Qonşu şikayət etdi, hakim cavabdehdən xəbərsiz qərar çıxardı, məhkəmə icraçıları “mənzilin döşəməsi sökülməldir” deyir…
Etibar Quliyev: “Cənab prezident, bir zülmə düşmüşəm, xahiş edirəm, məni bu zülmdən qurtarın”
“Hakim Xuraman Məhərrəmova xəbər göndərdi ki, “münasib qiymətə satırsa, mən o evi alım…”
Bəzən deyirlər ki, yaxşı qonşu bir nemətdir. Ancaq qonşunun hamısı da yaxşı olmur. Elə qonşular var ki, biri o birinin gününü qara edir. Bəzi hallarda isə onlar arasındakı anlaşılmazlıq məhkəmələrə qədər gedib çıxır. Elə “Hürriyyət”ə müraciət edən Quliyev Etibar Telman oğlu da prezident İlham Əliyevə müraciətində qonşusunun onların həyatını alt-üst etdiyini bildirir:
“Yasamal rayonu, Kazımzadə küçəsi 117/119, 58 b ünvanında yaşayan qızım 58 a mənzilində yaşayan qonşusu Xanmirzəyev Fəxrəddin tərəfindən məhkəməyə verilib. Nəticədədə iki ildir həyatımız alt-üst olub. Bu nöqteyi-nəzərdən mən cənab Prezidentə müraciət etmək istəyirəm.
2018-ci ilin may ayından Yasamal rayon Məhkəməsinin hakimi qonşumuz Fəxrəddin Xanmirzəyevin şikayəti əsasında qərar çıxarıb ki, bizim mənzilin döşəməsi izolyasiya olunmalıdır, qonşuya səs getməməlidir”.
“Bizə bildiriş də göndərilməyib ki, nə vaxt məhkəmədir”
E.Quliyev nəzərə çatdırb ki, bina yeni tikilidir: “Hamımız da bilirik ki, yeni tikilən binaların hamısında səs tonu normadan çoxdur, liftin şaxtasından gələn səs mənzillərin içindədir. Yəni bu, o demək deyil ki, binada səs var. Bu, qonşu isə ondan narahatdır. Onu da qeyd edim ki, şikayətdən sonra tək bizim evdə ekspertiza aparılıb. Qonşuların heç birində ekspertiza aparılmayıb və səs tonu yoxlanılmayıb. Ekspertizanın verdiyi qərəzli rəyə əsasən, Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Zirəddin Abdullayevin göstərişi ilə yataq otağında iki vestübül, uşaq otağında bir vestübül səs tonu yazmaqla, məhkəmə qərar çıxarıb. Ancaq məhkəmədə nə Fövqalədə Hallar Nazirliyinin əməkdaşı, nə binanı tikən, nə də biz iştirak etməmişik. Bizə bildiriş də göndərilməyib ki, nə vaxt məhkəmədir. Biz onda xəbər tutduq ki, məhkəmə qərar çıxarıb, döşəmə izolyasiya olunmalıdır.
Biz dərhal məhkəmənin qərarından apellyasiya şikayəti verdik. Yenə də həmin qayda ilə bizi Apellyasiya Məhkəməsinə çağırmadılar, nə Fövqalədə Hallar Nazirliyinin əməkdaşı, nə bina tikən, nə biz – heç kim orada iştirak etmədi. Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxladı”.
“Rəşad Abbasov dedi ki, “məhkəmə yazıbsa, döşəmə sökülsün, döşəmə sökülməlidir””
Şikayətçi deyir ki, ortada belə bir məhkəmə qərarı olmadığı halda, icraçılar döşəmənin sökülməsini tələb edib: “Bizə xəbər gəldi ki, məhkəmə icraçıları gəlib döşəmənin sökülməsini tələb edir. Mən məhkəmənin qərarını götürüb, Yasamal rayon İcra və Probasiya şöbəsinin rəisi Rəşad Abbasovun yanına getdim. Rəşad Abbasov dedi ki, “məhkəmə yazıbsa, döşəmə sökülsün, döşəmə sökülməlidir”. Məhkəmənin qərarını oxuduq ki, döşəmənin sökülməsi haqqında qərar yoxdur. Mən ona etiraz etdim ki, səsi başqa üsulla azalda bilərəm. O da soruşdu ki, “nə üsuludur?” Mən dedim ki, köpük üsuludur, bunu mənə bir usta deyib. Dedi, “onda başla, başlayanda mənə deyərsən”.
İki gündən sonra mən təmir işinə başladım və Rəşad Abbasova xəbər göndərdim ki, gəlin, təmirə başlamışam. Rəşad Abbasov da dedi ki, “gəlməyə ehtiyac yoxdur, sən onun videosunu çək, mənə göndər”. Mən də çəkib göndərdim ki, döşəmədə deşiklər açılır və insanlar gəzən hissəsinə köpük vurulur. Təxminən 10 gündən sonra bu işlər qurtardı, müraciət etdik ki, gəlin səsi ölçün. Rəşad Abbasov məni yanına dəvət etdi və bildirdi ki, “siz düzgün təmir etməmisiniz”. Dedim, nəyə görə? Dedi ki, “mən usta ilə danışmışam, usta deyir ki, döşəmə sökülməli, altına daş yun qoyulmalı, sonra üstündən parket vurulmalıdır”. Dedim ki, bunu mən təmirə başlayanda niyə demirsiniz, onda deyərdiniz ki, bu, düzgün deyil. Mən təmir etmişəm, indi deyirsiniz ki, köpük səsboğucu deyil. Dedi, “onda ekspertiza təyin edirəm, gəlsin, səsin tonunu ölçsün”. Mənə zəng etdi ki, “gəlin ekspert gəlib”. Sonra qızımgilə gəldim ki, iki nəfər gəlib, biri məhkəmə ekspertidir. Dedim, gəlin səsi ölçün. Dedi ki, “bu gəlib ki, köpüyün səsboğucu olmadığını sizə desin”. Dedim, mən səsi ölçməyinizi istəyirəm. Bu, mənə məsləhət gördü ki, “siz fiziki şəxs kimi məhkəmənin ekspertizasına müraciət edin, gəlsinlər ölçsünlər, bizim səs ölçməyə ixtiyarımız yoxdur. Bu hadisə 11. 09. 2019-cu ildə olub”.
“Eyni vaxtda səs ölçənlər də gəlmişdi, qonşular evə buraxmadılar”
E.Quliyevin sözlərinə görə, bundan sonra ərizə ilə məhkəmə ekspertizasına müraciət edib: “Ayın 18-də mənə cavab gəldi ki, “siz ümumi qaydada məhkəməyə müraciət etməlisiniz ki, ekspert təyin etsin”. Mən Yasamal Rayon Məhkəməsinə müraciət etdim ki, mənə ekspert təyin etsinlər. Oradan bildirdilər ki, “sizin işiniz 16.09.2019-cu ildə istintaqa gedib, siz onlara müraciət edin”. Mən İstintaq İdarəsinə gəldim, rəislə, müstəntiqlə görüşdüm və onlardan xahiş etdim ki, mən bu təmir işlərini etmişəm. Dedim, məhkəmə yazmayıb ki, döşəmə sökülsün, yazıb ki, izolyasiya edilsin, mən də etmişəm, siz bunun səsini ölçün. Onlar dedilər ki, “biz səsi ölçərik”. Mən xaricdə idim, bir gün yenə mənə zəng etdilər ki, “səsi ölçməyə gedirik, evdə adam var, yoxsa yox?”. Dedim ki, səsi kim ölçəcək. Dedi ki, ““vizualnı” baxmağa gedirik”. Mən etiraz etdim, dedim ki, “vizualnı” baxmağ gedirsinzsə, elə birdəfəlik səs ölçəni də çağırın, gəlsinlər ikisini bir yerdə etsinlər. Sonra ayın 21-i saat 12-yə təyin olundu ki, qonşu də evdə olsun, biz də evdə olaq, həm də səs ölçən gəlsin.
Saat 12-də bunlar gəldilər, mən burada yox idim, əlaqə saxlayırdım. Səs ölçənlər, “vizualnı” baxan gəlib. “Vizualnı” baxan deşiklərə, köpüklərə baxıb, rəy yazıb ki, “8-12 mm deşik açılıb, köpük vurulub. Bu işin keyfiyyətini yoxlamaq üçün ya döşəmə açılıb, altına baxılmalıdır, ya da səs ölçmə texniki vasitələrlə həyata keçirilməlidir”. Belə bir rəy yazıb. Eyni vaxtda da o səs ölçənlər gəlmişdi, qonşular bunu evə buraxmadılar. Nə isə, iş belə qaldı”.
“Xanmirzəyev mətbuata çıxdı ki, “Rəsul Quliyevin qohumudur, bundan hamı qorxur””
Etibar Quliyevin sözlərinə görə, qonşusu onu Rəsul Quliyevin qohumu olması ilə şantaj edir: “Sonra bir gün bunlar məni çağırdılar ki, “gəl, ekspert gəlib, döşəməni sökməlisiniz”. Mən gedib qapını açdım ki, bir nəfər qonşunun vəkilidir, bir ekspert, bir müstəntiq, iki nəfər də bu ər-arvaddır. Mən dedim ki, Malik müəllim, bu ər-arvad mənim evimə girməyəcək. Malik müəllim də israrla dedi ki, bunların iştirakı ilə sökülməlidir. Malik müəllim dedi ki, “bizi evə buraxmırsınız?” Dedim, sizi buraxıram, bu ər-arvadı buraxmıram. “Bunları buraxmıram” deyəndə ər-arvad səs-küy qaldırdılar. Bunları oradan çıxartdılar. Malik müəllim dedi ki, “akt yazın ki, Etibar bizi içəri buraxmadı”. Aktı yazdılar, mən də qol çəkdim. Bunlar getdilər. Gedəndən sonra Xanmirzəyev mətbuata çıxdı ki, “Etibar Quliyev Rəsul Quliyevin qohumudur, bundan hamı qorxur, bütün qərarlar bunun xeyrinə çıxır”. Mən də buna başa sala bilmirəm ki, mənim haqqımda bir dənə müsbət qərar olmayıb, mən haqlı ola-ola məhkəmələr mənim haqqımı tanımayıb. Müstəntiq də, rəis də dedilər ki, “döşəmini sökməsən, bu iş məhkəməyə gedəcək. Məhkəmədə sənin yoldaşın həbs də ola, haqqında inzibati qərar da verilə bilər. Ona görə, siz döşəməni sökməlisniz”. Ev də yoldaşımın adınadır”.
“İndi mənə dirənib ki, “bütün ev sökülməlidir””
E.Quliyev diqqətə çatdırdı ki, o, bundan sonra, müstəntiqin, qonşuların iştirakı ilə 22 kvadratlıq otağın döşəməsini söküb: “Orada da “laqalar”, döşəmə tərpənmirdi. Həmin qonşunun özü getdi izolyasiya materialı aldı ki, bunu sərim. Mən də “penoplast” almışdım, onu da bunun üstünə qoyduq, parketi vurduq. Sizi inandırım ki, imkansızlıqdan hələ onun “plintus”larını vura bilməmişik. Oboyolar dəyişildi, otağın təmir işləri təzədən oldu. Təmir qurtaran kimi bu ər-arvad evə gəlib. Qızım zəng etdi ki, “arvad aşağıda tullanıb-düşür, əri də yuxarıda”. Bunlar mənə zəng etdilər ki, “səs həmin səsdir, səs dəyişməyib, o biri otağı sökməyin”. Dedim, onda durun müstəntiqin yanına gəlin. Müstəntiqin yanına gəldilər, danışdıq, dedilər ki, “təmirə ehtiyac yoxdur, həmin səs gəlir”. Mən də dedim ki, ora “kavralit” alıb sərərəm. Bunlar da mənimlə razılaşdılar, ayrıldıq.
Üstündən bir gün keçməmişdi, karantin məsələsi ortaya düşdü. İki ay yarımdan sonra Fəxrəddim Xanmirzəyev mənə zəng etdi ki, “siz məndən qisas alırsınız”. Dedim, nə qisas? Dedi, “siz saat 3-4-də döşəməyə ayağınızı döyürsünüz, mən yata bilmirəm”. Mən də buna baş salmağa çalışdım ki, saat 3-4-ə uşaq oyaq olmur, həmin vaxt lift işləyəndə onun səsi bizim evə də əglir, 15-ci mərtəbədə səs olur, o bizim evə də gəlir. Bu, mənim günahım deyil. Dedi ki, “mən sizdən şikayət edəcəm, siz o təmiri düz etmədiniz”. Dedim, təmir edəndə deyərdin ki, düz etmədiniz, yaxud adam gətirərdin ki, təmir belə olmalıdır. Sonra məsləhət gördük ki, ikinci otağı sökməyə ehtiyac yoxdur. İndi mənə dirənib ki, “bütün ev sökülməlidir””.
“Makler dedi ki, “bu evdə səs yayılır””
E.Quliyev hesab edir ki, qonşu bütün bunları məqsədli şəkildə edir: “Bu adam bizi məhkəməyə verib. Məhkəmə bizi 500 manat cərimələyəndən 1 gün qabaq hakim dedi ki, “sizə vaxt verirəm, evi satın”. Mən də dedim satıram, canım qurtarsın. Üstündən 2 saat sonra Fəxrəddin müəllimin yoldaşı bizə adam gətirib, kişi baxıb deyir ki, “260 min verirəm”. Qızım da deyib ki, “papamla danışın, mən bilmirəm”. Mənə zəng etməmiş, götürüb məhkəmə icraçısı Ramin Muradova zəng edib. Ramin Muradov mənə zəng etdi ki, “siz ev satan deyilsiniz, bizi dolamısınız?”. Dedim, nə ev? Dedi, “qızın deyir ki, 260 minə evi satırıq”. Dedim, birincisi, mənə deyilməyib. İkincisi də qiyməti 300 mindir, ondan 20 min düşürəm, 280 min verin, götürün. Dedi, “sən düzgün qiymət qoymursan, mən makler gətirərəm”. Dedim, gətir. Ramin Muradov bir makler gətirdi, mən də evə gəldim. Makler dedi ki, “bu evdə səs yayılır, ona görə də bu evi heç kəs almayacaq. Bu evi alsalar da, “podmayak” qiymətinə alacaqlar. Çünki döşəmə, oboylar söküləcək. Ona görə də bu evin qiyməti 180 mindir”. Mən razılaşmayandan sonra təzədən bizə məhkəmə təyin etdilər. Yoldaşımın ölkədən çıxışına qadağa və bizə vaxt qoydular. Mən onda bunlara zəng etdim ki, gəlin 260 min verin, evi götürün. Mən belə deyəndə həmin qonşu qadın 220 min dedi. 220 min verəndə mən artıq özümü təhqir olunmuş hesab etdim. Mən ona açıq şəkildə dedim ki, mən sizə heç nə vermirəm.
Üstündən bir müddət keçəndən sonra qərar çıxaran hakim Xuraman Məhərrəmova xəbər göndərdi ki, “münasib qiymətə satırsa, mən o evi alım”. Yəni, mənə elə gəlir ki, bunların məqsədi bu evi ələ keçirməkdir”.
İndi təmir işləri görülüb qurtarıb, evdə səs də yoxdur. Bunu özləri də bilir. İndi məsələ qaldırıblar ki, “o biri otağı da sökün”. Axı, mən birinci otağı sökəndə dedilər ki, ehtiyac yoxdur, bundan müstəntiqin, rəisin də xəbəri var. 3 gün bundan qabaq isə mənə zəng etdilər ki, işi məhkəməyə göndəririrk, sənədləri aparıb prokurorluğa veriblər. Prokurorluq işin məhkəməyə göndərilməsini qəbul etmədi, məni dəvət etdi dedi ki, “ikinci otağın təmirinə başla”. İnanırsınız ki, mən özümü təhqir olumuş hiss edirəm. Çünki iki ay bundan qabaq mən təmirə başladım, uşaqları evdən çıxartdım, döşəmə söküldü. “Rakvina” dəyişilmir ki, deyəsən 5 dəqiqəlik işdir. Mən buna dedim ki, ikinci otağı sökürəm, bunlar mənimlə razılaşmadı, dedi, “dayandır”. Bundan müstəntiqin, rəisin, müavinin də də xəbəri var, qonşuların dediyi sözdür. İndi bunlar mənə deyir ki, “qonşu tələb edir ki, sən bütün evi sökəsən, amma ekspertizanın rəyində o biri otaqlarda səs yoxdur və bizim sənə köməyimiz odur ki, bir otağı təmir edəsən. Biz qonuşuna deyərik ki, o biri otaqlara təmirə ehtiyac yoxdur”. İndi mən də bunlara etiraz edirəm. Nəyə görə? Deyirəm, təmir etmək 1-2 saatlıq işdirsə, edim. Deyirəm, işi özünüz dayandırırsınız, iki aydan sonra da deyirsiniz “bir də sökün”. Təzədən mən evdən uşaqları, içindəki əşyaları çıxartmalıyam”.
“Cənab prezident, mən Sizdən artıq dərəcədə xahiş edirəm, mənə köməklik edin”
Etibar Quliyev yetkili şəxslərdən xahiş edir ki, hər iki otaqda səs ekspertizası keçirilsin: “Desələr ki, təmir olunmayan otaqda səs var, mən oranı təmir edim. Əgər görsək ki, burada səs tonu yuxarıdır, mən ona etiraz etmirəm, bu, mənim borcumdur. Cənab prezident, mən Sizdən artqıq dərəcədə xahiş edirəm, mənə köməklik edin, göstəriş verin bu işlə ciddi məşğul olsunlar, bu işə xitam versinlər. İki ildir mən bütün işimi-gücümü buraxıb bu məhkəmələrə, istintaq orqanlarına düşmüşəm. Halbuki, Sovet dövründə tikilən 9 mərtəbələrdə iki qonşu bir-birinin evində bütün danışıqlarını eşidir. Yeni tikililərin hamısında da səs eşidilir, liftin səsi adamı yuxudan oyadır da, diksindirir də. Bir zülmə düşmüşəm. Xahiş edirəm, məni bu zülmdən qurtarın”.
Şamo EMİN, Hurriyyet.org
Redaksiyadan: Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Müsahibə ilə daha ətraflı Hurriyyet.TV-də tanış ola bilərsiniz.