Artıq bir ildən çoxdur ki, “Günay bank” ASC-nin idarə heyətinin sədr müavini, Emin Zeynalov həbsdədir. Özü də nə az, nə çox, düz yüz milyon manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə, bankın “əmanətçilərini” aldatmaqda təqsirli bilinərək Cinayət məcəlləsinin 178.4-cü (külli miqdarda dələduzluq) maddəsi ilə həbs olunub.
Əslində gəlin baxaq, görək aldadılan şəxslər kimlərdir və hansı əmanətçilərdən söhbət gedir. Bu günə qədər cinayət işi barədə çox yazılar yazılsa da, zərərçəkənlər barədə heç bir məlumat verilməyib. Emin Zeynalovun ətrafında olanlar, ona pullarını etibar edənlər barədə danışmaq istəyirik.
Qeyd edək ki, ayrı-ayrı orqanların materialları ilə tanış olanda, Eminə sələmə verilən pulların əsasən ABŞ dolları olduğunu görürük. Həmin şəxslərin isə demək olar ki, hamısı bank sahəsində çalışan və ya bankla yaxın, eləcə də uzaq keçmişdə əlaqəsi olan şəxslərdir. Kənardan vəsaitlərin cəlb olunmasını təşkil edən şəxs, həm də təhrikçisi kimi fəaliyyətini həyata keçirən, elə Emin Zeynalovun yaxın qohumu Məmmədov Fərid Məmməd oğlu olub.
Əvvəllər “Beynəlxalq bank”da və qalmaqalla yaddaşlarda qalan “Texnikabank”da filial müdiri olan Fərid Məmmədov sonda “Günay bank” ASC-nin filial müdiri işləyib.
Həmin bankda yüksək vəzifədə olanda Emin Zeynalov bu məşhur maliyyə “kombinatorunun” vasitəsi ilə külli miqdarda gəlir əldə edib. Bir sözlə, sələmçilik yolu ilə əldə etdiyi vəsaitlərin hesabına öz imkanlarını genişləndirib. Belə ki, Fərid Məmmədovun Emin Zeynalovla tanış etdiyi şəxslərin sırasında vaxtıilə Gəncə şəhərinin birinci katibi işləmiş Bağırov Tofiq Məsim oğlunun nəvələri – Bağırov Tural Şamil oğlu və Bağırov Elgünün də adı var.
Qeyd edək ki, bu şəxslərin adları hazırda Emin Zeynalovun cinayət işində zərərçəkmiş qismində keçir. Belə ki, hazırda Tural Bağırov “Beynəlxalq bank”ın Sumqayıt filialının müdiridir.
İstintaq materialları ilə tanış olanda görmək olur ki, Tural Bağırov mənbəyi məlum olmayan 850 min ABŞ dolları və 100 min manat pulunun Emin Zeynalovda batdığını iddia edir. Belə ki, Emin Zeynalov 2017-ci ilin yanvar ayında “Günay bank” ASC-yə işə gəldikdən sonra Tural Bağırov mütəmadi olaraq Emin Zeynalova sələmə pullar verib, hər dəfə də yüksək faizlərlə pullarını geri alıb.
Ümumilikdə bu dövriyyənin 20 milyon manata yaxın olması ehtimal edilir. Ortaya belə bir sual çıxır ki, görəsən Tural Bağırovda bu qədər böyük məbləğdə pullar haradandır? Hətta Tural Bağırov öz üzərindən izi azdırmaq üçün bu pulların Sumqayıt şəhərinin İcra Başçısı Zakir Fərəcova məxsus olması barədə ayrı-ayrı şəxslərin vasitəsi ilə ictimaiyyətə informasiya sızdırıb. Ancaq görünən odur ki, Tural Bağırov vəzifəsindən sui-istifadə edərək, “Beynəlxalq bank”ın pullarını qeyri-rəsmi olaraq sələmə buraxıb, hətta qısa müddətdə 350 min dollardan artıq xeyir də götürməyə nail olub. Ancaq bankirin gözünü asan yolla qazanılan pullar o qədər tutub ki, risk amilini nəzərə almayıb. Əgər indi Emin Zeynalov həbs olunmasaydı, Tural Bağırov onun hesabına qeyri-qanuni yollarlarla daha çox gəlir əldə edəcəkdi.
Gəlin baxaq görək necə olur ki, Tural Bağırov “öz vəsaitlərini” ölkənin ən məşhur bankı olan “Beynəlxalq bank”da filial müdiri ola-ola bu banka etibar etməyərək, “Günay bank”a, Emin Zeynalova etibar edib? Sadə məntiqlə buradan belə qənaətə gəlmək olar ki, Tural Bağırov dövlət bankının pullarını qanunsuz olaraq digər banka sələmə verərək böyük varidata sahib olub. Belə fəaliyyətə isə hüquqi qiymət vermək ölkənin hüquq mühafizə orqanlarının, həmçinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, “Mərkəzi Bank”ın və Maliyyə Nazirliyinin üzərinə düşür. Yəqin ki, yaxın vaxtlarda hüquq-mühafizə orqanları Emin Zeynalovun işində “zərərçəkmiş” kimi tanınan bankirlər barədə araşdırma aparacaq və cinayət işində göstərilən məbləğləri hansı mənbələrdən əldə etdikləri, sələmçilik yolu ilə qazandıqları qeyri-qanuni pulları haralara yatırdıqlarını üzə çıxaracaqlar.
Bu gün maraqlıdır ki, Emin Zeynalova sələmə pul verən şəxslər həmin pulların özlərinə yox, tamam başqa şəxslərə aid olduqlarını bildirirlər. Yəqin ki, Tural Bağırovun əməllərindən “Beynəlxalq bank”ın rəhbərliyinin xəbəri yoxdur. Ən azı “Beynəlxalq bank”ın rəhbərliyi bu əməllərinə görə, Tural Bağırovu işində saxlamaz. Onu da bildirək ki, Tural Bağırovla yanaşı onun əmisi oğlu da Emin Zeynalovun əleyhinə ifadə verən şəxslər sırasındadır. Elgün Bağırov əvvəllər Bank sektorunda çalışsa da, sonradan biznes fəaliyyətinə başlayıb və sələmçiliklə pul qazanmağa girişib. Hazırda Emin Zeynalovdan 1.8 milyon dollar tələb edən Elgün Bağırov qızıl və zinət əşyaları alverçisi kimi tanınır. Belə ki, onun şəhərin mərkəzində yerləşən ticarət mərkəzlərində qızıl dükanları fəaliyyət göstərir. Fərid Məmmədov vasitəsi ilə Emini tanıyan Elgün Bağırov da sələmçilik yolu ilə böyük varidata sahib olanlardandır. Həmçinin, Elgün Bağırovun bahalı maşınların alqı-satqısı ilə məşğul olduğu deyilir. İstintaq materialları ilə tanış olduqda, sələmçilik yolu ilə nəinki bankirlərin, hətta ölkənin yüksək çinli hüquq-mühafizə orqanlarının əməkdaşlarının da məşğul olduğu da üzə çıxır.
Belə ki, Elgün Bağırovun dayısı, 7 saylı Yevlax şəhər DYP Qeydiyyat – imtahan şöbəsinin rəisi, polis polkovniki Elxan Əliyev də Emin Zeynalov vasitəsilə pul qazanan şəxlərdən olub.
Qeyd edək ki, Elxan Əliyev Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalovuvn yaxın qohumudur. Elxan Əliyev korrupsiya yolu ilə qazandığı pullarını Fərid Məmmədov vasitəsilə dövriyyəyə buraxaraq yaxşı qazanc əldə edib. Ancaq Emin Zeynalov həbs olunduqdan sonra Elxan Əliyev pullarını Emin Zeynalovdan yox, azadlıqda olan Fərid Məmmədovdan tələb etməyə başlayıb. Təbii ki, istintaqa Elxan Əliyev izahat versə də, adı hazırda zərərçəkənlər siyahısında yoxdur. Qeyd edək ki, Elxan Əliyev “Azərsığorta” şirkətinin İdarə heyətinin sədri “Sığorta Mamed” kimi tanınan Məmməd Məmmədovun kürəkənidir. Belə ki, Məmməd Məmmədovun oğlu Elmar Məmmədov 2015 – 2016 cı illərdə “Beynəlxalq bank”ın idarə heyətinin sədri olub, sonra isə “qara pul əməliyyatlarına” və vəzifəsindən sui-istifadəyə görə işdən uzaqlaşdırılıb.
Adı sadalanan şəxslərlə yanaşı Fərid Məmmədov öz yaxın çevrəsində olan digər imkanlı şəxsləri də sələmçiliklə pul qazanmağa cəlb edib. F.Məmmədov “dayı” dediyi, Bakıda yerləşən Gön-dəri zavodunun keçmiş direktoru Fuad müəllimin həyat yoldaşı Rəna xanımdan 400 min dollar, ailənin yaxın üzvü Sultanxanım Nəsibovadan 600 min dollar alaraq onları da sələmçiliyə cəlb edib. Ancaq təbii ki, Emin Zeynalov həbs olunduqdan sonra həmin şəxslər pullarını Fərid Məmmədovdan tələb etməyə başlayıb və verdikləri izahatlarda da məhz Fərid Məmmədovu tanıdıqlarını bildiriblər. Qeyd edək ki, Sultanxanım Nəsibova əvvəllər “Kapital bank”ın İnsan resursları departamentinin direktoru vəzifəsində çalışıb. Emin Zeynalovun hesabına öz imkanlarını genişləndirən Fərid Məmmədov həmin şəxslərin pullarını qaytarıb. Səbəb isə odur ki, dayısı Fuad müəllim vəfat etdikdən sonra onun biznesinə, obyektlərinin icarəyə verilməsinə məhz Fərid Məmmədov nəzarət edir. Əsas gəlir gətirən obyekt isə keçmiş Gön-dəri zavodudur. Hazırda həmin zavodun ərazisi bir-neçə hissəyə bölünərək Fərid Məmmədov tərəfindən iş adamlarına icarəyə verilib.
Yuxarıda adı çəkilən şəxslərin əməlləri onu göstərir ki, bu şəxslər Emin Zeynalov vasitəsilə çirkli pulların yuyulmasına nail olublar. Belə ki, həmin şəxslər həm “öz vəsaitlərindən”, həm işlədikləri bankların pullarından, həm də digər şəxslərin vəsaitlərindən sələmçilik yolları ilə külli miqdarda gəlirlər əldə ediblər. Sonda onu da qeyd edək ki, Fərid Məmmədov bu işə rəhbərlik etdiyi müddətdə Emin Zeynalovdan sələmçilik yolu ilə təxminən 5 milyon manatdan artıq yüksək faizlə pul alıb.
www.yenicag.az