Karantinin ilk mərhələsində vətəndaşlara yaşadıqları yerə qayıtmaq üçün vaxt ayrılmışdı, lakin hazırda buna şərait yaratmaq mümkün deyil.
Millitv.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev "Xəzər TV"yə açıqlamasında bildirib.
K.Əliyev karantin rejiminə görə bəzi vətəndaşların ailələrinin regionlarda, özlərinin isə şəhərlərdə qalmasına, görüşə bilməmələrinə etiraz edən şəxslərin narazılığına cavab verib:
"Karantin rejimi sərtləşdirilməzdən əvvəl vətəndaşlara müraciət olundu. Bu barədə mediada kifayət qədər məlumat paylaşıldı. O zaman icazə verildi ki, hər kəs yaşadığı yerə qayıtsın. Hətta bəzi insanların nikah şəhadətnaməsini göstərməklə həyat yoldaşları yaşayan əraziyə getməsinə icazə verildi.
Həmin dövrdə müraciətlərimizə diqqət edən şəxslər ailələri ilə birlikdə, eləcə də digər vətəndaşlar qeydiyyatda olduqları yaşayış yerlərinə geri qayıtdılar. Görünür, bir qrup şəxs məsələ ilə bağlı ictimaiyyətə verilən məlumatlara laqeyd yanaşıb.
Hazırda bu qaydalara istisna halların tətbiq edilməsi mümkün deyil. Bu, regionlardan şəhərə gəliş-gedişin aktivləşməsinə və yoluxma hallarının artımına səbəb ola bilər. Bu kimi halları nəzərə alaraq, karantin rejimi bitənə qədər ölkədə tətbiq olunan qaydalara əməl olunmalıdır. Nəzərə almaq lazımdır ki, virusla bağlı təhlükə hələ tam olaraq aradan qalxmayıb".