib və uğur qazanıblar. Buradan belə nəticə çıxarmaq olar ki, ən yaxşı halda bu, koalision hökumətlər və yaxud da texniki hökumətlər dönəmində olub. Azərbaycanda da maliyyə amnistiyasının qarantı kimi koalisiya yaxud da texniki hökumət çıxış edəcəksə və heç bir siyasi təqiblərin, sonradan cinayət təqiblərinin olmayacağı ilə bağlı insanlara güvən verəcəksə, bu zaman bunun effekti ola bilər”.

İqtisadçı digər məqamlara da toxunub: “Bizim təkliflərimiz həm də ondan ibarət olub ki, kapital və mülkiyyət amnistiyasından əldə olunacaq vergi şəkilində gəlir dövlət büdcəsinə getməsin. Bunun üçün ayrıca ciddi ictimai nəzarət altında Tərəqqi Fondu yaradılmalıdır. Ola bilməz ki, Fonda yığılan vəsaiti hökumət büdcənin formalaşdırılmasında istifadə etsin. Bu Tərəqqi Fondundan hökumətə yalnız iki istiqamətdə istifadə etməyə icazə verilməlidir:

1. Vətəndaşların sosial təminatının gücləndirilməsi. Çünki o vəsait xalqdan oğurlanıb və bir hissəsi xalqa qaytarılmalıdır;

2. Kiçik və orta sahibkarlığa aşağı faizlə və uzunmüddətli kreditlərin verilməsi

Sosial vəziyyətin güclənməsinə həm tibb, həm təhsil sahəsi daxil olmalıdır. Məsələn, ali təhsil pulsuz olmalıdır. Aztəminatlı ailələrin icbari tibbi sığorta ödənişləri tamamilə dövlət tərəfindən ödənilməlidir. Yəni sosial paketin içində müxtəlif istiqamətlər var. Amma ikinci istiqamət daha konkretdir. Əgər qlobal olaraq belə bir model fikirləşilibsə, bu zaman uğur qazanmaq olacaq. Hətta Tərəqqi Fonduna milyardlarla vəsaitin yığılması mümkündür”.
0
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz