Axtarış...

“20 yanvar”da korrupsiyaya qurban gedən keçid-FOTOLAR





Yaxud, metronun “20 yanvar” stansiyasının “Azərsu”yun qarşısından çıxan keçidinin istiqaməti həmin dairədə yolun genişləndirilməsi üçün dəyişdirildi, amma yol genişlənmədi. NİYƏ?
...Məlum olduğu kimi karantin dövründə bir çox vacib sahələr öz işini dayandırmadı. Onlardan biri də yol tikintisidir. Karantindən əvvəl başlayan Sumqayıt yolunun genişləndirilməsi işi, o cümlədən “20 yanvar” dairəsində yolun genişlədirilməsi üçün tikinti işləri indi də davam etdirilir. “20 yanvar” ərazisində əvvəlki geniş dairə çox düzgün olaraq kiçildilib və əvəzində həmişə burada böyük tıxacların yaranmasına səbəb olan yol genişləndirilir. Eyni zamanda, “Şamaxinka” istiqamətindən gəlib “Azərsu”yun qarşısından sağa-Şərifzadə küçəsi istiqamətinə dönən yolun da genişləndirilməsi məqsədilə, burada olan metro keçidinin istiqaməti də dəyişdirilir. Hazırda bu istiqamətdə də tamamlama işləri gedir. Əvvəlki keçidin yeri doldurulub, üstünə qum-çınqıl tökülüb tezliklə üzlük daşlar döşənəcək. Bu ərazidən daim keçən vətəndaşların şikayəti əsasında buradakı tikinti ilə maraqlanıram. Şənbə günü, yəni aprelin 25-də həmin yerdə müşahidə apararkən bir məqam diqqətimi çəkdi. Yolun əvvəlki bardürləri yerində qalıb və üstü doldurulmuş metronun keçidi tərəfə çəkilməyib. Axı metro keçidinin yerinin dəyişdirilməsində məqsəd təxminən 5-6 metrlik yolu həmin hissəyə gətirmək idi. Bu da “Şamaxinka”dan gəlib “Respublikanski” istiqamətinə dönən və eyni zamanda körpünün altından çıxaraq yenə də “Respublikanski” istiqamətinə gedən avtomobillərin intensivliyinə şərait yaratmaq idi. Əvvəlki bardürlərin isə yerində qalması göstərirdi ki, yol genişləndirilməyəcək. Elə vətəndaşları da narahat edən bu idi.
Məsələyə aydınlıq gətirilməsi üçün ərazidə işləyən fəhlələrlə söhbət etdim. “Bardürlər sökülüb, yol metronun əvvəlki keçidi istiqaməti tərəfə genişləndiriləcəkmi?” – sualıma fəhlələr cavab verdilər ki, yox, yol əvvəlki kimi belə qalacaq.
“Bəs onda metro keçidinin yerini niyə dəyişirdilər?” – sualıma fəhlələr cavab verdilər ki, bu, bizlik deyil, rəhbərlik bilər.
Təbii ki, rəhbərlikdən orada heç kəs yox idi ki, verdiyim suallara dolğun cavab ala bilim. Ona görə də həmin yerlərin şəklini çəkib, düzgün cavab almaq məqsədilə “Azəravtoyol”un mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə telefon əlaqəsi saxladım. Məsələni danışıb ondan münasibət öyrənmək isədim. Xahiş etdi ki, şəkilləri ona göndərim. Göndərdim. Bundan sonra hörmətlu Anar Nəcəfli ilə vatsapla aramızda belə söhbətlər oldu:
- Elçin müəllim, yolun Müzəffər Həsənov küçəsində olan hissəsi əsas dönən hissə idi. Həmin radius 8-10 metrə qədər genişləndirilib. Şəkilləri kəsişmə nöqtəsindən çəksəydiniz, aydın görünərdi. Böyüdülmüş 8-10 metr yol nəqliyyat vasitələrinin rahat dönməsi üçün kifayət edir. Əgər bu tərəfdən genişləndirilsə, onun qarşıdakı hərəkət hissəsinin də, yəni Şərifzafə küçəsinə doğru genişləndirilməsi də lazım olmalı idi. Amma hazırkı dönəmdə bu mümkün deyil. Ona görə ki, yolun hərəkət