Rusiyanın Xəzərdə intensiv təlimlər həyata keçirməsi təsadüfi deyil.
Hərbi ekspert Üzeyir Cəfərov Redaktor.az-a açıqlamasında Rusiyanın Xəzərdə böyük hərbi təlimə start verməsinə münasibət bildirib.
Ü. Cəfərov hesab edir ki, Rusiya Federasiyası Xəzər hövzəsində öz hegemonluğunu təmin etməyi qarşısına məqsəd qoyub:
“Bunun üçün də Xəzərə son illərdə çox böyük önəm verirlər. Xəzərdə həyata keçirdiyi işlər onun burada başqa məqsədləri olduğundan xəbər verir. Bunu Rusiyanın siyasi-hərbi rəhbərliyi daha yaxşı bilir. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin Müdafiə naziri Şoyqu ilə görüşündə ona birbaşa göstəriş vermişdi ki, Xəzər donanması ən müasir avadanlıqlar və texnika ilə təmin edilsin. Bu istiqamətdə də Rusiya son illərdə çox böyük işlər görüb. Belə ki, Rusiya tərəfi qısa müddətdə Xəzər donanmasına yeni sürətli katerlər, gəmilər, o cümlədən rabitə və müasir nəqliyyat avadanlıqları alıb. SSRİ dağılandan sonra qırmızı bayraqlı Xəzər donanması öncə Həştərxana, daha sonra isə Dağıstanın Kaspiysk şəhərinə köçürülüb. Hazırda böyük bazanın genişləndirilməsi işləri həyata keçirilir”.
Hərbi ekspert istisna etmir ki, Xəzərlə bağlı Rusiyanın gələcək planları var:
“Buna görə də onlar İran və Azərbaycanla bu istiqamətdə rəqabət aparırlar. İstənilən halda Rusiya Xəzərlə bağlı məsələlərdə militarist əhval-ruhiyyədən uzaq olmalıdır. Xəzərdə vəziyyətin gərginləşməsinin əvəzinə yumşalmasına xidmət edəcək addımlar atılmalıdır. Xəzərlə bağlı məsələlərdə Azərbaycan da narahatlığını dilə gətirməlidir”.
Ü. Cəfərov vurğulayıb ki, əslində Xəzərlə bağlı çox böyük gərginliklər var:
“Bu gərginliklərin aradan qaldırılması üçün ilk növbədə Rusiya addımlar atmalıdır. Xəzərlə bağlı Xəzəryanı ölkələr arasında hələ də tam razılaşma ortada yoxdur. Bütövlükdə Xəzərlə bağlı 5 ölkənin də özünəməxsus iddiaları var. Amma Rusiyanın son vaxtlar Xəzərlə bağlı atdığı addımlar o qədər də ürəkaçan deyil. Kreml bir qədər sakitləşməlidir. Çünki Rusiyanlın atdığı addımlar vəziyyətin gərginləşməsinə xidmət edir. Bu da ölkələr arasında müəyyən narahatlıqlar yaradır”.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsində genişmiqyaslı komando-qərargah təlimi start götürüb. Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatına görə, təlimdə 8200 nəfər hərbçi, 2500 hərbi texnika, 30 təyyarə, 60 vertolyot, 100 tank iştirak edəcək.