Ölkə ərazisində koronavirusla (COVİD-19) mübarizə məqsədilə Nazirlər Kabinetinin qərarı əsasında Azərbaycanda xüsusi rejim tətbiq olunur. Koronavirusa yoluxma hallarının artması səbəbindən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi martın 29-dan etibarən daha da gücləndirilib.
Nazirlər Kabinetinin qərarı ilə xüsusi qaydalar hazırlanıb. Əhalinin həmin qaydalara birmənalı şəkildə riayət etməsi tələb olunur. Qaydalara riayət etməyən şəxs və ya şəxslər isə aidiyyəti orqanlar tərəfindən müvafiq qaydada cərimə olunur.
Xatırladaq ki, Azərbaycanda COVID-19-la mübarizəyə dəstək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Ölkədə fəaliyyət göstərən nazirliklər, qurumlar, özəl şirkətlər və əhali könüllü olaraq fonda müəyyən məbləğdə ianələr köçürüb.
Nazirlər Kabinetinin təyin etdiyi qaydalara riayət etməyən şəxslərə tətbiq edilən cərimələrdən əldə olunan məbləğ haraya köçürülür?
Oxu.Az-ın sualını Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov cavablandırıb.
O bildirib ki, xüsusi karantin rejiminə əməl etməyən şəxslərə tətbiq edilən cərimələr Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülür:
“Bu gün üçün cərimələrin sayı və məbləği barədə əlimizdə məlumat yoxdur. Lakin karantin rejimini pozan şəxslərdən toplanan cərimələr birbaşa Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülür”.
Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikasi Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli fərmanı ilə yaradılıb. Fondun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.