Ağdamdan olan məcburi köçkün Hüseynova Samirə Şahin qızı dələduzluqla üzləşib.
Redaksiyamıza daxil olan şikayət məktubunda Samirə Hüseynova Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Şirvan Regional Dövlət Avtomobili Xidmətinin rəisi işləyən İlyasov Elsəvər Zahid oğlunun ona qarşı dələduzluq etdiyini yazıb.
Şikayət ərizəsinə görə, Elsəvər İlyasov məcburi köçkün olduğu üçün dövlət tərəfindən S.Hüseynovaya verilən mənzili sataraq, pulunu mənimsəyib.
"Elsəvər İlyasovla 6-7 ildir tanışıq. Onunla birlikdə ailə kimi yaşayırdıq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Şirvan Regional Dövlət Avtomobili Xidmətinin rəisi işləyirdi, özünü imkanlı şəxs kimi təqdim etmişdi. Mən Şirvan şəhərində Elsəvərin yanında olanda onun işçiləri olan Nicat və Rəşad adlı şəxs hər gün çantalarda pulları gətirir, aralarında bölüşdürürdülər”, - deyə şikayətçi bildirib.
S.Hüseynova E.İlyasovun ailəli olduğunu sonradan öyrənib. Lakin artıq gec idi, çünki E.İlyasov ona məxsus mənzilin pulunu mənimsəyibmiş: "Elsəvər Qaçqınkom tərəfindən mənə verilmiş evimi satdıraraq, 8,800 manat pulu və 5670 manat dəyərində kosmetik mallarımı mənimsədi”.
Sonra Elsəvər İlyasovla həyat yoldaşı Raya Səfərova, həmçinin, Nicat və Rəşad adlı şəxslər S.Hüseynovanı vəhşicəsinə döyüb. Xəstəxanaya düşən Hüseynova prokurorluğa şikayət etsə də, E.İlyasovun təhdidlərindən sonra ərizəsini geri götürüb.
Artıq 2 ildir S.Hüseynova E.İlyasovun mənimsədiyi pulu geri ala bilmir.
Şikayət ərizəsində E.İlyasovun vəzifəsindən sui-istifadə edərək, dövlət əmlakını talaması və özünə mülklər alması haqqında da ətraflı qeyd olunur. (Şikayət ərizəsi əlavə olunur).
S.Hüseynova hazırda dövlətin verdiyi evin E.İlyasov tərəfindən mənimsənildiyi üçün küçələrdə qaldığını qeyd edir. O, yalnız Prezident İlham Əliyevə ümid etdiyini və dövlət başçısından kömək istədiyini deyir.
Qlobal.az