Axtarış...

Nazirdən şad xəbər - Bununla bağlı şərtlər yumşaldılır


“Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar, eləcə də, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi ilə əlaqədar planlar tam icra olunacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qurumda videobağlantı formasında keçirilən kollegiya iclasında deyib.

O bildirib ki, xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni alınmış mənzillərin verilməsinə başlanacaq. Belə ki, bu il onlara 1 500 mənzil veriləcək, həmçinin, müharibə əlillərinə avtomobillərin təqdim olunması işləri davam edəcək.

Nazir qeyd edib ki, ünvanlı dövlət sosial yardımı proqramının genşləndirilməsi işləri davam edir. Təkcə aprel ayında əlavə olaraq 10 min ailə bu proqramla əhatə olunub:

“Ünvanlı yardım alan ailələrin sayı 80,5 minə (335 min ailə üzvü) çatıb və bu artım dinamikası davam edir. Bununla bərabər, ünvanlı yardımın təyinatı şərtlərinin yumşaldılması, sosial yardımın alınması ilə bağlı müraciət prosedurunun aztəminatlı insanlar üçün daha rahat və sadə olması üçün qanunvericiliyə dəyişiklik layihələri də artıq aidiyyəti üzrə təqdim edilib”.

S.Babayev deyib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə qurulmuş DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri post-karantin dövründə davam edəcək, may ayında isə yeni DOST mərkəzinin açılışı planlaşdırılır.

Dövlət başçısının tapşırığı ilə ödənişli ictimai işlər proqramının genişləndirildiyini vurğulayan nazir bu işlərə cəlb edilənlərin sayının 2,4 dəfə artırılaraq, 37 mindən 90 minə çatdırılması üzrə işlərin aparıldığını deyib.

Nazirin sözlərinə görə, son bir neçə gün ərzində əlavə 14 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunması ilə belə işçilərin ümumi sayı 51 min nəfərə çatıb.

Sahil Babayev bu istiqamətdə ciddi nəzarət tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb, bununla əlaqədar müvafiq struktur bölmələrinə tapşırıqlarını verib.

Pandemiya ilə əlaqədar digər sosial dəstək proqramlarının genişləndirildiyini qeyd edən nazir bildirib ki, işsizlikdən sığorta ödənişlərinin təyin olunması şərtləri də yumşaldılacaq. Bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi artıq hazırlanıb.

Həmin sənədin qəbulu imkan verəcək ki, işsizlikdən sığorta ödənişləri ilə daha çox insan əhatə olunsun. Bu il ərzində işsizlikdən sığorta ödənişlərinin şamil olunduğu şəxslərin sayının 20 min nəfərə çatdırılması nəzərdə tutulur.

Nazir bu il 12 min ailənin özünüməşğulluq proqramına cəlb ediləcəyini deyib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz