Axtarış...

Nazirlər Kabineti domen adlarının qeydiyyatı və istifadəsi ilə bağlı sənədi necə təsdiqləyib? - TƏHLİL



Günümüzdə yeni yaranan şirkətləri, hətta fərdi bizneslə məşğul olanları belə saytsız təsəvvür etmək mümkün deyil. Yeni şirkət yaradan hər kəs fəaliyyətini online istehlakçıya çatdırmaq üçün mütləq sayt yaradır. Milli şirkətlər saytları üçün doman seçərkən isə normal olaraq daha çox yerli domen zonasına müraciət edir.

Azərbaycanda domen adları “az” ölkə kodu ilə qeydiyyatdan keçirilir.

Lakin bu sahəyə aid qanunvericilikdə istifadəçilərə problem yaradan xeyli məqaml da var. Bu yazıda həmin məqamlardan bəhs ediləcək.

Milli İnzibatçı hanı?

Başlayaq ondan ki, ““az” ölkə kodu ilə yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 25 fevral 2019-cu il tarixli 63 saylı qərarı var. Bu qaydaların 3.1-ci bəndinə əsasən, “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığı domen adlarının Milli İnzibatçısı, domen adlarının qeydiyyatı və onlara texniki xidmət isə yerli və ya xarici qeydiyyatçılar tərəfindən aparılır.

Təəssüf ki, biz heç yerdə Milli İnzibatçının kimliyini görə bilmirik. Çünki qaydalar müəyyən olunarkən bunu göstərmək “yaddan çıxıb”.

Qaydalarda qeyd olunur ki, Milli İnzibatçı tərəfindən idarə olunan “www.whois.az” internet informasiya ehtiyatında məlumatlar yerləşdirilir. Hətta həmin saytda da belə Milli İnzibatçı özü haqqında məlumat yerləşdirməyib.

Bu sahənin qeydiyyatçısı və Milli İnzibatçısı hansı qaydada səlahiyyətləndirilib? Bax, bu sualın cavabı, eyni zamanda Milli İnzibatçıya aid açıq məlumatlar heç yerdə yoxdur.

Domen adların qeydiyyatı Online.az internet informasiya ehtiyatında aparılır. Lakin bu saytın özündə belə onun hüquqi və ya fiziki şəxsə məxsusluğuna dair heç bir məlumat qeyd olunmayıb. Real fəaliyyətdə isə hesablaşma qaydalarından tutmuş müqavilənin bağlanmasına kimi heç biri Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalarda uyğun aparılmır.

Tanınmış əmtəə nişanlarının hüququ necə pozulur?


““az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın 4.6-cı bəndinə əsasən, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, domen adı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanının təkrarlandığı, ona oxşadıldığı, tərcümə və ya transliterasiya edildiyi hallarda qeydiyyata alınmışdırsa və ya internet şəbəkəsində haqsız istifadə edilərsə, bu, geniş tanınmış əmtəə nişanının sahibinin hüquqlarının pozulması hesab edilir. Belə olan halda geniş tanınmış əmtəə nişanının sahibi məhkəmə qaydasında mübahisə yaradan domen adının qeydiyyatını aparan orqandan onun qeydiyyatına xitam verilməsini və ya həmin adın geniş tanınmış əmtəə nişanının sahibinə qaytarılmasını tələb edə bilər.

Həmin qaydaların 4.7-ci bəndinə əsasən, domen adının seçilməsi zamanı üçüncü şəxslərin hüquqlarının pozulmasına görə sifarişçi məsuliyyət daşıyır.

Yəni, domen adların satışını və qeydiyyatını edən Online.az və domen adların inzibatçılığını aparan Milli İnzibatçı heç bir məsuliyyət daşımır. Bu məntiqlə istənilən hüquq pozuntusunu sifarişçilərin istəyinə uyğun icra edib heç bir məsuliyyət daşımayan, inzibatçı Milli İnzibatçı domen adların qeydiyyatçısı Online.az vasitəsilə bütün məsuliyyəti domen alan şəxslərin üzərinə atmış olur.

“az" zonasında domen adların qeydiyyatı qaydaları haqqında Əsasnamənin 6.1-ci bəndinə əsasən, “az” domeninin inzibatçısı domen adı ətrafında yaranan münaqişələrdə tərəf kimi çıxış etmir.

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 32-ci maddəsində isə qeyd olunur ki, domen adı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanının təkrarlandığı, ona oxşadıldığı, tərcümə və ya transliterasiya edildiyi hallarda qeydiyyata alınmışsa və ya internet şəbəkəsində haqsız istifadə edilərsə, (xüsusən domen adlarında və ya ünvanlamanın başqa üsullarında), bu, geniş tanınmış əmtəə nişanının sahibinin hüquqlarının pozulması hesab edilir. Geniş tanınmış əmtəə nişanının sahibi məhkəmə qaydasında tələb edə bilər ki, qarşıdurma yaradan domen adının qeydiyyatını aparan orqan onun qeydiyyatına xitam versin və ya həmin adı geniş tanınmış əmtəə nişanının sahibinə qaytarsın.

Azərbaycan Respublikasında qeydiyyata alınan geniş tanınmış əmtəə nişanının başqa şəxs tərəfindən bütün növ əmtəələrdə və xidmətlərdə istifadə edilməsi onun sahibinə ziyan vurduqda bu hal geniş tanınmış əmtəə nişan sahibinin hüquqlarının pozulması hesab edilir.

Yəni, açıq və daha bəsit dillə yazsaq, Online.az tanınmış bir brendin adının oxşarını və ya patenti bir hüquqi və ya fiziki şəxsə aid olan brendin adı ilə domeni istənilən şəxsə sata bilər və buna görə heç bir məsuliyyət də daşımır. O zaman xidmət haqqı nə üçün alınır və “satış prosesi” adlı simvolik proses niyə həyata keçirilir? Və ya hər hansı əmtəə nişanının patentinin alınması üçün niyə aylarla vaxt sərf olunur? .az ölkə kodlu domen zonasında patentləşdirilmiş əmtəə nişanlarının müvafiq qurum (hazırda bu, Əqli Mülkiyyət Agentliyidir) tərəfindən verilmiş sertifikatı Online.az portalına və ya Milli İnzibatçıya təqdim edildiyi zaman həmin adların başqa hüquqi və fiziki şəxslər tərəfindən alınması niyə sistem olaraq məhdudlaşdırılmır? Nəyə görə əmtəə nişanını patentləşdirmiş sahibkar hər dəfə həftələrlə, bəzən aylarla məhkəmələrdə bu adın ona məxsus olduğunu yenidən sübut etməli, keçən müddət ərzində işgüzar nüfuzuna zərbə dəyməli, şirkətinin online “klounu” fəaliyyət göstərməlidir? Nəyə görə Online.az və Milli İnzibatçı istifadəçinin bilinən qanuni haqqının onun səhlənkarlığı və sistem xətası üzündən pozulmasına şərait yaratmalı, daha sonra məhkəmə qaydasında məsələnin həllini gözləməlidir?

Yeri gəlmişkən, bu Əsasnamə, ümumiyyətlə, yenidən redaktə edilməli və əlavə olaraq qanunvericiliyə uyğunlaşdırılmalıdır. Hazırda nə Milli İnzibatçı, nə də domen adların qeydiyyatçısı Online.az fəaliyyət sahələrinə görə heç bir məsuliyyət daşımır. Mülki məsuliyyət mülki hüquq pozuntusunu yaratmış fiziki və ya hüquqi şəxsin vurduğu ziyana görə müəyyən olunursa, qaydalarda və Əsasnamədə “heç bir məsuliyyət daşımır” sözləri əsassızdır. Hətta hüququn ümumi norma və prinsiplərə ziddir.

Əsasnamənin 6.3-cü maddəsinə görə, sifarişçi domen adı seçməyə, əmtəə nişanının hüquqlarının pozulması ehtimalına, eləcə də domen adından istifadə edərkən baş vermiş münaqişəli vəziyyətə görə özü məsuliyyət daşımalı imiş. Bu, tamamilə absurddur.

Təkliflər nədir?

Domen adların qeydiyyatçısı geniş tanınmış əmtəə nişanının müəllifinin razılığı olmadan bu adların satışı və qeydiyyatını həyata keçirməməlidir. Əqli Mülkiyyət Agentliyi ilə bu qurumlar arasında məlumat mübadiləsi olması, belə adların satışının dayandırılması üçün normativ sənədlər hazırlanmalıdır. Əks halda, nə əmtəə nişanlarının qeydiyyatına dair şəhadətnamə alınmasının, nə də xüsusi tanınmış adların domen ad kimi qeydiyyata aldırmanın bir önəmi qalacaq. Bu isə hüquqi və fiziki şəxslərə, eyni zamanda dövlət qurumlarına məxsus domen adlarının gələcəkdə klounlarının yaranmasına səbəb olacaq ki, ən böyük zərəri də istehlakçılar görəcəklər. Bir çox işbaz cəmiyyətdə nüfuz sahibi olan şirkətlərin domen adlarının bənzərini qeydiyyata aldırmaqla onların bu nüfuzundan istifadə edib, istehlakçını çaşdıracaqlar.

Araşdırmalar göstərir ki, domen adının azad seçiminin mümkünlüyü, qanuni qeydə alınmış əmtəə və ticarət nişanına və ya firma adına identik, ya da oxşar olan domen adlarının qeyri-qanuni qeydə alınmasına gətirib çıxarır. Bu da domenlərin “qara bazarı”nın formalaşmasına səbəb olur. Domen adlarından mənfəət əldə edənlər kiberskvotterlər adlanır. Kiberskvottinq (cybersquatting) – kimlərinsə qeydiyyatdan keçirilmiş əmtəə və ya ticarət nişanı olan domen adlarının zəbt edilməsidir. Başqa bir adla bu domen piratlığıdır. Bu gün domen mübahisələri əmtəə nişanları və domen sahiblərinin xeyrinə həll olunur. Ancaq məhkəmə mübahisələri kifayət qədər vaxt itkisinə səbəb olur.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin 3.0.46-cı bəndinə əsasən, ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və onlardan istifadəni beynəlxalq normalara uyğun olaraq aidiyyəti qurumların birgə iştirakı ilə tənzimləmək Nazirliyin vəzifəsidir.

Bu sahədə olan boşluğun aradan qaldırılması üçün həm Milli İnzibatçının, həm qeydiyyatçının, həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu sahədəki səlahiyyətlərinə və öhdəliklərinə yenidən baxılmalı, vəzifə və öhdəliklər konkretləşdirilməlidir. Digər dövlət qurumları ilə qarşılıqlı iş prinsipi əsasında çalışa bilmək üçün yeni qaydalar müəyyən olunmalıdır.

Səbuhi Axundov
Hüquqşünas
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz