Axtarış...

Masallıda səhiyyə sistemi necə iflic olub... - İDDİA

Masallıda səhiyyə sistemi necə iflic olub... - İDDİA

Masallı kimi önəmli bir cənub bölgəsinin neqativ hallar məngənəsində çabalayan səhiyyə şəbəkəsindəki xoşagəlməz hallar barədə, ölkə mətbuatının səhifələrində uzun müddətdir kəskin tənqidli materiallar dərc olunur. Rayon səhiyyəsinin rəhbəri və Mərkəzi Xəstəxananın baş həkimi olan Cəlil Nəzərov da, fəaliyyətində müşahidə olunan müxtəlif qanun pozuntularına dair açıqlamalarla medianın gündəmindən düşmür. Etdiyi ağlasığmaz qanunsuzluqlar, həyata keçirdiyi maxinasiya və mənimsəmə əməliyyatları haqqında nələr yazılmayıb?! Onun yaxşı və ya müsbət yöndən olan hansısa fəaliyyətindən danışan media orqanı tapmaq da çətindir. Barəsində yalnız bu cür yazılara şahidlik etsək də, Cəlil Nəzərov toxunulmaz bir bəlaya çevrilib. Baş həkimi qoruyan, arxasında duran hansısa "qüvvə" onun əl-qolunun daha geniş açılmasına böyük imkanlar və münbit şərait yaradır.
Sözügedən bu böyük səhiyyə şəbəkəsindəki xoşagəlməz hallar, rəhbərinin qanunsuz əməlləri barəsində araz.az saytında da silsilə yazılar dərc etmişik. Redaksiyamıza daxil olan şikayət xarakterli saysız-hesabsız müraciətlərdə göstərilənlər və jurnalist araşdırmalarımız bir daha təsdiq edib ki, bu xoşagəlməzliklərin əsas günahkarı Cəlil Nəzərovdur!..
...Redaksiyamıza ünvanlanan son şikayət məktublarının da əsas məğzi ondan ibarətdir ki, Azərbaycan səhiyyəsində aparılan son önəmli islahatlar da, buradakı durumu düzəldənə oxşamır! Bu səhiyyə müəssisəsinin əsaslı təmirdən çıxan inzibati və xidməti binaları olmasına baxmayaraq, buradakı çatışmazlıqlar həllini tapmır ki, tapmır -- hara baxsan, insan sağlamlığının əksi olan mühit, problem və nöqsan görürsən.
Buranı bazara çevirənlər, sözün əsl mənasında, imkansızları azara salıblar. Müxtəlif mənbələr tərəfindən redaksiyamıza təqdim olunan məlumatlar isə, fərqli xarakterli olsa da, mahiyyət etibarı ilə, onların əksəriyyəti rayonun səhiyyə sistemində yer almış rüşvətxorluq və korrupsiya hallarına dəlalət edir. Verilən məlumatlarda xüsusi vurğulanır ki, Masallının səhiyyə sistemi olduqca bərbad vəziyyətdədir. Belə acınacaqlı durumun yaranmasını isə, şikayətçilər, birbaşa, bu vəzifə sahibinin yarıtmaz fəaliyyəti ilə bağlayırlar. Bir şikayətçinin ərizəsində göstərdiyi kimi, bu cənub bölgəsində sağlamlıq düşməninə çevrilən bu kreslo sahibi və ətrafındakılar pasiyentlərə “qan ağladırlar”: "Çoxdandır ki, buraya üz tutan xəstənin, məcburən bir neçə tibb müəssisəsinə göndərilməsi, hər bir xəstəxanada tibbi müayinədən keçdikdə, ona ayrı-ayrı diaqnozlar qoyulması adi hal alıb. Bu, əhali sağlamlığına vurulan ciddi zərbədir. Xüsusən, bölgələrdən paytaxta üz tutan xəstələrə daha çox səhv diaqnozların qoyulması, bu zərbəni daha da şiddətləndirir. Qoyulan səhv diaqnozlar ucbatından, xəstə hansı tibb ocağına inanacağını da bilmir.