hissəsinin trayektoriyası pozulacaq. Əsas dönən hissədir ki, o da genişləndirilib. İndi nəqliyyat vasitələri işıqforda gözləmədən, rahat dönüb gedə biləcəklər. Məqsəd budur. Bu işlər də layihə çərçivəsində həyata keçirilir. Təbii ki, bu layihə yol mühəndisləri tərəfindən hazırlanıb və aidiyyətı dövlət qurumları ilə razılaşdırılaq işlənilib. Siz orada hər hansı bir problem görürsünüzsə, mən buna tam cavab verə bilmərəm, çünki yol mütəxəssisi deyiləm. Amma siz bu barədə bizim agentliyə rəsmi müraciət etsəniz, mütəxəssislərimiz sizə o hissədə yolun niyə genişləndirilməməsi barədə ətraflı məlumat verərlər.
Mən hörmətli Anar müəllimin bu cavabından razı qalmadığım üçün, yəni sualıma dolğun cavab ala bilmədiyimdən vatssapla ona yenidən belə bir sual ünvanladım:
- Anar müəllim, məni maraqlandıran niyə yolun əvvəlki qaydada saxlanılmasıdır? Belə olan surətdə külli miqdarda xərc çəkib metro keçidinin istiqamətini dəyişmək nəyə lazım idi? Xahiş edirəm, mənə məhz bu suala cavab verin. Əgər yol əvvəlki ölçüsündə qalacaqdısa, “Azərsu”yun qarşısındakı metro keçidinin istiqamətinin dəyişdirilməsi lazım deyildi. “20 yanvar” körpüsünün altındakı dairənin kiçildilməsinə ehtiyac var idi və bu, təqdirəlayiqdir. Eyni zamanda, bayaq qeyd etdiyim kimi, “Şamaxinka”dan gəlib “Respublikanski” tərəfə dönən tində yolun genişləndirilməsinə çox böyük ehtiyac var idi. Ona görə də mütəxəssislər haqlı olaraq metro keçidinin istiqamətinin dəyişdirilməsinə qərar vermişdilər. Amma indi məlum olur ki, metro keçidinin istiqaməti dəyişdirildi, amma yol əvvəlki yerində qaldı. Anar müəllim, mən bunu bilmək istəyirəm ki, yol əvvəlki yerində qalacaqdısa, külli miqdarda xərc çəkib metro keçidinin istiqamətini niyə dəyişdirdilər?
Anar müəllimin bu suala cavabını yenə olduğu kimi təqdim edirəm:
- Mən sizə dedim axı, yol əvvəlki qaydada saxlanılıb, əvvəlki dönən hissədə yolun radiusu 8-10 metr genişləndirilib. Bu da imkan verir ki, maşınlar işıqforda dayanmadan Müzəffər Həsənov küçəsinə rahat keçə bilsin. Maşınların intensivliyi sağa doğru rahat yönələ bilir. Əgər yolun sağ tərəfindəki həmin hissə genişləndirilsəydi, onda yolun trayektoriyası gərək tamam dəyişdirilsin. Yenə deyirəm, sizin bu barədə hər hansı bir məsələdə narahatçılığınız varsa, rəsmi şəkildə bizə müraciət edə bilərsiniz və biz sizə mütəxəssislərin köməyi ilə ətraflı cavab verə bilərik. Bu tikinti aidiyyətı dövlət qurumlarının rəsmiləri ilə razılaşdırılmış şəkildə aparılır. Əgər cavab sizi qane etmirsə, dediyim kimi, bizə rəsmi müraciət edin. Bir də siz şəkilləri Tbilisi pospekti istiqamətindən çəkin ki, şəkillərdə yolun genişləndirilməsi yaxşı görünsün...
Mən yenə də sualıma dolğun cavab ala bilmədim və bu vacib sual cavabını gözləyirdi: Əgər yol genişləndirilməyəcəkdisə, “Azərsu”yun qarşısındakı metro keçidinin istiqaməti niyə dəyişdirildi? Ona görə də əlavə olaraq Anar müəllimə bunları dedim:
