Moderator.az redaksiyasına AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyevanın “İdris Abbasova cavab” adlı yazısı daxil olub. Yazını olduğu kimi, nəzərinizə çatdırırıq:
“Son zamanlar bəzi elektron nəşrlərdə “İzahlı dilçilik terminləri lüğəti” ilə bağlı qeyri-peşəkar mütəxəssislər tərəfindən düzgün olmayan fikirlər tirajlanır. Lüğət 2018-ci ilin yanvar ayından dekabrın 5-dək ayrı-ayrı qəzetlərdə, jurnallarda və televiziyada yüksək səviyyədə dəyərləndirilmişdir. Plagiat olduğunu iddia edənlər niyə bu qədər vaxtdan sonra ucuz yollarla bu lüğəti hədəf alırlar? Onların bu “təşəbbüskarlıq”ları hansısa şəxsi zəmindəki ədavətlərindən qaynaqlanır. Nəzərə alsaq ki, lüğətin rəyçiləri Azərbaycan dilçiliyinin görkəmli simalarından akademik Nizami Cəfərov və Əməkdar elm xadimi, professor Qəzənfər Kazımovdur, onda lüğətin sanballılığı və elmiliyi barədə gəlinən qənaət hamıya məlum olar. Qeyd etmək lazımdır ki, İdris Abbasov yalnız lüğətlə bağlı qərəzli fikirlərini əsaslandırmaq üçün adlarını tez-tez çəkdiyi akademik Möhsün Nağısoylu və İsa Həbibbəyliyə qədər, müxtəlif şöbələrdə, o cümlədən Monito¬rinq şöbəsində dünya şöhrətli alim “Ağamusa Axundov başdan ayağa plagiyatçılıqla məşğul olduğu halda necə akademik olub və ali adlara layiq görülüb?” – deyə əsassız iddialarını yazdığı vərəqələrdən pafosla oxuyur, lakin özünə həmkar toplaya bilmirdi. Ən böyük və qəbulolunmaz “günah” isə ustadına kəm baxan İdris Abbasovun akademik Vasim Məmmədəliyev haqqında “Ərəb dilçiliyi” dərsliyinin plagiat olması ilə bağlı uydurma yazıları idi. Eləcə də bütün bunlarla yanaşı, diqqəti AMEA Nəsimi adına Dilçilik İnstitutunun 24 aprel 2019-cu il tarixli Elmi şurasında baş verənlərə yönəltmək istəyirəm. Həmin Elmi şuraya adəti üzrə təxminən yarım saata qədər gecikən şöbə müdiri İ.Abbasov arxa sıralardan birində oturdu. Əvvəlki iclaslarda olduğu kimi, yerindən saymazyana atmacalar atan İ.Abbasov vaxt itirmədən gizli video-çəkilişə başladı. Bundan xəbər tutan sədr (akademik M.Nağısoylu) etirazını bildirərək telefonu söndürməyi xahiş etdi. “Özümü qorumaq üçün video-çəkiliş aparıram” – deyib israrla davam edən İ.Abbasov sədrin və Elmi şura üzvlərinin etirazlarına baxmadı, əvəzində isə “Burada siz anti-dövlət işlərlə məşğul olursunuz” deyə məntiqsiz, Elmi şuranın gedişinə dəxli olmayan münasibətini açıq-aşkar büruzə verdi. Fasilədə İ.Abbasova Həmkarlar Komitəsinin sədri kimi yaxınlaşaraq “həm özünüzü, həm sədri, həm də Elmi şura üzvlərini əsəbləşdirmiş və təhqir etmiş oldunuz, buna lüzum vardımı? Elmi şuranı çəkmək nə dərəcədə düzgündür?”- deyə soruşdum. O isə aman vermədən “siz direktoru müdafiə edirsiniz? Təəssüf edirəm və s.” deməklə özünəməxsus ironiya ilə cavab verdi.
Yeri gəlmişkən, Həmkarlar Komitəsinin sədri kimi işə davamiyyət və gündəlik saatları nəzərdən keçirdikdə şahidi oldum ki, həm İ.Abbasov, həm də həyat yoldaşı E.Abbasova bütöv ay üzrə cəmi bir neçə saat işdə olmuşlar və mütəmadi olaraq hər ikisinə aid xəstəlik kağızı təqdim olunmuşdur (son 6 ayın konkret rəqəmləri təqdim oluna bilər). Heç bir xəstəliyi müşahidə olunmayan, işi yalnız evdə oturub qeyri-ciddi saytlara yalan və böhtan dolu yazılar təqdim etməkdir. Hər il olduğu kimi, 2018-ci ildə Nəsimi adına Dilçilik İnstitutunda verilən ümumi hesabatda da öz əksini tapmış statistik göstəricilərə görə onlarla kitab və monoqrafiyaları çap olunmuş, əməkdaşları uğurla və yüksək göstəricilərlə müxtəlif beynəlxalq və respublika səviyyəli konfranslarda, simpoziumlarda və s. tədbirlərdə təmsil olunmuşlar. Ölkə rəhbərliyinin müvafiq fərman və sərəncamlarını uğurla icra edən Nəsimi adına Dilçilik İnstitutunun elmi fəaliyyətinə İ.Abbasovun saytlarda verdiyi məlumat “kölgə” salmaqdan ibarətdir. Bu uğurları görmək istəməyən “söz pəhləvanı” öz məlum böhtan və məkr dolu yazısında İnstitutun direktoru barədə xoşagəlməz rəy yaradaraq onu yüz minlərlə vəsaiti mənimsəməkdə təqsirləndirir. Elmi ezamiyyətlərə, beynəlxalq konfranslara belə öz vəsaiti ilə gedən zəhmətkeş, sadə və olduqca təvözökar, gəldiyi gündən institutumuzda böyük sabitlik yaradan bir elm adamı haqqında böhtan dolu fikir irəli sürmək, heç şübhəsiz, “günah”dır. Məlumunuz olsun ki, İ.Abbasov sami dilləri üzrə “ixtisaslaşmasına” və o sahədə elmlər doktoru kimi yetişməsinə baxmayaraq, institutumuzda Nəzəri dilçilik şöbəsinin müdiridir və özünün də dəfələrlə, o cümlədən Elmi şuraların birində etiraf etdiyi kimi, bu şöbənin fəaliyyətini və görməli olduğu işləri indi-indi dərk edir.
Heç bir lüğəti olmayan, tərtibat qaydalarından xəbəri olmayan İ.Abbasov necə plagiatlıqdan danışa bilər?! Lüğət tər-tib olunur. Tərtibat əsərində plagiatlıq axtarmaq olarmı? İndi müqayisə etdiyi Fəxrəddin Veysəllinin “Dilçilik ensiklopediyası”nı vaxtilə plagiat hesab edən və Fəxrəddin Veysəllinin O.Axmanovanın əsərini oğurladığını deyən İ.Abbasov niyə indi onu tərifləyir?! Nəsimi adına Dilçilik İnstitutuna gəldiyi gündən heç bir elmi fəaliyyətlə məşğul olmayan, mütəmadi olaraq keçirilən dəyirmi masa, elmi sessiya və konfranslarda indiyə qədər, bir dəfə də olsun, belə çıxış etməyən İ.Abbasovun hər hansı bir elmi diskusiya aparması və müvafiq fundamental lüğət barədə ciddi elmi yanaşması, əlbəttə ki, qeyri-mümkündür. Əvəzində isə ayrı-ayrı şöbə müdirlərinə, kifayət qədər tanınmış və tədqiqatlar aparmış alimlərə kobud və təhqiramiz ifadələrlə müraciət edən, onları sosial şəbəkələrdə və qeyri-ciddi saytlarda aşağılayan İ.Abbasov haqqında ciddi ölçü götürməyin, layiq olduğu “dərsi” verməyin zamanı deyilmi? Bu “dərs”, hesab edirik ki, onun indiyə qədər almış olduğu “dərs”lərin davamı olacaq, amma çox təəssüf ki, gecikmiş davamı!..
Sevinc Əliyeva, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru”.