Xəstəxana rəhbərlərinin, eləcə də tibbi heyətin pasiyentlərlə kobud davranış hallarının çoxalması, insanların sağlam yaşamalarına qarant duran ağ xalatlıların seçdikləri peşəyə sayğı göstərməmələri, şəxsi maraqlarını bu şərəfli peşənin məsuliyyətindən öndə tutmaları əhalinin səhiyyədən narazılığını birə beş qat artırır. Hazırda rayon səhiyyəsində bu cür fəaliyyət göstərənlər çoxdur və onlar cəmiyyətimiz üçün təhlükəyə çevrilmək üzrədir. Masallı kimi önəmli bir cənub bölgəsinin səhiyyə sisteminin neqativ hallar məngənəsində çabalamasının daha pis sonluğu olacaq.
EBFC706E 46B4 445A AE83 BE5EF4A69E29

Təbii ki, rayon səhiyyəsini bəlaya sürükləyib, sakinləri azara salanların bu cür işləməsinə rəvac verən də, elə, onun rəhbəri Cəlil Nəzərovdur. Etdiyi qanunsuz əməlləri barədə ölkə mətbuatında da, müxtəlif səpgili saysız-hesabsız geniş yazılar dərc olunub. Cəlil Nəzərov adına sosial mediada rast gəlməyən tapılmaz.
Rayon camaatının dediyi kimi, bu şəxs, bölgə üçün daha önəmli olan bu vəzifələri ələ keçirəndən, məqsədi yalnız rayon səhiyyəsini iflic etməyə, əhali sağlamlığına zərbəyə yönəlib".
Digər bir şikayətçinin redaksiyamız qarışıq, ölkə rəhbərliyinə və digər əlaqədar dövlət qurumlarına ünvanlandığı məktubunda isə göstərilir ki, Cəlil Nəzərov baş həkimi olduğu rayon Mərkəzi Xəstəxanası ilə bərabər, onun nəzdində fəaliyyət göstərən Ağciyər Xəstlikləri Xəstəxanasını, Boradigah və Kalinovka yaşayış məntəqələrindəki 2 kənd sahə xəstəxanasını, 30 kənd həkim və 28 tibb məntəqəsini... bazara çevirməsinə baxmayaraq, hələ də cəzasız qalmaqdadır. Şikayətçi bu xəstəxanada üzləşdiyi qanunsuzluqları xüsusi qeyd edib: "Ölkə əlillərinin xidmətində olan Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK-lərin) müəyyən əsas səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən alınıb, Səhiyyə Nazirliyinə verildikdən sonra, faktiki olaraq, rayon səhiyyəsinə də rəhbərlik edən Cəlil Nəzərov hegemonluğu Masallıda getdikcə artmağa başlayıb. Öz başıma gətirilənlər, deyilənlərin bariz nümunəsidir!
Doğrudan da, min nəfərə yaxın tibbi heyətlə rayon əhalisinə xidmət əsas vəzifəsi olan bu tibb ocağının hazırki iş prinsipi və buradakı mövcud durum heç kəsin ürəyincə deyil. Baş həkimdən tutmuş, həkimlərin, eləcə də orta və kiçik tibb işçilərinin, bu xəstəxanaya pulsuz üz tutan xəstələrlə davranışda kobudluğa yol vermələri qanqaraldıcıdır: Belələrinin hər addımda acılanması, artıq, pasiyentlərin “canlarını boğazlarına yığıb”. Xəstələr, həm də, ona görə narazıdırlar ki, dövlətin Masallı səhiyyəsinə ayırdığı bütün vəsaitləri təyinatı üzrə xərcləməyən baş həkim, bunun əvəzini, faktiki olaraq, işçilərinin əliylə onlardan çıxır. Onun tələbinə uyğun hərəkət edən həkimlər, xəstələri açıq-aşkar soymasalar, heç işə başlamırlar da.
Xəstəxana, keyfiyyətli tibbi xidmət göstərilməsi üçün, bütün avadanlıqlarla, tibbi preparatlarla tam təmin olunub. Belə ki, KT, müasir rentgen, flüoroqrafiya, USM müayinə, exokardioqrafiya, hemodializ və ən müasir süni tənəffüs aparatları, cərrahiyyə stolları, yenidoğulmuşların reanimasiya otağında müasir tibbi avadanlıqlar, stomatoloji avadanlıqlar, elektrik sorucular, travmatoloji xəstələrin müayinə və müalicəsi üçün hərəkətli rentgen aparatı və s. tibbi avadanlıqlar xəstələrə yüksək səviyyədə tibbi yardım göstərməyə imkan verir. Lakin 10 korpusdan ibarət bu tibb ocağındakı uşaq və yoluxucu xəstəliklər, təcili yardım məntəqəsi, təsərrüfat və mətbəx korpuslarında, habelə Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Masallı rayon şöbəsinin və Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım Stansiyasının Masallı Regional Məntəqəsinin korpuslarında yüksək xidmətə qəsdən imkan verilmir. Bir sözlə, xəstəxanada, hələ də sonu işıqlı müayinə və müalicədən əsər-əlamət yoxdur. Uzun və üzücü təmirdən sonra, təmtəraqlı açılışı olan bu tibb ocağında xəstə əlindən tərpənmək mümkün olmasa da, tibbi personalın göstərdiyi xidmət heç bir işə yaramır. Edilən yararsız müayinə və müalicələr səbəbindən, bura böyük ümidlərlə üz tutan xəstələrə ümidli sağlamlıq sevinci bəxş edilmir. Ümidsizlərin etdikləri şikayətlər isə, əvvəllər olduğu kimi, yenə cavabsız qalır".
Şikayətçilərin dediklərinə görə, Cəlil Nəzərov aldığı rüşvətlərlə, etdiyi korrupsiya əməlləri ilə, o qədər varlanıb ki, artıq heç kəsi saymır, gerçəyi belə görmək istəmir. Elə, bu səbəbdən, bu kreslo sahibinin özbaşınalığından cana doyanların sayı durmadan artır.
Əvvəllər olduğu kimi, Mərkəzi Xəstəxana nəzdindəki qəsəbə və kənd sahə xəstəxanaları, ilkin tibbi yardım məntəqələri,.. baş həkimin ağlasığmaz haqq tələbi ucbatından, hələ də özlərinə gələ bilmirlər: "Əslində, daha çox uçuq-sökük daxmaya bənzəyən bu tibb məntəqələrinin özlərinə yardım lazımdır. Di gəl ki, bu yararsız kənd sahə xəstəxanalarının və tibb məntəqələrinin hesabına, Cəlil Nəzərovun hər il yüz minlərlə manat dövlət vəsaitini saxta yollarla hesabdan silərək, mənimsədiyi üzə çıxır.
“Nə qazanırıq, nə verək?!” - deyə, bu qanunsuzluqlara etiraz edən həkim və tibb işçiləri isə, sonda baş həkimin qəzəbinə tuş gəlir, işdən çıxarılacaqları ilə hədələnirlər. Cəlil Nəzərov, hətta onun iş prinsipinə etiraz edənlərə qarşı, təhqiramiz ifadələr işlətməkdən də çəkinmir. Onsuz da, baş həkimin sərtrəftar insan olduğunu hamı bilir. Acıladığı həkim və tibb işçiləri, işlərini itirmək qorxusundan, onun xoşagəlməz hərəkətlərinə göz yummağa məcburdurlar. Yaxşı bilirlər ki, onun arxasında duran var. Belə olmasaydı, ona haqqı başa salmaq bu qədər çətin olmazdı.
Masallı rayon Mərkəzi Xəstəxanası qarışıq, onun tabeçiliyindəki obyektlərə tez-tez baş çəkən müvafiq dövlət qurumlarının və Səhiyyə Nazirliyinin məsul işçiləri, buralardakı olduqca acınacaqlı vəziyyətin şahidi olduqdan sonra, heç olmasa, yaxşılığa doğru hansısa bir qərar qəbul edərdilər: Amma, nə faydası, sanki qorxudan ürəkbulandıran hər şeyin yanından gözüyumulu keçiblər. Hətta, onlar, Cəlil Nəzərovun fəaliyyəti ilə bağlı edilən şikayət xarakterli vətəndaş müraciətlərinin, məktub və ərizələrin Səhiyyə Nazirliyinin qapısından içəri keçməsinə imkan verməyiblər. Bir sözlə, indiyədək Cəlil Nəzərovu əyri yolda dayandıran tapılmayıb".
Rüşvətin hökmran olduğu kritik durumlu bu tibbi məkanda baş verən qanunsuzluqlar barədə yazanlar onu da bildirirlər ki, əvvəllər olduğu kimi, indinin özündə də, 240 çarpayılıq bu xəstəxananın cərrahiyyə, terapiya, doğum, mama-ginekoloji, uşaq, yoluxucu xəstəliklər... şöbələrində çalışan heç bir həkim və tibb işçisindən razı kimsə tapılmaz. Adi tibb bacısı, tibbi işçisi, feldşer, laborant və rentgen-laborantlardan da, pasiyentlər razılıq etmirlər. Bu səbəbdən ki, onlar da xəstələrdən nəsə qoparmaq, şöbə rəhbərlərinə “kömək əli uzatmaq” istəyirlər. Çünki baş həkim hər gün bütün şöbələrdən ağlasığmaz haqlar tələb edir.
İnanılmış mənbələrimizin verdikləri məlumatlardakı konkret faktlar da, şikayətçi məktublarında göstərilənlərin təsdiqidir. Onlar da göstərirlər ki, xəstəxananın bütün şöbələrindəki mövcud durum, əvvəllər olduğu kimi, yenə də, olduqca acınacaqlıdır: "Rüşvətin məkan saldığı və hökmranlıq etdiyi bu böyük tibb müəssisəsindəki şəraitin hərtərəfli pis olması və ağır haqq tələbləri pasiyentləri həmişə narahat edib. Bu biabırçılıqdan bezənlərin, sonda yuxarı orqanlara etdikləri çoxsaylı şikayətli müraciətlərinin də bir faydası olmur. Çoxu cavabsız qalır. Bir-ikisinə başdansovdu cavablar verilir.
Cəlil Nəzərov isə, haqqında yuxarılara yazılanlar çoxaldıqca, sanki daha çox pul qoparmaq üçün, "coşub, çağlayır". Belə davam etdikcə, yerli sakinlər paytaxta, ətraf rayonlara üz tutur, ikiqat əziyyət çəkməli olurlar. Onlara rahatlıq verən, bir o olur ki, Cəlil Nəzərovun 10 günlük müalicə üçün tələb etdiyi rüşvətlə, başqa xəstəxanada onlar 6 ay müalicə ala bilirlər.
Bir sözlə, Cəlil Nəzərovun qəti tələbi, xəstəxananın bütün şöbələrini yalnız pul qoparmağa kökləyib. Məsələn, doğum şöbəsindəki yüksək pul tələbi insanda, sözün həqiqi mənasında, baş ağrısı yaradır. Ginekologiya şöbəsində aparılan qanunsuz abortlar nəticəsində isə, həkimlər pul qazanıb, baş həkimin qəzəbindən birtəhər qurtara bilirlər. Onlar bunu etməyə məcburdurlar. Sözsüz ki, müəyyən edilmiş pulu ala bilməyən həkim, baş həkimin gözündən düşür -- yığılan haram pulların çox hissəsi onun cibinə getdiyindən.
Qeyd etdiyimiz kimi, baş həkim, doğum şöbəsində doğuş üçün də, konkret qiymətlər müəyyənləşdirib. Ana olmaq istəyən pasiyentin yaxınlarından həmin pul alınmasa, ağrı içində olan xanım içəri buraxılmır. Heç bir problemi olmayan anaları, baş həkimin tələbi ilə, burada qeysəriyyə əməliyyatı edirlər. Bir sözlə, Cəlil Nəzərov təbii doğuşdan olduqca bahalı qeysəriyyə əməliyyatından daha çox pul qazanıb, daha da varlanmaq istəyir. Etiraz edənə birbaşa və çəkinmədən: "Pulun yoxdur, doğma!" - deyir. Dəhşət ondadır ki, uşağı dünyaya gələnlər, bu şəxsin tələblərini özlərinə ağır dərd edirlər. Hər doğuşa görə tələb olunan rüşvət, dünyaya gəlmiş uşaqlarının yerinə, valideynlərin hıçqırıqla göz yaşı tökməsinə səbəb olur. Halbuki, ata və ana olanlar, dünyaya gələn övlad sevincini daha çox yaşamalıdırlar. Lakin, Cəlil Nəzərovun vicdan çərçivəsinə sığmayan istəkləri, onları bu sevincdən məhrum edir.