- Anar müəllim, geniş müzakirə açıb vaxtınızı almaq istəmirəm. Sizin dedikləriniz genişlənmə, “20 yanvar” körpüsünün altındadır və bu, çox vacibdir. Amma “Azərsu”yun qarşısındakı metro keçidinin istiqamətini yolun genişləndirilməsi məqsədilə dəyişdilər. Amma əvvəlki bardürləri heç yerindən də tərpətmədilər. Deyirsiniz orada yol 8-10 metr genişləndirilib. Sizin dediyiniz genişləndirilmiş o yol “20 yanvar” körpüsünün altındadır. Mənim dediyim yol isə “Azərsu”yun yanındakı metro keçidinin qarşısındadır. Mən konkret bunu bilmək istəyirdim. Əgər həmin hissədə yol genişlənməyəcəkdisə, bu qədər xərc çəkilib metro keçidinin yeri niyə dəyişdirildi? Sizin bundan artıq cavabınız yoxdursa, elə bu dediklərinizi də rəsmi mövqe kimi qəbul edirəm. Vaxtınızı aldığıma görə bağışlayın.
***
“20 yanvar”da korrupsiyaya qurban gedən keçid-FOTOLAR
Göründüyü kimi, “Azəravtoyol”un mətbuat xidmətinin rəhbəri hörmətli Anar Nəcəfli yolun həmin hissəsi barədə tam məlumatlı deyil. Göndərdiyim şəkillərin də yolun hansı hissəsini əhatə etdiyini məlum edə bilməyib. Ona görə də metro keçidinin yerinin niyə dəyişdirilməsi barədə konkret cavab verə bilmədi. Anar müəllim vatsapla göndərdiyi cavabında bir neçə dəfə qeyd etdi ki, bu tikinti aidiyyətı dövlət qurumlarının rəsmiləri ilə razılaşdırılıb və həmin layihə yol mütəxəssisləri tərəfindən həyata keçirilir. Ataların bir sözü var: “Yüz ölç, bir biç”. Yəni bir iş görəndə onu hərtərəfli düşünmək, sonra icra etmək lazımdır. Amma görünür “Azəravtoyol”un mütəxəssisləri bir ölçüb, yüz biçiblər. Ona görə ki, əvvəlcə metro keçidinin yerini, yolu genişləndirmək üçün dəyişmək qərarı veriblər. Külli miqdarda dövlət büdcəsindən ayrılan pulun başına qum, çınqıl, daş, asfalt salandan sonra fikirləşiblər ki, yol əvvəlki yerində qalsa yaxşıdır. Bu, açıq-aşkar korrupsiya faktı deyilmi? O layihəyə razılıq verən aidiyyətı dövlət rəsmiləri və deyilən o bacarıqlı yol mütəxəsissləri bu qədər dövlət pulunun başına daş salınmasına niyə dözürlər? Hələ yaxşı ki, metro işləmir? İşləsəydi, bu qədər insanlar həmin o tozun-torpağın içindən keçməli idilər? Yəni, əgər yol öz yerində qalacaqdısa, bu qədər xərc çəkilib metro keçidinin yeri niyə dəyişdirildi? Əvvəlki keçidin üstündə qoyulmuş qəzet köşkü niyə götürüldü? Həmin köşkün sahibi yəqin ki, beş-altı nəfərlik ailəsini həmin köşklə dolandırırdı. İndi həmin köşkü aparıb əhalinin gediş-gəlişi az olan yerində qoyublar. Amma əvvəlki yerində, metrodan çıxan insanlar birbaşa həmin köşkə yaxınlaşırdılar. Ara yerdə köşk sahibini və ailəsini də çörəksiz qoydular. Eyni zamanda, dövlətin də büdcəsinə külli miqdarda ziyan vurdular. Mən ilk növbədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən məsələyə münasibət gözləyirəm ki, dövlətin büdcəsini dağıdanları aşkara çıxarsınlar.
Hörmətli prezident cənab İlham Əliyev yol tikintisinə Prezidentin Ehtiyat Fondundan milyonlarla manat pul ayırır ki, əhalinin yolları rahat və gediş-gəlişi asan olsun. Amma “Azəravtoyol”un mütəxəssisləri isə başqa cür düşünürlər. Nə düşündüklərini və dövlətin büdcəsinə külli miqdarda niyə ziyan vurduqlarını isə yəqin ki, elə o aidiyyətı qurumlar müəyyən edəcək.

Hazırladı: Elçin MƏMMƏDLİ
Text-to-Speech

DİNLƏ






Şərh yaz