Axtarış...

BDU-nun ölən tələbəsinin qohumları etiraz edir - ekspertizanın nəticəsi yubanır

BDU-nun ölən tələbəsinin qohumları etiraz edir - ekspertizanın nəticəsi yubanır

Noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbə qızın zəhərlənməsi, onlardan birinin dünyasını dəyişməsi hadisəsi ilə bağlı müəmmalı vəziyyətə aydınlıq gətirilmir. “Yeni Müsavat”a müraciət edən dünyasını dəyişən Şəkər Xasmətovanın qohumları bildiriblər ki, ekspertizanın cavabları açıqlanmır, bu proses uzadılır.

Yada salaq ki, universitetin 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində BDU-nun fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı vəfat edib, ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və kitabxanaçılıq və informasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilib.

Hadisədən sonra qızlardan birinin ağzından qan gəldiyi xəbəri yayılmışdı. O zaman professor Adil Qeybulla bunun toksiki zəhərlənmənin əlaməti olduğunu demişdi.

Ötən ilin dekabr ayında Qida Təhlükəsizliyi Agentliyinin sədri QoşqarTəhməzov bildirmişdi ki, Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən tələbənin ölümünə səbəb qida mənşəli zəhərlənmə deyil, bu, toksiki zəhərlənmədir.

Sədr söyləmişdi ki, məsələ hüquq-mühafizə orqanlarına aiddir: “Bu barədə sonda hüquq-mühafizə orqanları AQTA ilə birlikdə açıqlama verəcək. KİV-də zəhərlənmə ilə bağlı çox tələsik məlumat yayılmışdı. Bir qisim insanlar bunu qida zəhərlənməsi kimi qələmə vermişdi”.

Zərərçəkmiş kimi Şəkərin atası Faiq Xasmətovun hüquqlarını müdafiə edən vəkil Türkel Süleymanlı “Yeni Müsavat” bildirib ki, onlara ekspertizanın cavabı ilə bağlı sənədlər təqdim edilməyib: “Bu iş hansısa səbəbdən gecikdirilir. Sadəcə, bilirik ki, ekspertizadadır. Qohumları ilə də əlaqə saxlanmır, məlumat verilmir. Şifahi məlumat verməklə deyil. Qanuna əsasən, müəyyən sənədlərin surətləri istintaq bitməmiş zərərçəkənlərə verilməlidir. Təbii ki, bütün istintaq materialları ilə yekunda tanış olunur. Ancaq bəzi sənədlərin surətləri indidən verilməlidir. Vəkil olaraq hesab edirəm ki, bu tipli işlər maksimum ictimaiyyətə açıq olmalıdır. Çünki burada gizlədiləsi heç nə yoxdur. Bu, nə dövlət sirridir, nə də ailə sirri. Əksinə, bu, cinayətdir və baş verənlər ictimaiyyətə açıqlanmalıdır. Hansı cinayətdirsə onu biz bilmirik. Qəsdən zəhərlənmə, yoxsa ehtiyatsızlıqdan zəhərlənmə - hər nədirsə bu, açıqlanmalıdır. Təcili yardım da gəlib. Onlar niyə bu qızların mədəsini yumayıblar? Bu məsələlərlə bağlı ictimaiyyətə açıqlama verilməlidir. Sabah bu, hər kəsin başına gələ bilər. Bizə deyirlər ki, istintaq gedir və bütün bunlar baş prokurorun nəzarətindədir. Ancaq niyə gizlin aparıldığını bilmirik”.

Şəkər Xasmətovanın yaxın qohumu Samir İsayev “Yeni Müsavat”a bildirib ki, onlara yalnız gözləmək tapşırılır:

“Deyirlər ki, gözləyin cavablar çıxsın. Ekspertizadan bildirilir ki, deyir hələ zəhərlənməyə səbəb olan maddəni tapmamışıq, araşdırırıq, laboratoriyalarda iş gedir, cinayət işi açılıb. Bizə bildirilir ki, 314.2 (səhlənkarlıq) maddəsi ilə cinayət işi açılıb. Ancaq bundan qeyri bir məlumat ala bilmirik. Deyirdilər ki, ekspertizanın cavabı 30 günə açıqlanacaq. Artıq 50 günə yaxın zaman keçib. Nəticə isə yoxdur. Bizi də narahat edən məsələlər bundan ibarətdir. Biz Şəkərlə birlikdə zəhərlənən digər iki xanımla da əlaqə saxlamışıq. Onların da ekspertizasının cavabları çıxmayıb. Qızlar kəndə gəlmişdilər. Bizə dedilər ki, yemək yedikdən sonra halları pis olub. Daha sonra təcili yardım çağırıblar. Onlar iynə vurub və yatıblar. Qızlar kartof, makaron, qatıq yediklərini dedilər. Bizə deyilib ki, yeyilən yemək yaxşı olub, ancaq tərkibində hansısa maddə olub ki, o da zəhərlənmə verib. Yəni zəhər bədənə ağızdan qida borusu vasitəsilə daxil olub. O maddənin nə olduğunu isə ekspertiza təyin etməlidir”.

Mətbuatda yazılan ehtimallardan biri budur ki, tələbə qızlar siçan zəhərindən zəhərləniblər. BDU-nun yataqxanası köhnədir və orada cəmi 130 tələbə yaşayır. Həmin binada məcburi köçkünlər də məskunlaşıblar. Universitetin yeni yataqxanası tikilsə də, istifadəyə verilməyib. Köhnə yataqxanada yaşayanların sözlərinə görə, orada xeyli sayda siçovul olur. Buna görə də hər tərəfə dərman səpirlər. Ehtimallardan biri budur ki, siçovullar həmin zəhərləri yayır və qidaların üzərində gəzərək, insanlara da keçirə bilirlər.
"Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz