Axtarış...

Milyonları olan keçmiş başçı görünmədi... - Bir Rəqsanə qədərində də olmadı...

Milyonları olan keçmiş başçı görünmədi... - Bir Rəqsanə qədərində də olmadı...

Vaxtilə vəzifəsindən sui-istifadə edərək müxtəlif yüksək postlara yerləşdirdiyi sabiq başçının oğlu, qardaşı və özü Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etməyiblər

Məlum olduğu kimi, ölkədə koronavirusun yayılmasının ilk günlərindən Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Dövlətin bütün idarə, təşkilatları, özəl şirkətlər və adi vətəndaşlar da dövlət başçısının təşəbbüsünə qoşularaq Fondun hesabına pul köçürüblər. Bu proses tam şəffaf keçdiyi üçün vaxtaşırı bu Fonda ianə keçirənlərin bəzilərinin adları mediada açıqlanır. Əslində bu təşəbbüsün özü həmrəylik nümayişinin göstəricisidir. Ona görə ki, bu dəhşətli təhlükənin qarşısını almaq üçün hazırda Azərbaycan xalqının ən çox ehtiyacı olan da həmrəylikdir. Bu səbəbdən Fonda 1 manat belə köçürənlər də bu həmrəyliyə qoşulmuş hesab edilir.

Onu da xatırlatmaq yerinə düşər ki, təvazökarlıq edərək mediada adının hallandırılmasını istəməyənlər bir çox vəzifəli şəxs, deputat, siyasətçi, sahibkar, habelə indi bizneslə məşğul olan keçmiş vəzifəlilər imkanı çatdığı qədər məbləğdə fonda pul köçürüblər. Amma bu dövlətin, xalqın hesabına illərlə dövlətdən pul qazanan, əyri yollarla qazandığı pulun hesabına öz biznesini quran, vəzifəsinin hesabına hələ də qohum-qardaşı xeyli gəlirli dövlət vəzifələrində çalışanlar var ki, onlar hələ də Fonda bir qəpik də keçirməyiblər.

Xaricdə bizneslərinə pul tapırlar, amma Fonda min manat pul köçürmək istəmirlər

Onlardan biri də Azərbaycan mediasında adı müxtəlif qalmaqallarda daha çox hallanan, bir vaxtlar Salyan rayonunun “kiçik padşahı” kimi təqdim olunan, 2011-2016-cı illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Tahir Kərimovdur. Üstəlik onun hesabına hazırda yüksək vəzifələrdə işləyən qardaşı Qabil Kərimovun və oğlu Həmzə Kərimovun siyahıda adlarına rast gəlinmir.

Halbuki bu ailə təkcə Azərbaycanda deyil, ölkə xaricində də böyük biznesə malikdir. AzToday.a-ın media üzərində apardığı araşdırmalardan məlum olub ki, 2006-2016-cı illər ərzində Daşkəsən və Salyan rayonlarına rəhbərlik edərkən, Azərbaycanda həddini aşmış məmurlarından biri kimi adı hallanan, tutduğu vəzifələrdə bu və ya digər yollarla topladığı milyonları özünün və ailəsinin dəbdəbəli həyat tərzi sürməsinə sərf etməkdən çəkinməyən, tez-tez qalmaqallı övladları ilə bağlı gündəmdə olan sabiq başçı ölkə xaricinə də böyük pullar çıxara bilib.

Belə ki, Birləşmiş Krallığın reyestr məlumatlarından məlum olur ki, T.Kərimovun özünün və övladlarının adına xeyli sayda şirkət və daşınmaz əmlak var. T.Kərimovun ölkədən çıxara bildiyi pulların hesabına oğlu Tural Kərimov və qızı Aynur Kərimovanın adına şirkətlər müəyyən edilib. Tural Kərimoun adına 3 fərqli şirkət var. Bunlardan biri “Premium Horions Limited” adlı şirkətdir. Bu şirkət 2013-cü ildə təsis edilib. Həm Tural Kərimov, həm də Aynur Kərimova şirkətin hissədarlarıdır. Bundan əlavə Tural Kərimova məxsus “KIEVAN ACCOUNTANTS LTD” və “Kerimov Holdings LTD” şirkətləri təsis edilib. Hər üç şirkət eyni ünvanda “Solar House” adlı bir ofis mərkəzinə qeydiyyatdadır. Hələ bu Tural Kərimovun biznes dairəsinin hamısı deyil. “ESPERTO ESPRESSO LIMITED” adlı şirkət 2018-ci ildə Tural Kərimov tərəfindən təsis edilib. Şirkət “Natural Coffee” adı altında Londonda yerləşən “136- 138, Kentish Town Road” ünvanında yerləşir.

Sabiq başçının oğlu Almaniyada geniş şəbəkə yaradıb?

Qeyd edək ki, Azərbaycan mediasında dəbdəbəli imarətlər, bahalı maşınlar sahibi, ən əsası, balıq ovçusu kimi də adı keçən T.Kərimovun digər oğlu Həmzə Kərimov SOCAR-ın Rumıniyadakı nümayəndəliyinin rəhbəridir. Atası kimi, H.Kərimovun da adı bir-çox qalmaqallarda hallanıb. Salyanın keçmiş başçısı olarkən oğlu H.Kərimovla bağlı qalmaqallı məsələlər medianın gündəminə gəlib. Həmin yazılarda qeyd olunurdu ki, Həmzə Kərimov bu ölkədəki səfir Eldar Həsənovla heç yola getməyib. Hətta keçmiş səfir H.Kərimovla düz gəlmədiyi üçün bu ölkədən uzaqlaşmaq məcburiyyətində qalıb. Yazılarda qeyd edilirdi ki, H.Kərimov Rumıniyaya gedəndən sonra işini səfirlə koordinasiya etməyib, E.Həsənova hörmətsizlik göstərib, öz bildiyi kimi fəaliyyət göstərib, həmçinin vaxtaşırı E.Həsənovun guya Rumıniyada Azərbaycanı layiqincə təmsil edə bilməməsi haqda donoslar yazıb. Səfir də bu məsələyə müqavimətsiz qalmayıb, H.Kərimovun korrupsiya əməliyyatlarını ifşa etməyə çalışıb, onun yarıtmaz fəaliyyəti haqda hökumətə məlumatlar verib.

Bildirək ki, T.Kərimov vəzifədə olduğu müddətdə oğlu haqda mətbuatda yayılan məlumatların qarşısını bir sıra üsullarla ala bilib. Lakin o icra başçısı postundan kənarlaşdırıldıqdan sonra oğlu haqda bir-birindən maraqlı informasiyalar yayılmağa başlayıb. Sabiq icra başçısının oğlu H.Kərimovun xarici şirkətlərlə əlaqəyə girərək maxinasiyalarda iştirak etməsi, onun üstü açılandan sonra keçmiş icra başçısının Rumıniyada vəkil tutaraq işin üstün ört-basdır etməsi, mənimsənilən pulun T.Kərimov tərəfindən ödənilməsi barədə bilgilər yazılıb.

Bu məlumatlardan ən maraqlısı o idi ki, H.Kərimov mənimsədiyi vəsaitlərlə özünə Almaniyada geniş biznes şəbəkəsi yaradıb. Bundan başqa, T.Kərimov oğlunun qeyri-qanuni yollarla qazandığı pulların bir hissəsinin hesabına ölkə daxilində biznes imperiyası yaratması da yayılan məlumatlar arasındadır. Ən dəhşətlisi isə H. Kərimovun ortaqlarından birinin milliyyətcə erməni olan Eduard Nersesyan adlı şəxsin olmasıdır. İddialara görə, gəlirlərin çox hissəsini H.Kərimov İrəvanda biznes açmaq üçün Nersesyana veribmiş.

Tahir Kərimovun Azərbaycanda da böyuk biznesi var

Qeyd edildiyi kimi, Salyanın keçmiş icra başçısı T.Kərimov oğlunun qeyri-qanuni yollarla qazandığı pulların bir hissəsi ilə ölkə daxilində biznes qurub. Bunun nəticəsidir ki, Kərimovların Qusarda, eləcə də Azərbaycanın müxtəlif bölgələrində geniş biznes strukturlarının olduğu iddia edilir. Məlumatlardan belə aydın olur ki, Kərimovlar ailəsinin Qusarda üst-üstə 20 hektardan artıq alma-üzüm bağları var. Bununla yanaşı, sabiq başçının Qusar rayonunda milyonluq biznes əmlakı ortaya çıxıb. Qusar rayon sakinlərinin vaxtilə mediaya verdikləri məlumata görə, Qusarın Qayakənd ərazisində yerləşən və hektarlarla meşə sahəsi olan “Alpine Qusar Hotel Resort” adlanan istirahət mərkəzi Tahir Kərimova məxsusdur. Sözügedən istirahət mərkəzi Qusarın ən səfalı və bahalı ərazisində – Qusar çayının sahilində yerləşir. Sabiq icra başçısı özü də tez-tez burada istirahət edir.

Bundan başqa, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən balıq hisə vermə zavodu da T.Kərimovun ailə müəssisəsi olması, eyni zamanda Xudatdakı balıq zavodunun da sabiq məmur tərəfindən ələ keçirildiyinə dair iddialar var.

Bu qədər sərvətə baxmayaraq, Salyanın sabiq icra başçısı T.Kərimovun “Azəriqaz” İstehsalat Birliyinə 70 min manata yaxın borcunu ödəməməsi barədə də vaxtilə saytlarda xəbər yer alıb. Xəbərlərdə deyilirdi ki, sözügedən borc bir neçə il öncədən yığılıb qalmış və indiyədək ödənilməmiş vəsaitdir. Sözügedən borcun Salyanın Çadırlı kəndi ərazisində T.Kərimova məxsus olan 2 hekdardan artıq istixana təsərrüfatına görə yarandığı qeyd olunur. Məlumatda bildirilir ki, T.Kərimov həmin istixana kompleksini Salyanın icra başçısı olduğu illərdə yüksək vəzifəli şəxslərdən biri ilə birgə yaradıb. İstixanada xiyar və pomidor sortları becərilir.

Salyanlılar Tahir Kərimovun cəzalandırılmasını tələb edirlər

Xatırladaq ki, bu ilin əvvəlində mediada daha bir məlumat yayılmışdı ki, T.Kərimovun 5 il icra başçısı vəzifəsində çalışdığı Salyan rayonundan olan bir qrup iş adamı və yerli sakinlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Neftçalada vəzifəli şəxslərin qanunsuz əməllərinə qarşı keçirdiyi əməliyyatı təqdir edib və DTX-nın bu cür əməliyyatları Salyanın sabiq başçısına qarşı da keçirməsini arzulayırlar.

Mediada yer alan məlumatlara görə, Salyan rayon camaatı qeyd edib ki, sabiq icra başçısı T.Kərimov da keçmiş əməllərinə görə dövlət tərəfindən ciddi yoxlanılmalıdır. Sakinlərin sözlərinə görə, Tahir Kərimov Salyanın icra başçısı işlədiyi dövrlərdə korrupsiya əməllərinə görə heç də Neftçalanın başçısı İsmayıl Vəliyevdən geri qalmayıb:

