Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏLİYEVƏ,
Azərbaycan Respublikasının Baş naziri cənab N.Məmmədova,
Azərbaycan Respublikasının Səhiyyə naziri cənab O.Şirəliyevə,
Azərbaycan Respublikasının Ombudsman Aparatının sədrinə,
Şəki rayonun Baş Göynük kənd sakini, kənd Həkim Məntəqəsinin təcili yardım sürücüsü, müharibə veteranı Vəliyev Faiq Hüseynbala oğlu tərəfindən
Ə R İ Z Ə
Atam Hüseynbala Vəliyev ömrünün 40 ilini Baş Göynük kənd xəsətəxanasının təcili yardım avtomobilinin sürücüsü işləmiş və təqaüdə çıxdıqdan sonra peşəsini davam etdirmək üçün sükanı mənə vermişdir. Və hal-hazırda idarə etdiyim 99 JU 207 dövlət qeydiyyatı olan, 1984-cü il buraxılışlı UAZ markalı təcili yardım avtomobilini atam 20 il işlətdikdən sonra indi mən 15-ci ildir ki, birtəhər idarə etməyə çalışıram. Niyə birtəhər? Ona görə ki, son 3- ilə qədər rayonumuzun həm əhalisinə ( 10000 nəfər), həm də ərazisinə görə ən böyük kəndi olan Baş Göynük kəndinin asfalt yolu olmamış, insanlarımız uzun müddət yolsuzluqdan əziyyət çəkmişdir. Belə bir vəziyyətdə 36 il fasiləsiz istifadə olunan bir köhnə UAZ-ın hansı texniki vəziyyətdə olmasını məncə izah etməyə ehtiyac qalmır. Digər tərəfdən bu ilin mart ayına kimi sürücü kimi əmək haqqım 150 manat olmuşdur. Baxmayaraq ki, Şəki şəhərində fəaliyyət göstərən təcili yardım avtomobil sürüvcülərinin əmək haqları nədənsə bizimkindən 3 dəfə artıq, yəni 450 manat hesablanırdı. Amma eyni işi görürdük. Hətta kənd təcili yardım avtomobillərinin işi nisbətən daha çətin olurdu. İş ondadır ki, indi idarə etdiyim avtomobilin texniki cəhətdən tam yararsız vəziyyətdədir. Mühərrik normadan dəfələrlə artıq yağ işlədir, kuzanın sol bortu tamamilə çürümüşdür, ötürücü mexanizmi çox pis işləyir, təkərlərin vaxtı keçmiş, keyfiyyəti itmiş vəziyyətdədir. Dəfələrlə, istər vəfat etmiş şəxsləri morqa apararkən, istərsə də ağır xəstələri şəraiti olmayan həkim məntəqəsindən Şəki Mərkəzi Xəstəxanaya apararkən yolda avtomobilin hissələri sınıb qalmışıq. Nə rəhmətlik atamın dövründə, nə də indi mənim vaxtımda dövlətin ən vacib hesab edilən təcili yardım avtomobili üçün reallıqda heç bir detalı yenisilə əvəzlənməyib, hamısını öz cibimin xərcilə birtəhər yoluna qoyub avtomobili işlətmişəm. Bir balaca əvvəlki baş həkimlərə ehtiyat hissəsi üçün müraciət edəndə dərhal cavabım bu olurdu ki, işlədə bilmirsənsə get açarı təhvil ver. Mən də əlacsızlıqdan hər il şəxsi təsəsrrüfatımda bəslədiyim danaları böyüdüb satır və ən vacib detalları alıb avtomobili birtəhər işlədirdim. Doğrudur, baş həkimlərim mənim bu əziyyətimi görüb, işdən sonra şəxsi təsəsrrüfatım üçün, həm də məclislərə sərnişin daşınması üçün avtomobildən istifadə etməyimə imkan verirdilər. Sağ olsunlar. Amma yenə də çox vaxt təcili yardım avtomobilim nasaz olduğundan yolda xarab olub qalırdı və xəstə sahibləri düşüb avtomobili itələməyə məcbur olurdular. Buksirlə xəstəni həkimlərə çatdırmalı olurduq. Yəni, təcili yardım avtomobilinin özünə vətəndaşlar yardım etməli olurdular. Digər tərəfdən amorttizator sistemi işləməyən avtomobilim xəstələrin vəziyyətini bir az da pisləşdirir. Nəinki xəstə, hətta sağlam vətəndaşlar rayon mərkəzinə çatana qədər həmişə özlərini birtəhər hiss ediblər. Son vaxtlar vəziyyət bir azda mürəkkəbləşib. Beləki, kənddə olan qoca və ağır xəstələrin vaxtında və operativ olaraq rayon mərkəzinə çatdırılması işi Baş Göynük kənd Həkim Məntəqəsinin işini təcili yardım avtomobilinin olmaması ucbatından mürəkkəbləşdirir ( ölüm halları artır) və yerli sakinlərin narazılığı artmaqda davam edir.
14 aprel 2019-cu ildə zonada 20000 insanın sağlamlığına cavabdeh olan Həkim Məntəqəsinin təcili yardım avtomobililə təchiz olunması məsləilə bağlı müraciətim Şəki Rayon Mərkəzi Xəstəxanasında müzakirə edilmiş və 14 may 2019-cu il tarixli cavab məktubunda bildirmişlər ki, həqiqətən kəndin təciliyardım avtomobili tam yarasız vəziyyətdədir və yeni avtomobilin ayrılması üçün aidiyyatı təşkilatlara müraciət olunduğu bildirlir. Amma nə fayda. 3 aydır ki, Səhiyyə Nazirliyi Şəki Mərkəzi Xəstəxanasına bu məsləilə bağlı cavab vermir. Sanki insane taleyi kibrit qutusu imiş.
Odur ki, Cənab Prezident, cənab Baş nazir və cənab səhiyyə naziri, Mən əsasən xəstə insanlarımızın əzab-əziyyətdən, ölümdən qurtarması və rahat formada 30 km məsafədə yerləşən Şəki Mərkəzi Xəstəxanasına vaxtında çatdırılması üçün işimi itirmək riskilə Sizlərə təkrar xahişlə müraciət edirəm. İmkan varsa, Şəki rayonun Baş Göynük kənd Həkim Məntəqəsinin 36 yaşlı tam yarasız vəziyyətə düşmüş təcili yardım avtomobilini nizbətən yararlı digər avtomobillə əvəz edilməsinə köməklik göstərəsiniz. Əvvəlcədən təşəkkürlər.
Qarabağ müharibəsi veteranı: Vəliyev Faiq Hüseynbala oğlu (sürücü) 050-5572306