Şəki Xan Sarayına giriş bərpa olunub.
"Report"un əldə etdiyi məlumata görə, sarayda baş vermiş hadisədən sonra Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Turizm Agentliyi və Baş Prokurorluq tərəfindən həyata keçirilən müvafiq araşdırma və bərpa işləri başa çatıb.
Bununla da bu gündən etibarən saray turistlərin ixtiyarına verilib.
Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşməsi nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır. Hadisə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından biri xəstəxanada dünyasını dəyişib. Hadisədən sonra Dövlət Turizm Agentliyinin rəhbərliyinin qərarı ilə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bağlanıb.