Axtarış...

"Belə biabırçılıq görməmişdim" - “Lady Sharm”ın vəzifəli şəxsləri hakim qarşısına çıxarılıb

"Belə biabırçılıq görməmişdim" - “Lady Sharm”ın vəzifəli şəxsləri hakim qarşısına çıxarılıb

“Lady Sharm” mağazalar şəbəkələrinin vəzifəli şəxsləri hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur İsmayılov, Ziyarət Abbasov və Səməd İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, hər üç şəxs ilk dəfədir məhkumluq həyatı yaşayır. Onların hər birinin himayəsində azyaşlı övladları var. Məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Ziyarət Abbasovun vəkili Eynulla Vəliyev vəsatətlə çıxış edib. Vəkil müdafiə etdiyi şəxs barəsində irəli sürülmüş ittihamların əsassız olduğunu və qanunsuz olaraq həbsdə saxlanıldığını deyib.

Vəkil qeyd edib ki, müdafiə etdiyi şəxs barəsində irəli sürülən ittihamı sübut edən fakt yoxdur: "Ziyarət Abbasova ittiham verilib, amma sübuta yetirilmir. Qanunsuz olaraq 2019-cu ilin yanvar ayının 24-də saxlanılıb. 15 gün həbsdə saxlanılıb və sonradan təqsirləndirilən şəxs hesab edilib və ona qarşı ittiham irəli sürülüb. Ona dələduzluğa cəhd ittihamı verilib. Təsəvvür edin ki, adamı bir ildən çox həbsdə saxlayıblar, amma ittihamı sübut edə bilməyiblər. Bu iş üzrə cəmi bir nəfər zərərçəkmiş var və ona da 1000 manat zərər dəyib. Müdafiə etdiyim şəxsin şirkətin qeyri-rəsmi mühasibi olduğu yazılıb. Qeyri-rəsmi mühasibatlıq olur? Bu necə ittihamdır? Bu günə qədər belə biabırçılıq görməmişdim. Müdafiə etdiyim şəxs barəsində həbs qətimkan tədbiri seçən birinci instansiya məhkəməsinin qərarından şikayət vermişik".

Vəkil məhkəməyə vəsatət təqdim edərək müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini və ev dustaqlığına buraxılmasını istəyib. Digər təqsirləndirilən şəxslərin vəkilləri də eyni məzmunlu vəsatət veriblər.

Məhkəmə müşavirədən sonra vəsatətlərə bağlı qərarı elan edib. Qərara əsasən vəsatətlər təmin edilməyib və təqsirləndirilən şəxslər həbsdə saxlanılıb. Hakim işin məhkəmə baxışına verilməsi ilə bağlı məhkəmənin qərarını elan edib. Məhkəmə baxışı fevralın 24-nə təyin edilib.

Xatırladaq ki, bu işlə bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, həmin şirkətin baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər.

Amma məhkəmədə Valeh Qarayev və Fuad Əlizadənin həbsdə olmadığı məlum olub. Rəsmi məlumatda göstəriləndən fərqli olaraq Səməd Ismayılov həbs edilib. Ötən il yayılan rəsmi məlumatda yazılır ki, araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib.

Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Chiristian Dior”, “İtterre” və digər dünyaca məhşur brendlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib.

“Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq “Lady Sharm” mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib.

Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb və dövriyyədən çıxarılıb.

Araşdırmalarla həmçinin “Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta “Made in Turkey” və “Made in İtaly” nişanları tikildiyi məlum olub. Şirkətin anbarlarına baxış zamanı polis əməkdaşları “Lady Sharm”ın “qara” mühasibatlıqlarn aparıldığı və sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində olan istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatlarını da əldə ediblər. Həyata keçirilən zəruri əməliyyat-istintaq tədbirləri ilə “Lady Sharm” bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındırdığı məlum olub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz