“Açığı, ölüm arzulayırdım. Deyirdim ki, bundandırsa öldürün. Amma, təbii ki, onların istədiklərini demədim. Bu da onları daha da aqressivləşdi”.
Ovqat.com xəbər verir ki, bunu AXCP sədri Əli Kərimli Azadlıq radiostansiyasına verdiyi açıqlamasında deyib.
Açıqlamasında dünən keçirilən mitində qarşılaşdığı zorakılıq hadisəsilə bağlı danışan Əli Kərimli bildirib ki, onu avtobusa mindirəndən sonra təpik altına salıblar və az qala, ölüncəyə qədər boğublar.
“Avtobusa daxil olandan sonra qoluma qandal vurub, yerə yıxıb kamera qarşısında döydülər. Bu döymək deyildi, öldürmək idi. Amma bir xəsarət mənim həyatıma son qoya bilərdi”-deyən Əli Kərimli məruz qaldığı ən ağır işgəncəni belə təsvir edib:
“Məni faktiki boğurdular. Yerə yıxıb bədənimin hər tərəfinə tutub, biri də təpiyi ilə boğazımı sıxırdı. Bir təhər toparlanıb deyə bildim ki, ölürəm. Amma xeyri olmadı. Elə bir məqam oldu ki, bir neçə saniyə də davam etsəydi, məni həyata qaytarmaq mümkün olmayacaqdı. Onlar da bunu hiss etdilər, tez köynəyimi, maykamı cırdılar, üstümə su tökdülər, məni özümə gətirməyə çalışdılar”.
Özünü əsirlikdəki kimi hiss edən Əli Kərimlini daha sonra Xətai polis idarəsinə gətiriblər. Xətai polisində normal insani münasibətlə qarşılaşdığını etiraf edən AXCP sədri bildirib ki, şəxsən polis idarəsinin rəisinin iştirakı ilə onu DİN-nin hostipalına aparıblar. Orda ciddi həkim müayinəsindən keçən AXCP sədrinin daxili orqanlarında həyati təhlükə əxz edən heç bir problem aşkarlanmayıb.
Döyüldükdən sonra mübarizə əzminin daha da artdığını bildirən Əli Kərimli onun və Milli Şuranın çağırışına qoşulan çoxminli aksiya iştirakçılarına təşəkkür edib.
Hakimiyyət isə onu və Milli Şuranı qanunu pozmaqda və təxribat törətməkdə günahlandırır.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzovun fikrincə, dünən “özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərini pozaraq qeyri-qanuni şəkildə onlar üçün müəyyən olunmuş yerdə deyil, tamamilə başqa yerdə mitinq keçirməyi planlaşdırmışdılar”.
“Report”a açıqlamasında istər Bakı Şəhər İcra Hakimiyyətinin, istərsə də hüquq mühafizə orqanlarının ərazinin mitinq keçirmək üçün münasib yer olmadığını bəyan etdiyini xatırladan Siyavuş Novruzov mitinq təşkilatçılarının nəzərinə qanunları çatdırıb:
“Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda göstərilir ki, mitinq yalnız digərlərinin hüquqlarının pozulmasına yol açmayan yerlərdə keçirilə bilər. Amma onların təxribat yaratması səbəbindən insanların nəqliyyat hüququ pozuldu, habelə üç metro stansiyanın fəaliyyəti dayandırıldı, çox sayda avtobusun marşrut istiqaməti dəyişdirildi”.
Hüquq elmləri üzrə fəlsəfə doktoru olan S.Novruzova görə, onlar mitinq yox, təxribat həyata keçirməyi planlaşdırırmışlar: “Xalq da bunu başa düşdü və gördü. İnsanlar gördü ki, onların məqsədi hər hansı məsələyə etiraz etmək yox, qarşıdurma yaratmaq, Azərbaycanın artan nüfuzuna, beynəlxalq aləmdə gördüyü işlərə, Ermənistanla bağlı Azərbaycanın irəli sürdüyü və dövlət başçısı İlham Əliyevin qətiyyətli şəkildə ortaya qoyduğu erməni separatizminin ifşa olunması və sair nəzərə alıb qarşıdurma yaratmaq istəyi idi. Təbii ki, bu, onlar üçün erməni lobbisi, ayrı-ayrı fondlar, təşkilatlar və dövlətlər tərəfindən bir tapşırıq idi. Onlar nəyin bahasına olursa-olsun, Azərbaycanda qarşıdurma yaratmalı idilər. Ötən dəfə keçirilən piketdə də şahidi olduq ki, ayrılmış yer bir tərəfə qalaraq tamamilə başqa istiqamətdə təxribat törətməyə cəhd göstərdilər. Azərbaycan əhalisi çox yaşa başa düşür ki, indi 90-cı illər deyil. Odur ki, heç kim onların təxribatına uymur”.
Ovqat.com