“Əslən Salyandan olan və bir neçə il əvvəl cənab Prezident İlham Əliyevin iş adamlarına etdiyi çağırışlarına cavab verərərək, bu rayona investisiya qoymaq istəyən onlarla sahibkara T.Kərimov “divan tutub”, onların xarici ölkələrə geri qayıtmasına səbəb olub. Onun Salyana rəhbərlik etdiyi illərdə rayonda iş adamları, sakinlər rahat nəfəs ala bilmirdilər. Halal yolla pul qazanan sahibkarlardan T.Kərimov rüşvət tələb edirdi, insanlar onun qanunsuz əməllərindən bezmişdilər. Cənab Prezidentimiz sağ olsun, şikayətlərimizi eşidib onu vəzifədə saxlamadı. Hər kəs əmin olsun ki, bu gün T.Kərimovun da İsmayıl Vəliyev kimi qanun qarşısına çıxarılaraq cəzalandırılması əksər Salyan sakinlərinin ürəyincə olardı. Çünki vəzifədə olarkən onun törətdiyi qanunsuz əməlləri İsmayıl Vəliyevdən heç də az deyil. O da digərləri kimi qanun qarşısında cavab verməlidir”.

Kərimovlar Heydər Əliyev Fonduna da heç vaxt vəsait keçirməyiblər

Vəzifədən çıxarıldıqdan sonra incik düşən Tahir Kərimovun Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul keçriməməsini bir qədər başa düşmək olar. Amma yuxarıda qeyd edildiyi kimi, onun hesabına vəzifədə çalışan oğlu Həmzənin də, qardaşı Qabil Kərimovun da siyahıda adlarının olmaması təəccüb doğurur. Xatırladaq ki, Q.Kərimov “Azərsu” ASC-nin Sərmayələr İdarəsinin rəhbəridir, butun tenderlər onun əlinin altından keçir. Amma bu adam da qardaşı kimi, lap simiclik edərək öz şəxsi təşəbbüsü ilə Fonda pul keçirməyib. Qeyd edildiyi kimi, fonda pul köçürən bəzi idarə və təşkilatların siyahısında “Azərsu” ASC-nin də adı var və Cəmiyyət 300 min manat pul köçürüb. Lakin T.Kərimova qoşulan qardaşı Qabil Kərimov dövlət başçısının təşəbbüsünə etinasız yanaşıb.

Vaxtilə “Azərsu” ASC-nin təchizatına ayrılan pullar, alınan mal-materiallar üzərində istədiyi qərarlar verən, buna görə də Cəmiyyətin gördüyü işlərdə, xüsusilə regionlardakı layihələrdə ciddi problemlər ortaya çıxmasına səbəb olan Q.Kərimovun maxinasiyaları və Cəmiyyətdə qalmaqallarda adı hallanması barədə mətbuatda çox yazılıb. “Azərsu” ASC-də vaxtilə qruplararası çəkişmələrdə iştirak edən, buna baxmayaraq öz vəzifəsini qoruyub saxlayan Q.Kərimov “Naxçıvan qruplaşması”na aid olub. Bu qruplaşma o qədər güclü olub ki, vaxtilə Salyan rayonunun sabiq icra başçısı Tahir Kərimov da “Azərsu” ASC-yə vitse-prezident gəlməyə cəhd edib. Hazırda isə T.Kərimovun “Azərsu” ASC-də çalışan qardaşı Qabil Kərimovun özünü bu qədər arxayın aparması sözügedən qruplaşmanın mövqeyini qoruyub saxlamasından xəbər verir.

Ən nəhayət, ümumi müşahidələrdən belə başa düşmək olar ki, Tahir Kərimovun və yaxınlarının Prezidentin təşəbbüsünə qoşulmaması təkcə onun vəzifədən çıxarılması ilə əlaqədar deyil. Onun öz biznesini Londona köçürməsi, xaricdə fəaliyyyətə üstünlük verməsi bir tərəfdən gələcəyə hesablansa da, digər tərəfdən Kərimovların fondlara qarşı müsbət yanaşmamalarından qaynaqlanır. Belə ki, vaxtilə vəzifəsindən sui-istifadə edərək müxtəlif yüksək postlara yerləşdiyi sabiq başçının oğlu, qardaşı və özünün ölkəmizdə genişmiqyaslı xeyriyyəçilik aksiyaları həyata keçirən Heydər Əliyev Fonduna da indiyə qədər yardım etmədikləri məlum olub.

//Aztoday.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz