Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.
Müşavirədə 2019-cu ilin doqquz ayının sosial-iqtisadi yekunları və 2020-ci ilin dövlət və icmal büdcəsi layihələri müzakirə edilib.
Prezident İlham Əliyev müşavirədə çıxış edib.
Ölkə başçısı Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə danışıb.
O bildirib ki, Azərbaycan Dünya Bankının nüfuzlu “Doing Business” hesabatında biznes mühitinə görə dünya miqyasında 25-ci yerdədir.
Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb.
Hesabatda göstərilib ki, Azərbaycan əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb.
Bakının kadastr xəritəsinin tərtib olunması və paytaxtda hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, mövcud sənədləşmənin təkmilləşdirilməsi sürətlənib.
Eyni zamanda, daşınmaz əmlak prosedurlarının çevikliyi artıb. Bunun nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənib.
Hesabata görə, minoritar investorların hüquqlarının müdafiəsi tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyətin direktorlar üzərinə qoyulmasından sonra güclənib.
Hesabatda qeyd olunub ki, Azərbaycanda kommersiya ilə bağlı mübahisələr yarandıqda tərəflər onlayn olaraq müraciət göndərə və vasitəçilik etmək üçün maddi stimul əldə edə bilərlər.
Ölkə başçısı Davos Ümumdünya İqtisadi Forumunun bu ilin 8 oktyabrında nəşr edilən “Qlobal Rəqabətlilik İndeksi”nə də diqqət çəkib.
Qeyd edək ki, Azərbaycan bu hesabatda 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci yerdə qərarlaşıb.
Hesabat dünya miqyasında mötəbər sayılır. Beynəlxalq təşkilatlar, investor və sahibkarlar, müstəqil beyin mərkəzləri tərəfindən istinad mənbəyi kimi istifadə olunur.
Hesabat 12 istiqaməti özündə ehtiva edir: İnstitutlar, infrastruktur, informasiya texnologiyaları, makroiqtisadi vəziyyət, səhiyyə, təhsil, istehlak məhsulları bazarı, əmək bazarı, maliyyə sistemi, bazar həcminin genişliyi, biznesin dinamikliyi və innovasiya.
Azərbaycan 12 göstəricidən səkkizi üzrə irəliləyərək MDB ölkələri arasında lider mövqelər sırasında qərarlaşıb.
Hər 12 indikator müxtəlif sub-indikatorlara bölünür, ümumi nəticənin hesablanmasını əks etdirir.
Azərbaycan institutlar indikatoru üzrə doqquz pillə irəliləyib. Ölkəmizdə məhkəmə-hüquq, hüquq-mühafizə orqanları, terrorizmlə mübarizə, polisə etimad, büdcə şəffaflığı və hesabatlılığı, məhkəmələrin müstəqilliyi, media azadlığı, mülkiyyət və intellektual mülkiyyətin qorunması, əmlak idarəetməsi, korporativ idarəetmə, hökumətin uzun müddətli strateji baxışı və elektron-hökumət istiqamətləri yüksəliş balları əldə edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analizində bildirilir ki, bu sub-indikatorlar institutlar indikatorunun tərkib hissəsidir. Və son nəticəni hesablayaraq reytinqi müəyyənləşdirir.
İnfrastruktur indikatoru ikinci göstəricidir. Bura yolların effektivliyi, keyfiyyəti, dəmiryolu, hava yollarında effektivlik, keyfiyyət və əlaqələndirmə, kommunal infrastrukturun keyfiyyəti, elektriklə təchiz olunma səviyyəsi, əhalinin təmiz su ilə təmin olunması daxildir.
Azərbaycan bu indikatorda səkkiz pillə irəliləyərək 77,4 balla dünya ölkələri arasında 38-ci mövqedə qərarlaşıb.
Azərbaycan makroiqtisadi vəziyyəti özündə ehtiva edən “makroiqtisadi sabitlik” indikatoru üzrə 23 pillə irəliləyib.
Belə ki, inflyasiya və borc dinamikası əsasında hesablanan indikator üzrə bu səviyyədə irəliləyən yeganə ölkə Azərbaycandır.
“Ölkədə təhsil və insan kapitalının son vəziyyətini əks etdirən indikatora hesabat “Bacarıqlar” adı altında hesablayır. Orta təhsilin keyfiyyəti və təhsil alan şagirdlərin oxuma dövrü, məzun olan şəxslərin şəxsi inkişafları üzərində işləməsi, aktiv əhali arasında rəqəmsal bacarıqlar üzrə ölkəmiz altı pillə irəliləyib”, - deyə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analizində qeyd olunub.
Ticarət və gömrük siyasətini özündə əks etdirən “əmtəə bazarı” göstəricisi ii sub-indeksə bölünərək müvafiq olaraq ölkə daxili rəqabət və ticarət açıqlığını hesablayır. Göstəricinin hesablanma istiqamətləri bazarlarda inhisarçılıq və onun səviyyəsi, xidmət sektorunda rəqabətlilik, qeyri-tarif tənzimləmə tədbirləri, ticarət tarifləri və sərhəd keçid məntəqələrində gömrük rəsmiləşdirilməsinin çevikliyindən ibarətdir.
Azərbaycan “əmtəə bazarı” göstəricisi üzrə 14 pillə irəliləyərək yuxarıda göstərilən parametrlər üzrə yüksək bal əldə edib.
İşçilərin və əmək resurslarından səmərəli istifadəni özündə əks etdirən “əmək bazarı” indikatoru üzrə son illər ciddi islahatlar aparılıb ki, bu islahatların bir çox hissəsi qanunvericilik dəyişikliklərindən və institutsional islahatlardan ibarətdir.
“Qlobal Rəqabətlilik İndeksi” bu istiqaməti təzminat xərcləri, işəgötürmə və işdən çıxarma, işçi-işə götürən arasındakı münasibətlər, əməkhaqqı müəyyənləşməsində çeviklik və ədalətlilik, əcnəbi işçilərin işə qəbulunun asanlığı, peşəkar idarəetmədə təhvil vermə mədəniyyəti, işçi qüvvəsində qadınların iştirak səviyyəsi və əmək haqqından tutulan vergi dərəcəsindən ibarətdir.
“Əmək bazarı” üzrə Azərbaycan 19 pillə irəliləyərək dünya ölkələri arasında 21-ci mövqedə qərarlaşıb. Bundan əlavə, əmək siyasətinin daha çevik həyata keçirilməsi üzrə 0-100 bal şkalasında 69,4 bala malikdir.
“Biznesin dinamikliyi” və “innovasiya” son iki göstərici kimi təhlil oluna bilər. Azərbaycan bu kateqoriyalarda müvafiq olaraq səkkiz və üç pillə irəliləyərək ölkəmizin biznes mühitinin inkişafı istiqaməti üzrə aparılan intensiv islahatlara adekvat cavab verib.
Sahibkarlıq risklərinin tənzimlənməsi, ölkə üzrə müflisləşmə, biznesə başlamaq üçün sərf olunan zaman, elm-tədqiqat xərcləri, patent müraciətləri, tədqiqat institutlarının sayı və keyfiyyəti, biznesdə innovativ yeniliklərin tətbiqi üzrə Azərbaycan dünya ölkələri arasında yüksək bal əldə etmiş reytinqə malikdir.
Yalnız biznesin dinamikliyi üzrə Azərbaycan 141 ölkə arasında 31-ci mövqedə qərarlaşıb.
Ölkə başçısı müşavirədə deyib ki, bu hesabat Azərbaycanda aparılan islahatların ardıcıl xarakter daşıdığının göstəricisidir.
“Bütün bunlar, əlbəttə ki, gördüyümüz işlərə verilən yüksək qiymətdir. Ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir. Bu yaxınlarda aparılan sorğuya əsasən demək olar ki, əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir”, - deyən Prezident ölkədə islahatların davam edəcəyi anonsunu da verib:
“Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır. Biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatları aparırıq. Ancaq buna baxmayaraq, əlbəttə, bir daha demək istəyirəm ki, istifadə olunmayan kifayət qədər ehtiyatlar var və biz bu ehtiyatları aşkar etməliyik.
Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır”.