Masallıda bu şərtlərin ağırlığı insanları xəstəxanaya üz tutmaqdan yayındırır, onları keçmiş qaydalara əl atmağa məcbur edir. Bu da, illərdir ki, uşaqların sağlam dünyaya gəlməsində, anaların sağlamlığı qarşısında çözülməz bir problemə çevrilir.
Onu da qeyd etməyi vacib bilirik ki, baş həkim daha çox pul yığmaq üçün, diş həkimlərindən və diş texniklərindən həmişə ağlagəlməz tələblər edib. Onlar da, baş həkimə yüksək məbləğdə haqq verməyə məcbur və məhkumdurlar.
Yazının əvvəlindəki bir epizoda haşiyə olaraq, onu da bildiririk ki, ünsiyyətdə olduğumuz pasiyentlərin ürəkağrısı ilə dediklərinə görə, Masallıdakı TSEK-in əsas səlahiyyətlərinin rayon Mərkəzi Xəstəxanasına verilməsi, əsl əlil olan sakinlərin “günlərini göy əskiyə büküb”. Sənəd dalınca xəstəxanaya üz tutan əlillərin başlarına, sözün əsil mənasında, oyun açılır. Dövlət, hökümət tərəfindən müəyyən olunmuş təqaüd və yardımları almağa haqqı çatanlar, baş həkimin əlaltıları tərəfindən get-gələ salınırlar. Get-gəldən bezib, “canları boğazlarına yığılanlar”, sonda rüşvət verməyə məcbur olurlar.
Ümumiyyətlə, haqqı çatmadan qanunsuz təqaüd və yardım alanların sayı, bu bölgədə çoxluq təşkil edir; Cavanı qocaltmaq, sağlama xəstə, əlil “donu geydirmək” üçün, əlin cibə girməsi kifayətdir. Ta ki, baş həkimin stolu üstünə 2000-dən 5000 manatadək “şirinlik” qoya biləsən.
Masallı rayon Mərkəzi Xəstəxanasında sağlamlıq haqqında arayışların Cəlil Nəzərovdan icazəsiz almaq mümkün olmadığını öncədən bildirmişdik. Doğrudan da, baş həkim arayışa görə 30 manat rüşvət alır və tələb etdiyi pulu verməyənlər sağlamlıq arayışından məhrum edilir. Masallı xəstəxanasını özünün şəxsi mülkü sayan Cəlil Nəzərov, 1-ci qrup əlillərə belə, tələb etdiyi rüşvəti almadan, sağlamlıq haqqında arayış vermir. Baş həkimin istəklərini yerinə yetirməyənlər, yuxarılara şikayət edəcəkləri barədə xəbərdarlıq edəndə, qəti cavabla üzləşirlər: "Ístəyirsən, get, prezidentə şikayət elə, mən toxunulmazam”. Yeri gəlmişkən, onu da qeyd edək ki, qaydalara görə, sağlamlıq haqqında arayışı Mərkəzi Xəstəxananın tabeçiliyində olan poliklinika verməlidir. Lakin, Masallıda bu qaydalar dəyişib və baş həkimin haqqı çatmadan, poliklinika heç bir arayış verə bilməz. Bununla yanaşı, poliklinikada xəstələrin müayinəsi üçün, göndərişlər də, baş həkimin nəzarəti və tələbləri ilə həyata keçirilir. Bu tələblərə görə, xəstə Cəlil Nəzərova 20 manat rüşvət verəndən sonra, göndəriş ala bilər. Digər arayışlar, eləcə də, tibbi formalar baş həkimin təyin etdiyi rüşvət cədvəlinə uyğun olaraq verilir. Pulu olmayan xəstə isə, "Nəzərovun qaydaları"nı pozduğu üçün, sənədsiz və müalicəsiz qalır.
Təəssüf doğuran faktlardan biri də, odur ki, baş həkim Masallının sağlam gənclərini də "dəli” və "xəstə" edir -- yüzlərlə sağlam gəncdən aldığı böyük rüşvət hesabına, qurama və saxta sənədlərlə onları həqiqi hərbi xidmətdən yayındırır. Rayon gənclərinin daha çox bu yola əl atmalarının əsas səbəbkarı kimi, hamı Cəlil Nəzərovun adını çəkir, onu günahlandırırlar. Deyirlər ki, baş həkim onlardan daha çox pul qoparmaq üçün, vətəndaşlıq çərçivəsinə sığmayan səviyyəsiz söhbətlər etməkdən belə çəkinmir. Belə qanunsuz əməllərin rayonda, daha da intensivləşməsi isə, yuxarılarda heç kimi narahat etmir.
Onu da qeyd etmək vacibdir ki, təkcə hərbi xidmətə yaşı çatmış gənclər kreslo sahibinin "analoqsuz xidmətindən yararlanmırlar". Hazırda bir çox rayon sakini, baş həkimin "səyi” nəticəsində, "1-ci və 2-ci qrup əlillərə" çevriliblər. Dövlətə bu yolla külli miqdarda ziyan vuraraq, havayı pullar qazanan baş həkimin özü isə, gerçəkdən, bir möcüzəyə çevrilib: Rayon səhiyyəsinin rəhbəri və baş həkim vəzifələrində etmədiyi qanunsuzluq qalmasa da, xətrinə dəyən olmayıb - bu, möcüzə deyil, bəs, nədir?!". Rayon sakinlərinə sevinc və ümid dolu yaxşı nəsə vəd etməyən bu şəbəkəyə neçə ki, Cəlil Nəzərov kimi bir insan rəhbərlik edəcək, buradakı xoşagəlməz durum düzələn deyil. Bu, camaatın həyacan və təəssüf dolu dedikləri sözlərdir".
Cəlil Nəzərovun dərman və ərzaq spekulyasiyaları yerli sakinlərdən və etibarlı mənbələrdən aldığımız şikayət məktublarında və məlumatlarda xüsusi qeyd edilir. Bildirilir ki, rayon səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biri kimi, ilk növbədə, tibb müəssisələrinə dərmanların alınması zamanı yol verilən maxinasiyaları göstərmək lazımdır: "Məhz bu əməliyyatlar zamanı çeşidli maxinasiyalara daha çox yol verilir, qaimə sənədlərində şişirdilmiş qiymətlər göstərilir. Apteklərdə bir qiymətə satılan dərman preparatları, xəstəxana üçün alınan zaman, müvafiq sənədlərdə onların qiymətləri iki-üç, bəzən üç-dörd dəfə artıq göstərilir. Bütün bunlar azmış kimi, rayonun tibb müəssisələrində, Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təmin olunmalarına dair verdiyi təlimatlar da, kobud şəkildə pozulur. Xəstəxana rəhbərliyi, hətta, qeydiyyatdakı güzəştli kateqoriyadan olan xəstələrə pulsuz dərmanların verilməsinə də qadağalar qoyur, onların digər tibbi yardımlarına göz dikir. O, hətta satışı qadağan dərmanları xəstəxananın iki addımlığında tikdirdiyi şəxsi aptekində satdırmaqdan belə çəkinmir.
Onu da qeyd edək ki, bir vaxtlar Cəlilabad və Lənkəranda müalicə alan 50 nəfərdən çox masallılı dialezli xəstənin başlarına oyun açmağa da, Cəlil Nəzərovun vicdanı yol verib. Belə xəstələr, məcburiyyətdən, həmin dərmanları pulla alırlar. Burada vaksin, kontraseptiv və antibiotiklərin qıtlığı da müşahidə olunur. Malyariya kimi epidemiyalar sürətlə yayılır, hətta elə olur ki, bölgə sanitar fəlakətə sürüklənir. Dərman, ərzaq və digər təhcizatların alınması üçün, rayon səhiyyə şəbəkəsinin pul vəsaitinin tükəndiyi də tez-tez üzə çıxır. Vərəmdən, digər yoluxucu xəstəliklərdən əziyyət çəkən əsl xəstələr isə, qalıblar bir kənarda. Bir sözlə, dərman və ərzaqla bağlı buradakı yeyinti halları haqqında danışmaq ürək ağrıdır. Cəlil Nəzərov isə, qanunsuz yollarla topladığı pullarla, -- yerli camaatın dediyinə görə, -- oğlunun bu yaxınlarda qumarda uduzduğu bir milyonu bağlamaq üçün çalışır".
Etibarlı mənbələrin və şikayətçilərin iddialarına görə, "daşdan yun qırxmaqla" böyük pullar qazanmağı bacaran baş həkimin "biznesi" getdikcə daha da "çiçəklənir". Masallı rayon səhiyyə şəbəkəsindəki tibb ocaqlarında primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə, pasiyentlərdən yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar qazanılan böyük məbləğlərin əsas mənbəyidir: "Cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi faktlar burada daim müşahidə olunub. İnfeksion xəstəliklərin profilaktikası məsələsində isə, burada, ümumiyyətlə, tam fəaliyyətsizliyə şahidlik edilib. Çünki bu istiqamətdə ayırılan pullar da, tamamilə baş həkim tərəfindən mənimsənilib. O, etdiyi bütün maxinasiya və mənimsəmələrdən doymayaraq, xəstəxanada çalışan bütün tibbi və texniki personaldan da aylıq haqq alır. Və hamı bilir ki, bu ödənişdən imtina edənlər nəinki Masallı rayon Mərkəzi Xəstəxanasında, heç rayonun səhiyyə sistemində belə çalışa bilməzlər.
Cəlil Nəzərovun rayon səhiyyə sisteminə, tələb olunandan xeyli artıq sayda sanitar-xadimələr "işə" götürdüyü də iddia olunur. Söylənilir kı, onların hər birinə 150 -- 200 manat məbləğində “aylıq maaş” yazılır. Bu pulların yarısı, qarşılıqlı razılıq əsasında, baş həkim tərəfindən mənimsənilir. Digər tərəfdən, Mərkəzi Xəstəxanada, xeyli sayda “ölü canların” saxlanıldığı deyilir; Yəni, saxta “xəstəlik tarixləri” açılır, "ölü canlar" üçün ayırılmış ərzaq və dərmanların pulları da mənimsənilir. Bir sözlə, Masallıda "Mərkəzi Xəstəxana" adlı bazar açan bu şəxsin özbaşınalığından cana doyanların sayı-hesabı da yoxdur. Baş hakimin saxtakarlıqlar nəticəsində əldə etdiyi külli miqdarda bu pulları yaratdığı çoxşaxəli biznes şəbəkəsinin inkişafına yönəltməsi də heç kəsə sirr deyil.
Hazırda Cəlil Nəzərovun çoxşaxəli biznes şəbəkəsi özünün çiçəklənmə dövrünü yaşayır, getdikcə şaxələnərək, günü-gündən böyüyür. Bu şəbəkəyə əkin-biçin sahələri, bağ-baxça, ferma... qarışıq, restoran, kafe, öz kəndində fəaliyyət göstərən “Qamo” istirahət mərkəzi, aptek, özəl klinika... daxildir. Cəlil Nəzərovun tikintisi yenicə başa çatan özəl klinikası, rayon Mərkəzi Xəstəxanasının iki addımlığında yerləşdiyindən, o, bir çox əməkdaşlara deyib ki, onları orada müxtəlif işlərə cəlb edəcək. Bu yolla onların əməklərini istismar etməyi də planlaşdırıb. Buna etiraz edənlər isə, "vay halları" ilə hədələnir...".
Mənbəmiz onu da bildirir ki, Masallı camaatı belə bir arzuolunmaz vəzifəlinin Mübariz Mənsimov kimi xeyirxah bir insanın adını hallandırmasını heç cür qəbul etmək istəmirlər. Bu, onların narahatçılıq doğuran fikirlərindən də aydın sezilir. Və bu mövzuda söhbətlər zamanı, onlar, onu da deyirlər ki, baş həkim, onun iyrənc iş prinsiplərinə etiraz edənləri, özünün sərt cavabları ilə çaşdırır: "Mətbuatda bu şəxsi toxunulmaz edən bir fakta daha çox önəm verilir. Çoxları, baş həkimin yuxarılara Mübariz Mənsimov tərəfindən tapşırıldığını iddia edir. Cəlil Nəzərovun özü də, ölkədə xeyirxah işləri ilə hörmət qazanmış “Palmalı” Şirkətlər Qrupunun rəhbəri Mubariz Mənsimov kimi insanın adından sui-istifadəni çoxdan əlində silah kimi tutub. Onun adına ləkə gətirməkdən, bu adla hamını hədələməkdən belə çəkinmir.
Əlbəttə, bu milyarderin ölkəmiz və insanlarımız üçün etdiyi yaxşılıqlar danılmaz faktdır, haqqında ancaq xoş sözlər demək olar. Mübariz Mənsimovun ölkəmizdə, ələlxüsus cənub bölgəsində böyük nüfuza və hörmətə sahib olduğunu hamı bidiyindən, Cəlil Nəzərovun bu xeyirxah insanın adını, öz qanunsuz əməlləri ilə yanaşı hallandırması qəbulolunmazdır. Rayon səhiyyəsində xoşagəlməz fəaliyyəti ilə hamını narazı salan belə bir insanın: "Mənim arxamda prezidentdən də güclü adam dayanır! Mübariz Mənsimov mənim ən yaxın dostumdur!” - deməsi isə, yolverilməzdir. Ölçüb-biçmədən işlətdiyi belə çaşdırıcı ifadələri, haqlı olaraq, narazılıqlar formalaşdırır. Baş həkim isə, öz çirkin niyyətindən əl çəkmir ki, çəkmir. Hətta bəzi media orqanlarında Mübariz Mənsimovun yaxını kimi çıxışlar edərək, iş adamının müdafiəçisi cildinə girir. Məntiqə sığmayan bu hərəkətlərlə böyük biznes sahibinin yanında özünə nüfuz qazanmağa çalışan Cəlil Nəzərov, əslində, mehriban düşmən rolu oynayır. Ümid edirik ki, Mübariz Mənsimov bu şəxsin xoş olmayan niyyətini tezliklə başa düşüb, onun çirkin oyununa son qoyacaq.
Cənub bölgəsində Mübariz Mənsimov hörmətinə xələl gətirən bu şəxs, bağışlanmaz əməlləriylə, müqəddəs qanunlarımız qarışıq, milli dəyərlərimizə qarşı da qatı düşmənçilik etdiyini bir daha ortaya qoyur. Onun qanundan, milli dəyərlər ölçüsündən qorxmaması, daha ciddi problemlərin yaranmasına şərait yaradır..."
...Şikayətçilər demişkən, Cəlil Nəzərov, Masallı səhiyyə sistemi “pərdəsinə bürünərək”, etmədiyi qanunsuzluq qoymayıb. Milyoner baş həkimin dövlətin pullarını necə mənimsədiyi göz qabağındadır. Mənimsədiyi vəsaitlər və yığdığı rüşvət hesabına varlanan bu şəxsin adının, cənub bölgəsinin imkanlı şəxsləri sırasında öndə olması, yuxarılarda belə hamıya məlumdur. Onlar, onu da yaxşı bilirlər ki, qazandıqları Cəlil Nəzərovun ğözünü elə örtüb ki, qanunlarımızı ayaq altına alıb, tapdalamaqdan çəkinmir -- ağlına gələn saxtakarlığa belə əl qoyur.
Onun qanunsuz əməllərinə ölkə mediasında geniş yer verilməsinə, bu yazılarda onun mənimsəmələrinin danılmaz faktlar olaraq ortaya qoyulmasına yuxarı orqanların biganə münasibətləri heç cür başa düşülən deyil. Axı, günahkarın cəzalandırılmaması artıq növbəti qanunsuzluq kimi yaddaşlara həkk olunub, onu bölgədə vəzifə sahibinə çevirənlər isə, insanların nifrətini qazanmaqla yanaşı, əsl cəzasızlıq mühiti formalaşdırıblar!
araz.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz