Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb.
Baş Prokurorluq və DİN-in mətbuat xidmətlərindən daxil olan məlumatda bildirilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölkəmizdəki sabitliyin pozulmasında maraqlı olan şəxslər tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə görə azadlıqdan məhrum edilmiş Salyan rayon sakini Aytəkin Abıyevanın guya polis əməkdaşı Həmzə Əzizov tərəfindən zorakılığa məruz qalması və özünü Aytəkin Abıyevanın müdafiəçisi kimi göstərmək istəyən həmin rayonun sakini Zamin Salayevə (Əlizamin Salayev) işgəncə verilməsi barədə məlumatlar yayılır.
Əslində heç bir əsası olmayan, reallıqdan tamamilə uzaq, vətəndaşlarda dövlət qurumlarına inamsızlıq yaratmaq niyyəti güdən və qərəzli şəkildə uydurulan bu cür məlumatlarla bağlı bildirilir ki, 2019-cu il avqust ayının 8-də qohumu ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuş Aytəkin Abıyeva əri ilə birgə Bakı şəhərinə köçüb və bundan 10 gün sonra adı istintaqa məlum olan keçmiş sevgilisinə zəng edib, onunla Salyan şəhərinə gəlib və 4 gün müddətində müxtəlif ünvanlarda qalıblar.
Həyat yoldaşının polisə müraciəti əsasında avqustun 22-də tapılıb ailəsinə qaytarılan, daha sonra valideynlərinin yanına qayıdan Aytəkin Abıyeva yeni tanış olduğu başqa bir şəxslə telefon əlaqəsi saxladığı üçün anası tərəfindən tənbeh edildiyindən sərbəst yaşamaq qərarına gələrək 2019-cu il sentyabrın 10-da xəbər vermədən evdən gedib. Aytəkin Abıyevanın itkin düşməsi barədə ailə üzvlərinin Daxili İşlər Nazirliyinin "102” Xidmətinə müraciəti əsasında həmin gün o, polis əməkdaşları tərəfindən tapılıb valideynlərinə təhvil verilib.
Bir neçə gün evlərində qalan Aytəkin Abıyeva 2019-cu il sentyabrın 16-da yenidən evdən qaçıb, əvvəldən yaxın münasibətdə olduğu digər tanışı ilə görüşüb.
Ertəsi gün onun itkin düşməsi barədə valideynləri yenidən Salyan Rayon Polis Şöbəsinə müraciət edib və müvafiq araşdırmanın aparılması baş təhqiqatçı Həmzə Əzizova tapşırılıb. Həyata keçirilmiş axtarış tədbirləri ilə Aytəkin Abıyevanın olduğu yer müəyyən edilib və o, saxlanılıb qardaşına təhvil verilərkən buna etiraz olaraq üzərindəki bıçaqla Həmzə Əzizova həyat üçün təhlükəli olan ağır xəsarət yetirib.
Fakt üzrə Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29 və 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb və Aytəkin Abıyeva məhkəmənin qərarı ilə şübhəli qismində tutulub.
Müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrdə, Aytəkin Abıyeva ittiham üzrə özünü təqsirli bilib, cinayəti törətdiyi günədək Həmzə Əzizovla heç bir münasibətinin olmadığını və hər hansı polis əməkdaşı tərəfindən ona qarşı qanunsuz hərəkətə yol verilmədiyini göstərib.
Aytəkin Abıyevanın həmin cinayət əməlini törətməsi, özünün səmimi ifadələri ilə yanaşı istintaq zamanı toplanmış, bir-birini tamamlayan təkzibedilməz sübutlarla, o cümlədən hadisəni görən ailə üzvlərinin və digər çoxsaylı şahidlərin ifadələri, mobil telefon danışıqları barədə məlumatlar və ekspertiza rəyləri ilə tam təsdiqlənib.
Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Aytəkin Abıyevanın əməli Cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və o, bu cinayətdə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd olunmalıdır ki, özünü Aytəkin Abıyevanın müdafiəçisi kimi göstərməyə cəhd edən Zamin Salayev, xəbər verildiyi kimi, 2020-ci il yanvarın 13-də Bakı şəhərində ictimai qaydanı pozan hərəkətlərə yol verdiyinə və bununla əlaqədar polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmadığına görə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.
Saxlanılan zaman bütün prosessual hüquqları təmin edilmiş Zamin Salayev vəkili və ailə üzvləri ilə görüşüb və müvəqqəti saxlama yerində Ombudsman Aparatının əməkdaşları ona baş çəkiblər.
Eyni zamanda, Daxili İşlər Nazirliyi tərəfindən aparılan xidməti yoxlama prosesində Zamin Salayev, polis əməkdaşları tərəfindən hər hansı işgəncəyə və zorakılığa məruz qalmadığını bildirib. Bu xüsusat Nazirliyin təşəbbüsü ilə Zamin Salayevin DİN-in Hospitalında keçirilmiş tibbi müayinəsi ilə təsdiqlənib.
Törətdiyi cinayətlərə görə əvvəllər də üç dəfə məhkumluq həyatı yaşamış, spirtli içki aludəçisi olan Zamin Salayevin Aytəkin Abıyevanın təzyiqə məruz qalması və hətta zorlanması barədə şərəf və ləyaqəti alçaldan böhtanlar yayması da qərəzdən başqa bir şey deyil və onun neqativ həyat təcrübəsinin və dünyagörüşünün təzahürüdür