Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə elan etdiyi ümumi karantin rejimi koronavirusla mübarizə baxımından təqdir olunsa da, bir neçə sual da doğurur. Evdən çıxması qadağan edilən 65 yaşdan yuxarı insanlara göstəriləcək xidmətlə bağlı düşündürücü məqamlar var. Risk qrupu sayılan bu kateqoriya vətəndaşlara doğru-düzgün xidmət göstərilə biləcəyinə cəmiyyətdə birmənalı əminlik yoxdur.
Xüsusilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Bu kateqoriyadan olan şəxslər Nazirliyin 142 - Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alınmalıdırlar. Bununla yanaşı, 65-70 yaşlı tənha şəxslərin müəyyən edilməsi üçün özlərinin müraciətlərindən başqa yerli icra qurumlarından siyahılar alınacaq”, - açıqlaması sual meydana çıxarır: “İndiyədək həmin kateqoriyadan olan şəxslərin siyahısı mərkəzi sistemə daxil edilməmişdi ki?”
Məsələni AYNA-ya şərh edən iqtisadçı-ekspert Azər Mehtiyevin sözlərinə görə, yaşlı insanların vəziyyətinə nəzarət üçün onların varlığı, sayı barədə detallı statistika olmalıdır. Bəs bizim əlimizdə bu məlumatlar yetərincədirmi?
“Siyahıyaalma ciddi dövləti tədbirdir, hər 10 ildən bir keçirilir. Onun nəticələri dövlət siyasətinin hazırlanması üçün zəruri məlumatlar verir. Çünki bu miqyasda bir sorğu keçirmək müxtəlif səbəblər üzündən tez-tez mümkün deyil. Əhalinin siyahıya alınması sorğusu çox geniş sualları əhatə edir və sorğu nəticəsində cəmiyyətin real strukturu və sosial tələbləri haqqında çox geniş bilgi əldə etmək mümkündür”, - həmsöhbətimiz deyib.
Ekspert bildirib ki, əgər ötən ilin payızında o sorğu dürüst, lazımı şəkildə keçirilsəydi, indi Operativ Qərərgah ölkədə yaşlıların sayı, ərazi üzrə paylanması, onların sağlamlıq durumu, müdafiə və qorunma ehtiyacları, sosial qayğıları barədə qısa müddətdə dolğun məlumatlar əldə edə bilərdi: “Bu məlumatlar da həmin qrupa yönəlik qısa müddətdə ünvanlı siyasət hazırlamağa və həyata keçirməyə imkan verərdi. Amma indiki halda bu iş vətəndaşların, daha doğrusu yaşlı insanların özlərinin və övladlarının (yaxınlarının) öhdəsinə buraxılıb. Belə yaş kateqoriyasında olanların sayı qalıb “JEK”lərin hazırladıqları “seçki siyahılarının” ümidinə”.
Operativ Qərargahın fəaliyyətinə gəldikdə, Mehtiyev qeyd edib ki, hökumət zaman-zaman toplaşır, qərarlar verir, amma bütün bu qərarlaırn icra mexanizmləri bəlli deyil, qeyri-müəyyənlik var: “Qərargahın informasiya portalı yaradılıb, bu, yaxşı addımdır, amma yetərlidirmi? Hələ də xəstələnmə hallarının ərazi strukturu açıqlanmır. Bunu açıqlamaq mütləq vacibdir. Ölkədə yardıma ehtiyacı olan, xüsusilə bu vəziyyət səbəbindən iş imkanlarından və gündəlik gəlirlərindən məhrum olan, aylıq sabit gəlirləri olmayan nə qədər insan və ailə var? Qərargahın bunu müəyyən etmək imkanı belə, yoxdur. Halbuki əhalinin siyahıya alınmasının cavab verməli olduğu məsələlərdən biri bu idi. O məlumatlar olsaydı, həmin təbəqələrə yönəlik konkret yardım paketi hazırlamaq olardı. İndiki halda, hətta belə bir paket olsa belə, yardım üçün lazım olam vəsaiti necə müəyyən edəcəklər? Həmin insanları necə dəqiqləşdirirəcəklər? Belə suallar çoxdur”.
“Daha bir məsələ diqqətdən qaçmamalıdır. Yaşlıların mühafizəsi ilə bağlı məsələ də var. Şəhərdə olan məhəllələrə girmək kifayətdir ki, real durum bəlli olsun. Əksər məhəllələrdə yaşlılar gün ərzində həyətdə toplaşır, müzakirə aparırlar, hətta məhəllə çayxanaları belə, işləyir. Qərargah TV məlumatlandırması ilə yanaşı, mütləq xüsusi avtomobillərdən və səsgücləndiricilərdən istifadə etməklə məhəllələrə xəbərdarlıqlar edilməsini təmin etməlidir”, - müsahibimiz vurğulayıb.