“Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun ailəsinə məxsus hotel, evlər və başqa obyektlər əlindən alınıb. AzadlıqRadiosu xəbər verir ki, Mərkəzi Bankın iddiası əsasında Səbayel Rayon Məhkəməsi bu barədə qərar çıxarıb.
Qərardan yuxarı instansiya məhkəmələrinə şikayətlər verilsə də, nəticə olmayıb. Bu yaxınlarda Ali Məhkəmə məsələyə son nöqtəni qoyub: aşağı instansiya məhkəmələrinin qərarları dəyişdirilmədən qüvvədə saxlanılıb.
Müsadirə olunan əmlaklar bunlardır: paytaxtın Nərimanov rayonunda yerləşən hotel - “Ramada Hotel & Suites Baku”, metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən 3 min kvadrat metrlik qeyri-yaşayış sahəsi, Nərimanov rayonunda biri dörd (460 kvadrat metr), digəri isə üç (320 kvadrat metr) mərtəbəli olmaqla, iki fərdi yaşayış evi.
Evlər Hafiz Məmmədovun oğlu Kənan Məmmədovun mülkiyyətində olub. Yeddi mərtəbəli hotelin rəsmi sahibi isə Məmmədova Yeganə Sabir qızı idi. “Nizami” metro stansiyasının yaxınlığında - Şamil Əzizbəyov küçəsi 88 ünvanında yerləşən obyektin mülkiyyət hüququ “KSM Property” MMC-yə məxsusdur. “KSM Property” isə H.Məmmədovun oğlanlarına məxsus KSM Şirkətlər Qrupuna daxildir.
Hafiz Məmmədovun rəhbərlik etdiyi “Baghlan Group”un hüquqi ünvanı da Ş.Əzizbəyov 88-dir.
Mərkəzi Bankın məhkəmə iddiasına səbəb isə vaxtilə “Bank of Azerbaijan”a ayrılmış kreditlərdir. Bu bank isə H.Məmmədovun ailə üzvlərinə məxsus idi. Üç fiziki səhmdardan ikisi - Kənan və Sənan Məmmədovlar iş adamının övladları, Mübariz Məmmədov isə qardaşıdır. Hüquqi səhmdar isə “NEM Holding”dir.
Söhbət üç kredit müqaviləsi üzrə ümumilikdə 55 milyonluq kredit borcundan gedir. Bunun da 50 milyonu əsas borc, 5 milyonu faizlərdir. Bu kreditlər 2013-cü ilin aprel, iyun və iyul aylarında ayrılıb.
Qeyd edək ki, “Hafka” Azərbaycanda hər zaman gündəmə gələn iş adamlarından sayılır və adı daha çox qalmaqallarda keçir. Vaxtilə sabiq nəqliyyat naziri Ziya Məmmədovla qarşıdurmasından sonra onun eniş dövrü yaşadığı və bugünkü vəziyyətə düşdüyü yönündə fikirlər var.
Hafiz Məmmədov 2 dekabr 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 1981-ci ildə Naxçıvan şəhəri 3 saylı orta məktəbi, bundan dörd il sonra isə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu mühasib ixtisası ilə bitirib. Sonra müxtəlif vəzifələrdə çalışıb.
2001-ci ildən “Baghlan General Traiding” MMC-də baş menecer vəzifəsində fəaliyyətə başlayıb. 2003-cü ildən bu günədək “Baghlan Group FZCO”nun prezidenti vəzifəsində çalışır. 2004-cü ilin noyabr ayından etibarən “Bakı” Futbol Klubunun prezidenti, 2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür. Rus və ingilis dillərində sərbəst danışır. Ailəlidir, 3 övladı var.
H.Məmmədova güzəştsiz münasibətlə bağlı müxtəlif iddialar, ehtimallar səsləndirilir.
Hüquqşünas Əkrəm Həsənov deyir ki, Hafiz Məmmədovun və ailə üzvlərinin kredit borcuna görə mülklərinin əllərindən alınması normaldır: “Kiminsə borcu varsa, həmin şəxsin əmlakları hesabına bağlanmalıdır. Onu tanıyan tanışlarım var və onlar Hafiz Məmmədovun sahibkarlığa xas olmayan açıqlığından, səxavətindən danışırlar. Bəzən hətta sadəlövhlüyündən belə söz açırlar. Onun adına olan borclar vaxtilə ”Bank of Azerbaijan"ın onu aldatması yolu ilə əmələ gələn borclardır. Yaxud da Beynəlxalq Banka olan borclarıdır ki, sadəlövhlüyündən sənədləri oxumadan qol çəkməsi və ya yaxınlarına inanaraq onların sözləri əsasında hərəkət etməsi yolu ilə əmələ gəlib. Məndə olan təəssüratdan çıxış edərək belə deyirəm. Bütün bunlar heç bir halda onun mülki məsuliyyətini azaltmır. O, hər bir halda sahibkardır. Sahibkar deyə bilməz ki, məni aldatdılar və buna görə borcu qaytarmıram. Hafiz Məmmədovu aldadan şəxslər var ki, onların sırasında Ziya Məmmədovun da adı çəkilir. Oxuduqlarımı deyirəm. O, borcları ödəmək məcburiyyətində qalıb. Hafiz Məmmədovun “vurulması” ilə bağlı məsələyə gəlincə, deyə bilərəm ki, bunun əksini hesab edirəm. Əgər onun yerində başqa adam olsaydı, çoxdan artıq əlindən hər şeyini almışdılar. Onu demək mümkündür ki, ona pul atılıb və bu da onun üzərində qalıb. Amma hər bir halda üstündə qalıbsa belə, borcları ödəmək məcburiyyətindədir. Başqası olsaydı, yəqin çoxdan azadlıqdan məhrum olunmuşdu. Çünki hazırda Azərbaycanda borcu çox olan şəxslərə qarşı fərqli mövqe var. Burada söhbət daha çox dövlət banklarından gedir. Bu baxımdan hesab edirəm ki, Hafiz Məmmədova qarşı münasibət elə də pis deyil. Onu aldadan şəxslərə qarşı yaxşı olar ki, hüquqi yollarla mübarizəsini aparsın".
Ə.Həsənovun fikrincə, həm sıravi insanlar, həm də sahibkarlar işlərində ciddi olmalıdırlar: “Sahibkarlarla bağlı Azərbaycanda çox ciddi problemlər var ki, bu da səbəbsiz deyil. Çünki vaxtilə sənədləşdirmə işini düzgün aparmayıblar. Gərək işlərini düzgün qurardılar. Hafiz Məmmədovun başına gələnlərdən hər kəs nəticə çıxarmalıdır”.
“Yeni Müsavat”