Baş nazir Əli Əsədov "Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, "Müflisləşmə və iflas haqqında", "Banklar haqqında" və "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 62-VIQD nömrəli Qanununun tətbiqinin təmin edilməsi məqsədilə sərəncam imzalayıb.
Sonxeber.az xəbər verir ki, bu məqsədlə Ədliyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının adıçəkilən Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Bundan başqa, sənədə əsasən, razılaşma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsini təmin etməlidir.
Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Qanunun tətbiqinin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidir.
Sərəncamda qeyd edilir ki, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
Bu sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.