Azərbaycan Xalq Cümhuriyyətinin mirası olan,ötən 101 ildə şərəfli bir yol keçən Bakı Dövlət Universiteti naşı idarəetmənin, şəxsi ambisiyaların əlində girova çevrilib.
Ötən ilin martında universitetə gənc kadrın-Elçin Babayevin rektor təyin olunması nə qədər ümidlər doğurmuşdusa onun bir illik fəaliyyəti bir o qədər xəyal qırıqlığı yaradıb. Təyinatın ilk günlərində “ağıl yaşda deyil başdadır” prinsipinə inananlar bu gün artıq BDU-nu uçurumdan xilas etməyin yollarını tapmaq üçün baş sındırırlar. Çəkinmədən söyləmək olar ki,Elçin Babayev universitet tarixində ən uğursuz təyinat kimi adını tarixə yazmağı bacarıb. Düzdür onun BDU-nun şanlı tarixinə düşəcək heç bir əməli olmasa da istintaq tarixçələrinə düşəcək işləri çoxdur. Onların bəzisini sadalasaq bu böyük elm ocağının hansı fəlakətlə üz-üzə qaldığını siz də görəcəksiniz.
Öncə ondan başlayaq ki, E.Babayev çox dostcanlı,qohumbaz birisidir. Adında iri hərflərlə “DÖVLƏT” sözü yazılan universiteti şəxsi müəssisəsi,özəl şirkəti hesab edərək qohum-əqrəbasında uman-küsən qoymayaraq hamısını bu qocaman ali təhsil ocağında vəzifələrə gətirib. Bu siyahıya sevdiklərini də əlavə etsək BDU-nun kadr təyinatının hansı səviyyədə olduğunu görmək çətin olmaz. E.Babayevin BDU-da vəzifəyə gətirdiyi şəxslərin keçmişinə, savad dərəcəsinə nəzər salsaq onun universitetin elmi potensialına( hələ onu demirik ki cənab Babayev rektor olana qədər Elmin İnkişafı Fondunun icraçı direktoru işləyib və elmin “inkişafına” dövlətin nə az nə çox düz 70 milyon manatını sərf edib) hansı dəyər verdiyini görərik.
Rubrika.Az-a verilən məlumatlara əsasən, bu bir il ərzində Elçin Babayevin BDU rəhbərliyinə gətirdiyi kadrların heç birinin elmi dərəcəsi, elmi adı, təhsillə əlaqəsi yoxdur. Adlı sanlı akademiklərin, professorların çalışdığı elm-təhsil məbədgahının günahı nədir ki, ona “alayarımçıq” ali təhsil diplomu olan, ya olmayan Fikrət Heydərov(polis işçisi), Əliş Ağamirzəyev (özəl nəşriyyat əməkdaşı), Mirzə Mirzəyev(Qaradağ rayon Maliyyə İdarəsinin rəisi) , Elçin Məmmədov (Metropoliten əməkdaşı), Rəşad Cabbarov(Azərseldə telefon meneceri), Ləman Hüseynbəyli (Elm fondunda mütəxəssis) kimi adamlar rəhbərlik etsinlər? E.Babayev dost-aşnasını BDU-ya gətirməklə Azərbaycan elmini,universitetdə fəaliyyət göstərən çoxsaylı alimlərimizi ən azından təhqir edir,alçaldır. Bunlar hələ son deyil, “kadr islahatları”nın davamı daha dəhşətlidir.
Rubrika.Az-a verilən məlumatlarda bildirilir ki, BDU-nun 100 illik yubileyi münasibətilə “Tərəqqi” medalı ilə təltif edilən Hüquq fakültəsinin dosenti İsfəndiyar Bəhlul oğlu Ağayev və Tarix fakültəsinin professoru Nisbət Canməmməd qızı Mehdiyeva nizam-intizam qaydalarını kobud şəkildə pozduqlarına görə bir az əvvəl universitetdən maddə ilə qovulublar. Dəfələrlə neqativ hallara yol verən Bərk cisimlər kafedrasının dosenti Eldar Rəsul oğlu Həsənov 10 il bundan əvvəl pedaqoji fəaliyyətdən kənarlaşdırılıb elmi-tədqiqat sahəsinə göndərilib. Lakin birdən-birə 82 yaşında bu adam yenidən kafedraya dosent gətizdirilir. Səbəbini heç də onun elmi dühasında və yeni kəşflərində axtarmağa dəyməz. Sən demə 82 yaşlı ixtiyarın oğlu Elşad Həsənov Yasamal rayon Icra Hakimiyyətinin başçısı təyin olunub, ona yarınmaq üçün isə Elçin Babayev bütün yazılan və yazılmayan qaydaları pozaraq universitetlə Yasamal İH-nin işbirliyini təmin edə bilib. ! Və yaxud, kafedra müdiri seçkilərində Universitetin 100 illik ənənələrini pozaraq Vasim Məmmədəliyev, Firudin Səməndərov, Tapdıq Həsənov, Şövqi Göyçaylı, Əyyub Əzizov, Musa Bayramov, Oqtay Əkbərov və başqa neçə-neçə tanınmış, öz sahələrinin ən görkəmli alimlərini kənarda qoyub heç bir elmi xidmətləri olmasa da E.Babayevə cani-dildən xidmət edən şəxslər seçiliblər. Hətta baş verən oyunbazlıqlara, haqsızlıqlara dözməyən Vasim Məmmədəliyev və Firudin Səməndərov kimi alimlər dünyalarını dəyişiblər.
E.Babayevin bir illik fəaliyyətinin qısa hissəsidir bunlar.
Qocaman ali təhsil ocağına rəhbərlik edən şəxsin özünə kimi müşavir təyin etdiyini biləndən sonra hər şey bir daha aydın olur. İndiyədək Naxçıvan aeroportunda polis nəfəri kimi çalışan, davranışları heç bir əxlaq normasına sığmayan bacısının həyat yoldaşı Fikrət Heydərov BDU rektoruna müşavirlik edir. Deyilənə görə özünü universitetdən daha çox bulvarda hiss edən bu şəxsin əməlləri heç bir əxlaq kodeksinə sığmır. Daha çox Braziliya seriallarının çəkiliş meydanlarını xatırladan kabinetində hər gün Azərbaycan elminin “inkişafı” naminə yeni bir “divan ədəbiyyatı” yaradılır.
Ümumiyyətlə E.Babayevin ili çıxan fəaliyyətinə hansı prizmadan nəzər salsan dəhşətli eybəcərliklər üzə çıxır. BDU-nun 100 illik yubileyi ərəfəsində rektor təyin olunmasına baxmayaraq orta ranqlı bir məmurun sevgilisinə keçirməyə layiq bilmədiyi bir yubiley tədbiri təşkil etməsini xatırlamasaq olmaz. Daha çox yeni rektorun mədhiyyəsinə həsr edilən yubiley BDU adına bir təhqir,ləkə hesab edilə bilər.
Bu gün Azərbaycanın ən qədim elm ocağı intriqaların, “razborka”ların meydanına çevrilib. Rektorun salamını düz-əməlli almayanlar dərhal cəzalandırılır, hətta xoşa gəlməyən kafedralar bütünlüklə ləğv olunur. Coronavirus pandemiyasından bərk qorxuya düşən rektor universitetdə Virusologiya və Mikrobiologiya kafedrasını bağladıb, təcrübəli mütəxəssisləri işsiz qoyub. Heç də E.Babayev viruslardan qorxmur, sadəcə kafedra rektorun “qəzəb virusu”nun qurbanına çevrilib.
Göründüyü kimi, E.Babayev sanki BDU-nu çökdürmək, elmi potensialını məhv etmək üçün çaba sərf edir. 100 il ərzində toplanan təcrübə, elmi potensial bir il ərzində məhvə məhkum edilib. Azərbaycanımızın fəxri hesab edilən ali təhsil ocağı restoran şəbəkəsinə, qohumların ailə biznesinə çevrilib. E.Babayev tez-tez publika önündə özünü “zarafatcıl oğlan” kimi təqdim etməkdən zövq alır. Amma,onun Azərbaycan elmi ilə etdiyi bu zarafat bizə çox baha başa gələ bilər. Bu işlə zarafat etmək olmaz, cənablar...